Oqtay Şirəliyev üçün çətin sual
Oqtay Şirəliyev üçün çətin sual

Niyə Azərbaycanda müalicəsinə milyonlarla manat ayrılan xəstəliklər hələ də tüğyan edir?

Azərbaycanın səhiyyə sistemindəki korrupsiya və rüşvətxorluq halları həmişə diqqət mərkəzində olan problemlərdən biridir. Dəfələrlə yerli və xarici mərkəzlər tərəfindən keçirilən sorğularda səhiyyə sistemi korrupsiyalaşma səviyyəsinə görə ilk yerlərdə qərar tutub.
Bunun bir səbəbi, əlbəttə ki, dövlət səhiyyə müəssisələrində pulsuz xidmət adı ilə demək olar ki, tam ödənişli sistemin mövcudluğudur. Buna görə də sadə vətəndaşlar arasında keçirilən əksər sorğularda korrupsiya amilinə görə səhiyyə təhsillə birlikdə önə çıxır - axı insanların ən çox təmasda olduğu bu sektorlardır.
Lakin sadə vətəndaşların böyük əksəriyyəti səhiyyə sistemindəki digər korrupsiya mənbələrindən xəbərsizdirlər. Bu, dövlət büdcəsi hesabına maliyyələşdirilən səhiyyə proqramları çərçivəsində həyata keçirilən alqı-satqı əməliyyatlarıdır.
Məlum olduğu kimi, Azərbaycanda çoxsaylı səhiyyə proqramları həyata keçirilir. 2008-ci ildə bu proqramların icrasına 47 milyon, 2009-cu ildə isə 50 milyon manat xərclənib. Sonrakı illərdə həmin məbləğlər daha da artıb. Amma ekspertlərin fikrincə, həmin ayrılan məbləğlərdə şəffaflığın təmin edilməməsi onların ətrafında korrupsiya şübhələrini gücləndirir. Bu şübhələrin dərinləşməsinə təsir edən ən mühüm amil isə həyata keçirilən layihələrin səmərəliliyinin aşağı olmasıdır.
Fikrimizi iki prqoramla əsaslandıraq. Hansı ki, ötən illər ərzində ən çox maliyyənin məhz bu iki proqram çərçivəsində ayrıldığı diqqət çəkir. Bunlar "Şəkərli diabet üzrə dövlət proqramı" və "Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı"dır.
İndi diqqət yetirək: bir neçə ay əvvəl Səhiyyə Nazirliyi rəsmi şəkildə elan etdi ki, Azərbaycanda şəkərli diabet xəstələrinin sayı günü-gündən artır. Belə ki, əgər 2005-ci ildə şəkərli diabet xəstələrinin sayı 56 min idisə, bu gün bu rəqəm 163280-dir . Üstəlik, şəkərli diabet xəstələrinin ölüm hallarında da artım olduğu bildirilir. Elə isə "Şəkərli diabet üzrə dövlət proqramın"ın hansı səmərəliliyindən danışmaq olar? Bu proqram çərçivəsində ayrılan pulların effektiv xərcləndiyini söyləmək necə mümkündür?
Və yaxud Azərbaycanda həm böyrək xəstələrinin, həm də hemodializə müraciət edənlərin sayında da hər il xeyli artım olduğu rəsmi rəqəmlərlə təsdiqlənir. Maraqlı burasıdır ki, hemodializli
xəstələrin böyük hissəsi bu müalicə vasitəsindən öz imkanları hesabına yararlanmaq məcburiyyətində qalmaqlarından, əksərən buna imkanları olmadığından davamlı şikayət edirlər. Belə şikayətlər artıq mətbuat səhifələri üçün adi hala çevrilib.
İndi istər-istəməz belə bir sual ortaya çıxır: niyə Azərbaycanda müalicəsinə milyonlarla manat ayrılan xəstəliklər hələ də tüğyan edir? Bu xəstəliklərdən ölüm halları artır? Eyni zamanda müalicəyə imkanı çatmayan vətəndaşların şikayətləri də hansı səbəbə görə çoxdur? Bu, həmin xərclənən milyonların səmərəliliyinə dair müstəqil ekspertlərin, KİV-lərin qənaətinin doğruluğuna dəlalət etmirmi?
Bu suallara Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi rəsmilərinin necə cavab verəcəyi bizə doğrudan da çox maraqlıdır. Baxmayaraq ki, onlar bir qayda olaraq səhiyyə proqramlarının müsbət nəticələrindən, ayrılan vəsaitlərin şəffaf, təyinatı üzrə xərclənməsindən danışmağı sevirlər.
Hər halda yuxarıda məsələ çox sadə, məntiqli qoyulub və inanırıq ki, kifayət qədər aydın, konkret sualın cavabı da ənənəvi, standart yox, elə aydın, konkret, məntiqli, arqumentli olmalıdır.
Azər Aslan