“Mən” yox, “biz” deməyi bacarmalıyıq”
“Mən” yox, “biz” deməyi bacarmalıyıq”

Mirələkbər Seyidov: “Azərbaycan dünyaya çox önəmli elmi və bəşər mədəniyyətinə xidmət edən şəxsiyyətlər bəxş edib”

Çağdaş Azərbaycan elminin durumu ilə bağlı suallarımızı “Aqra” Elmin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Mirələkbər Seyidov cavablandırır.

-Mirələkbər müəllim, başçılıq etdiyiniz İctimai Birliyin yaradılmasında əsas məqsəd nədir ?
-“Aqra” Elmin İnkişafına Dəstək İctimai Birliyi (“AqRa” EIDIB) Azərbaycanın hərtərəfli, çoxşaxəli tarixinin, etnoqrafiyasının, mədəniyyətinin,elminin dərindən və hərtərəfli öyrənilməsi, özümüzün bunları bilməsi və dünyaya çatdırılması məqsədi ilə yaradılmışdır.“Özümüzü tanıyaq, milli kimliyimzi dərk edək, dəyərlərimizi unutmayaq” bizim əsas məqsədimiz və düşüncəmizdir.Bunun həyata kecirilməsi üçün Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq!” ideyasını reallaşdırmaq məqsədi ilə “Aqra” EİDİB-nin prioritet saydığı “Elm elmdədir.Tədqiqat, araşdırma elmdədir. Nəticələr elmdədir. Bəşəriyyət elm əhatəsində, elmdədir” devizini əsas tutmağı düşünürük. Bunun üçün həm qədimdə, həm yaxın keçmişdə, həm də bu gün Azərbaycanın dünya elminə və mədəniyyətinə, iqtisadiyyatına verdiyi töhvələr öz yerini tutmalı, bu işi görən şəxslər tanıdılmalıdır.
Azərbaycan dilinin qorunması, dilçiliyin inkişaf etdirilməsi, yabancı sözlərdən təmizlənməsi, folklorumuzun dərindən öyrənilməsi, adət ənənələrimizin davam etdirilməsi, mətbəximizin tanıdılması və təbliği məqsədi ilə azyaşlılardan tutmuş ali məktəb tələbələrinədək, bütün yaş qruplarında olan insanlara çatdırılması yönündə işlər görülməsi planlaşdırılır.
Azərbaycanın təbiəti, coğrafiyası, flora və faunası barədə, milli bayramlarımız, milli oyunlarımız, önəmli günlərimiz, folklorumuz, adət ənənələrimiz və bunların mahiyyəti barədə də elmi mülahizələr irəli sürülməsi düşünülür.
Elm, mədəniyyət, arxitektura, idman və.s sahələrdə Azərbaycanın gənc fitri istedad sahiblərinin üzə çıxarılmasına yardımcı olmaq; elm sahəsində yeni kəşflər etmiş, bəşəriyyətə önəmli yeniliklər gətirmiş insanlara (dünyasını dəyişənlər də daxil olmaqla) dayaq olmaq; onların əldə etdiyi nailiyyətlərin təbliğinə çalışmaq və s. bu kimi məsələləri əhatə etməyə, işıqlandırmağa çalışacağıq.
Yuxarıda sadalanan bütün sahələrdə xüsusi seçilən, fitri istedad sahibi olan, milli dəyərlərimizə, dövlətçiliyimizə əvəzsiz töhfələr verən, elm, mədəniyyət, səhiyyə, idman və s. sahələrdə önəmli insanların gördüyü işləri dəyərləndirmək istiqamətində çalışanlar və bu sahədə xüsusi xidməti olanlar barədə materiallar toplayıb yazılar dərc etmək, onlar üçün müxtəlif dərəcəli fəxri fərmanlar, diplomlar, istisna hallarda maddi mükafatlar təsis etmək, ən çox fərqlənən şəxslərə (dünyasını dəyişənlər də daxil olmaqla) “AqRa” EİDİB-nin Fəxri Üzvü adını verməyi düşünürük.
-Sizcə, çağdaş elmimizin əsas problemləri hansılardır ?
