Ağlasığmaz iddia: Boston terroru Obamanı devirmək üçün törədilib
Ağlasığmaz iddia: Boston terroru Obamanı devirmək üçün törədilib

Xəbər verdiyimiz kimi, srağagün Bostonda keçirilən marafon zamanı partlayış törədilib. Yerli vaxtla saat 14.50-də ənənəvi illik Boston marafonunun yekun mərhələsində - iştirakçıların çoxunun finiş xəttini keçməsindən sonra 20 saniyə fasilə ilə iki partlayış baş verib.

ABŞ hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. Hələlik hadisəyə görə, heç bir təşkilat məsuliyyəti üzərinə götürməyib. Son məlumatlara görə, partlayışlar nəticəsində 3 nəfər ölüb, 140-dən çoxu isə yaralanıb. Bostondakı partlayışlar son 11,5 il ərzində ABŞ ərazisində ilk irimiqyaslı terror aktı hesab olunur.
Partlayışdan üç saat sonra prezident Barak Obama Ağ Evdə jurnalistlərin qarşısına çıxaraq açıq etiraf edib: "Kimin və niyə etdiyini bilmirik. Kimsə əlində fakt olmadan hansısa nəticəyə gəlməsin".
Maraqlıdır ki, ölkənin təhlükəsizlik səlahiyyətliləri terror versiyası üzərində dayansalar da, B.Obama "terror" ifadəsini işlətməyib. Təbii ki, bu açıqlama insanların hansısa ehtimallar irəli sürməsinə maneə ola bilməzdi.
Artıq bu açıqlamaya qədər hər kəsin Boston bombalarının kim tərəfindən qoyuldiğuna dair bir fikri var idi.
Amerikalı təhlükəsizlik səlahiyyətlilərini ən çox düşündürən sual hücumun nəyi hədəflədiyi və hansı mesaj vermək üçün təşkil edildiyidir. Medianın səsləndirdiyi ehtimallar da mararqlı görünə bilər: 15 aprel tarixi ölkədə vergi bəyannamələrin doldurulması üçün son gündür və bu il keçmiş prezident Con Kennedinin öldürülməsinin 50-çi ildönümüdür. Bəziləri terror aktının vergiləri etiraz etmək, bəziləri də Kennedi üzərindən Obamaya mesaj vermək üçün törədildiyini iddia edir.

Boston nəzəriyyələri

ABŞ ictimaiyyətinin təxminən üçdə ikisi Boston hadisəsinin arxasında müsəlmanların olduğu fikrinə inanır.
İslamafobiklər: Yuxarıda da qeyd etdik ki, hadisənin məhz müsəlmanlar tərəfindən törədildiyinə inananlar üstünlük təşkil edir. Hadisənin üzərindən iki saat keçməmiş bir müsəlman tapdılar. Adı yox, şəkli yox, hadisə şahidi yox. "Tapılan" müsəlmanın da Səudiyyə Ərəbistanı vətəndaşı olduğunu bildirdilər. Yenə də siyasi fəal, şərhçi Pamella Geller dövrəyə idi. O isə istədiyi hadisədən bir cihad, hər baxışdan bir cihadçı çıxara bilən, dünyanın nadir islamofobikidir. "Gördünüzmü, "New York Post" yazdı, işin içində bir səudiyyəli var", - deyir və "cihadçılar, cihadçılar", - qışqırırdı.
Vergi günü: 15 Aprel ABŞ-da hər kəsin əvvəlki ilə aid vergi borcunu ödəmək məcburiyyətində olduğu son gündür. Hadisəyə görə, yüksək vergilərə etiraz edən Çay Partiyasına barmaq uzadanlar da var.
Digər: Hadisəni silah saxlamaq haqqında qanunla bağlayanlar da var. "Vaşinqton Post"un bloqçusu Cennifer Rubin isə hadisəni abort əleyhinə kampaniya ilə əlaqələndirir. Səslənən iddialardan biri də partlayışların hökumət tərəfindən təşkil edilməsidir.
Təbii ki, amerikalıların ehtimalları ilə xarici dünyanın ehtimalları üst-üstə düşmür. ABŞ-da ağla gələn ilk iddia "Əl-Qaidə" və onun kimi radikal islamçı terror təşkilatları ilə bağlı olsa da ABŞ-dan kənarda hadisənin Vaşinton tərəfindən törədilməsidir. "ABŞ bir yerlərə hücum etmək üçün dərin dövlətinin hərəkətə gətirib", - iddiaları da səslənir.

