"2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı 2 dəfə qərar qəbul edib".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0.5 faizlik azalmaya getdi:

"Adətən Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra əksinə depozit faizlərində artım müşahidə olnur. Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. Depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımından müsbət olsa da, unutmaq lazım deyil ki, bu banklarda daha bahalı borclanma və təbii ki, daha yüksək kredit faizlərinə səbəb olur. Kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil".

Deputat qeyd edib ki, depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşmədi:

"Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bildi və bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. Bu arada Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalma qeydə alınmaqdadır. Göründüyü kimi, Mərkəzi Bankın “faiz azalma siyasəti“ hələlik banklarda “faiz artımı strategiyası” ilə müşahidə olunur".

Seymur Əli