-Elm vahiddir. Elmlərin bir-birinə bağlılığı mütləqdir. AMEA-sı və onun Prezidiumu elmin müxtəlif sahələri ilə məşğul olan qurumların işini koordinasiya edərək onları əlaqələndirməlidir. Bu fikri görkəmli alim, AMEA-nın muxbir üzvü mərhum Xudu Məmmədov da söyləmişdi.
XX-ci əsrin 70-ci illərində İngiltərədə kristolloqrafiya ilə əlaqəli uzun müddətli ezamiyyətdə olarkən Böyük Britaniya EA-nın təcrübəsi ilə tanış olduqdan sonra bu fikirlərlə çıxış etmişdi.Həmin fikirlər aktuallığını hələ də itirməyib. Başqa bir misal: 1992-cü ildən fəaliyyətdə olan “Təhsil” Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, Azərbaycan Texniki Universitetinin dosenti, mərhum İmdad Tağıyev ingilislərin fizika ilə əlaqəli araşdırmaları tarixini öyrənərək bu fikrə gəlmişdi ki, fizika elminin inkişafı üçün uzun onilliklər boyu çəkilən zəhmətin nəticəsi olaraq onların qazandıqları nəaliyyətlərin kökündə elm, elmi araşdırmaların məqsədyönlü aparılması durmuş, xalqın və elmi qurumların bu sahəyə göstərdiyi dəstək sonda dövlətin maraqlarına xidmət etmişdir.
Bu gün Azərbaycanda müxtəlif elm sahələrini əhatə edən biblioqrfaiya siyahıları yaradılmalıdır. Bir çox hallarda elmi qurumların bir-biriylə əlaqəsi olmadığından önəmli araşdırmalar diqqətdən yayınır.
-Layiqli alimlərimizi və onların elmi kəşflərini ölkədə və xaricdə nə dərəcədə təbliğ edə bilirik?
-Demək olar ki, təbliğ edə bilmirik. Yuxarıda qeyd etdiyimə misal olaraq: dünyasını dəyişmiş filologiya elmləri namizədləri Əbülfəz Hüseyni, Əjdər Fərzəli və başqalarının Gəmiqaya Qobustan mədəniyyəti və Nuh Dövrü, mühəndis konstruktor Fikrət Rzayevin dilçiliklə bağlı, memarlıq elmləri namizədi, NDU-nin memarlıq kafedrasının müdiri Qadir Əliyevin memarlıqda harmoniya ilə əlaqəli və s. önəmli mövzular və araşdırmaları diqqətdən kənarda qalmaq üzrədir. Azərbaycan dünyaya çox önəmli elmi və bəşər mədəniyyətinə xidmət edən şəxsiyyətlər bəxş edib. Ozümüzü tanımırıq, xalq isə şəxslərdən başlayır. Dünya bizi, yəni biz azərbaycanlıları və Azərbaycanı bizdən çox-çox yaxşı tanıyır. Biz isə “Tanıdıq, tanıdıq, dünyada hamını tanıdıq, təkcə özümüzü tanımadıq ki, tanımadıq”! Salvador Dalinin “Dünyanın xilası” əsərindəki qəhrəmanının Azərbaycana tuşlanmış barmağı da bunu sübut edir. Biz mərd azərilərik – həm a-zər-lərik – zər, işıq, nur daşıyıcılarıyıq həm də as-ərlərik. Hər şeyin də kökü işıqdır, hər bir varlıq özlüyündə işıq payıdır, işıq zərrəsidir.
Gəlin, özümüzü tanıyaq və çalışaq kimliyimizi, daha doğrusu, böyüklüyümüzü aydınlaşdıraq ki, biz Azərbaycanlılar bəşər mədəniyyətinə nə vermişik? Verdiklərimizin az da olsa əvəzini almışıqmı? Bundan sonra nə verə bilərik? Verdiklərimizdən özümüz də faydalanmağı düşünürükmü? Yoxsa, yenə töhfələrimiz əvvəlkilər kimi qarşılıqsız olacaq ? Bu fikirlərin cavabı önəmli şəxsiyyətlərimizi tanımaqdan keçir.