Dərin dövlətmi?

ABŞ mətbuatında da təmkinli bir yanaşma var. "FOX News" və "New York Post" kimi spekulyasiya xarakterli xəbərləri ilə tanınan media orqanları istisna olmaqla, hər hansı bir rəsmi şərh olmadan ehtimallar irəli sürməkdən uzaq dayanırlar.
Hadisə ilə əlaqədar yanlış məlumatları ən çox verən "New York Post" srağagün axşam bir Səudiyyə Ərəbistanı vətəndaşının nəzarətə alındığını bildirdi. Ancaq daha sonradan həmin şəxsin partlayışda yaralandığı və polisin ona məlumat toplamaq müraciət etdiyi ortaya çıxdı.
Hücumun arxasında "Əl-Qaidə"nin izlərinin olması ehtimalı da ciddi dəstəklənmir. ABŞ-lı səlahiyyətlilərdən gələn həm rəsmi, həm də qeyri-resmi şərhlər hələlik bu versiyanı tamamilə ortadan qaldırmasa da şərhlər "Əl-Qaidə" versiyasının bir qədər arxa plana itələndiyini göstərir. "Hadisə ABŞ-ın dərin dövləti tərəfindən törədilib", - iddiaları da o qədər ağlabatab deyil. Çünki, hazırda ABŞ Yaxın Şərqə hücum edəcək vəziyyətdə deyil. ABŞ həm İraqdan, həm də Əfqanıstandan çəkilib və "dünya jandarmlığının çox da özünə görə" olmadığı siqnallarını verib. Bundan başqa isə büdcə kəsirinin böyük olduğu bir dövrdə ABŞ-ın yeni bir müharibə üçün xərcləyəcək pulu da yoxdur. Ancaq ən önəmlisi odur ki, indiki dövrdə ABŞ-ın əslində bəhanəyə ehtiyacı yoxdur.
Bütün dünyanın Suriyaya müdaxilə variantını müzakirə etdiyi bir vaxtda ABŞ-da təşkil edilən bir partlayışın Vaşinqtona bəhanə verdiyini düşünmək yersizdir. Yəni, Vaşinqton istəsə Suriyadakı vəziyyəti bəhanə edərək bölgəyə bu gün belə müdaxilə edə bilər.

Daxili terror

Bütün bu təhlillərdən sonra ABŞ mətbuatında başqa bir ehtimalın da ağırlıq təşkil etməyə başladığını görürük: Daxili terror. Yəni, 1995-ci ildə Oklahomada olduğu kimi bir ABŞ vətəndaşının təşkil etdiyi terror hücumu ola bilər. ABŞ-da silah daşımağın məhdudlaşdırılması ilə əlaqədar qanuni tənzimləmə üzərindəki işlər davam edir. Xüsusilə mühafizəkar təbəqə bu tənzimləməyə qəti şəkildə qarşı çıxır. Bu təbəqənin ən əhəmiyyətli tezisi də ABŞ xalqının "təhdid və terror qarşısında özlərini müdafiə etmə haqqının" olmasıdır.
Srağagün, son dövrlər büdcə kəsiri üzündən artırılan və ciddi müzakirələr doğuran vergi bəyannamələrinin göndərilməsi üçün son gün idi. Vergi sistemi də ABŞ-da bir çox qrupların etiraz etdiyi bir mövzudur.
Son olaraq srağagün Vətənpərvərlər Həftəsinin başlandığı gün olduğunu da vurğulayaq. Çünki Oklahamada 1995-ci ildə törədilən və 100-dən çox adamın həyatını itirdiyi terror aktı da Vətənpərvərlər Həftəsində təşkil edilmişdi. 19 aprel isə bu hücumun 18-ci ildönümüdür.
Bütün bunlarla yanaşı hadisənin ölkədaxili bir terror təşkilatı tərəfindən həyata keçirildiyi istiqamətində də ciddi şübhələr var. Ancaq ən əhəmiyyətlisi, Vaşinqtonun kimə barmaq uzatmasıdır.
Ömər Əmirov