Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Andris Berzinş: “Marağımız o qədər yüksəkdir ki, biz xüsusi olaraq böyük təyyarəni sifariş etdik...”

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Latviya Respublikasının prezidenti Andris Berzinşin təkbətək görüşü olub.
Təkbətək görüş başa çatdıqdan sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Prezidenti İlham Əliyev bu səfərin çox yaxşı nəticələrinin olacağına və Latviya-Azərbaycan əlaqələri bundan sonra çox uğurla inkişaf edəcəyinə əmin olduğunu söyləyib: “Bizim aramızda çox yaxşı əməkdaşlıq var. Bu əməkdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir. Həm siyasi, həm də iqtisadi əlaqələrimiz inkişafdadır. Beynəlxalq təşkilatlarda da biz çox fəal əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Yəni iki ölkə arasında heç bir problem yoxdur, yalnız birgə səylərimizi gücləndirib daha da yaxşı əməkdaşlığa nail olmalıyıq. Əminəm ki, səfər zamanı aparılan danışıqlar və keçirilən fikir mübadiləsi bütün məsələlərin həlli üçün yaxşı zəmin yaradacaq”.
Latviya prezidenti Andris Berzinş bu səfərə xüsusi maraqlarının olduğunu bildirib: “Marağımız o qədər yüksəkdir ki, biz xüsusi olaraq böyük təyyarəni sifariş etdik. Buraya səfər zamanı və səfərdən öncə mən ölkəniz haqqında bir çox məlumatları toplamağa başladım. Məhz son 20 il ərzində ölkənizin keçdiyi inkişaf yolunu öyrəndim. Bu, sözün əsl mənasında böyük təəssürat bağışlayır.
Aramızda qurulmuş diplomatik münasibətlərin 20 illiyini bu yaxınlarda qeyd edəcəyik. Hesab edirəm ki, biz artıq bütün məsələlər üzrə, bütün sahələrdə çox yaxşı münasibətlər qurmuşuq. Bu münasibətlərimiz çox yüksək səviyyədədir. Bu, özü-özlüyündə bizim gələcəkdə daha sıx iqtisadi əməkdaşlıq üçün yaxşı əsasdır”.