Əsas problemlərdən biri də tək elmi adi olan yox, elmi adı olmayan, təvazökar, lakin önəmli kəşflər etmiş və fikirlər söyləmiş şəxslərimizi tanımaqdan və onların da elmi araşdırmalarına sahib çıxmaqdan keçir. Bu anlamda Naxçıvan Dövlət Universitetinin və AMEA-nın Naxçıvan bölməsinin gördüyü işlər diqqət çəkməkdədir. Keçən ilin noyabr ayında NDU-də AMEA-nın Naxçıvan bölməsinin mütəxəssisləri ilə birgə F.Rzayevin “Söz” və “Söz konstruktorluğu” kitabları müzakirə olunaraq Ə.Fərzəlinin də Gəmiqaya Qobustan mədəniyyəti və Nuh Dövrünə aid araşdırmaları ilə bağlılığı təsdiq olundu. “AqRa” EİDİB-in təşəbbüsü ilə NDU-də akademik İsa Həbibbəylinin rəhbərliyi ilə keçirilən həmin müzakirəyə Azərbaycan pedaqoji universitetinin professoru, kitabların elmi redaktoru Buludxan Xəlilov, naşiri və texniki redaktoru, yazıçı publisist r-k Məhərrəm Zamanla birgə həm də NDU-dən riyaziyyatçı alim H.Kazımov və memar Q.Əliyev qatılaraq bütün elmlərin bir-biri ilə vəhdətdə-bağlılıqda olması fikirlərini irəli sürdülər.
Tarix elmləri doktoru BDU-nin professoru Bayram Allahverdiyev 28.12.2012 ci il tarixdə “Respublika” qəzetində “Kitabların izi ilə” adlı məqalə ilə çıxış edərək Azərbaycan tarixi və mədəniyyəti üçün önəmli olan Ə.Fərzəlinin Gəmiqaya Qobustan mədəniyyəti və Nuh Dövrünə aid üç kitabının, F.Rzayevin yuxarıda adı çəkilən iki kitabının, f.e.d. Qara Namazovun “C.Çörçvodun tarixi kəşfləri” kitabının, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” Zabit Babayevin “Ermənilər və Haylar. Erməni problemi” kitablarını önəmli saymış və respublikanın elmi ictimaiyyətinə müraciət edərək elmin müxtəlif sahələrində aparılan digər önəmli araşdırmaları tapıb, ortaya çıxarmaq təşəbbüsü ilə çıxış etmişdir. Biz də “AqRa” EİDİB olaraq bu fikirlərlə razıyıq.
-Elmdə plagiatçılıqdan çox danışılır. Buna münbit zəmin yaradan hansı amillərdir?
-Mən alim olmadığım üçün bu cür məsələlərlə rastlaşmamışam. Lakin hesab edirəm ki, məsələ hardansa köçürməkdə və ya istifadə olunmuş ədəbiyyatın siyahısının uzun-qisalığında yox, ortaya hansı elmi yeniliyin qoyulmağındadır. Bir də biganəlikdən uzaq durmaqla, “mən” yox, “biz” deməyi bacarmalıyıq.
-Gələcəyi necə görürsünüz?
-Elmimizin cavanlaşmasında və yeni elmi ideyaların ortaya qoyulmasında. Bu potensial Azərbaycanda mövcuddur və bu istiqamətdə işlərin aparılması göz qabağındadır. Bu mənada Respublikamızda son dövrlərdə görülən işlər, o cümlədən: “Ali Neft Məktəbi”nin, “İKT”Universitetinin yaradılması, Azərbaycanın ilk suni peykinin orbitə çıxarılması, Təhsil Nazirliyindəki son kadr dəyişikləri, bizi optimist olmağa və bu məsələlərə yardımçı olmağa dəvət edir.
Təsadüfi deyildir ki, Ümumilli liderimiz H. Əliyevin adın daşıyan Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının mükafatlandırdığı ilk şəxslər tariximizlə məşğul olub yeni tarixi faktları ortaya çıxaran alimlər oldu.
Hesab edirik ki, Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq !”ideyasının reallaşdırılması yollarından biri də elmdən keçir.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli