EL-in perspektivi varmı?
EL-in perspektivi varmı?

Yeni yaranmış EL hərəkatı həm sağdan (müxalifət tərəfindən), həm də soldan (iqtidar tərəfindən) kəskin şəkildə tənqid olunmaqdadır. Belə ki iqtidaryönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının tanınmış analitiklərindən biri Elçin Mirzəbəyli "Unikal"a bildirdi ki, "Azərbaycanda "Siyasi partiyalar haqqında" qanuna görə, hərəkatların siyasi proseslərdə iştirak etməsi qanunsuzdur. Bu baxımdan, "El" hərəkatı da siyasi fəaliyyətlə məşğul olmaq üçün uğurlu format deyil".

E.Mirzəbəyli xatırladıb ki, Eldar Namazov həmişə yaratdığı təşkilatların adını hərəkat qoyur: "Anlayır ki, bir siyasi partiyanın qeydiyyatdan keçməsi, rəsmi fəaliyyəti üçün mindən artıq imzanın toplanması lazımdır. Onun isə belə bir imkanı yoxdur. Bu cür imkanı olmadığına görə də hər zaman yaratdığı strukturların adını hərəkat qoyur. Həmin hərəkatın qeydiyyatdan keçə bilməyəcəyi və siyasi fəaliyyət göstərə bilməyəcəyi də bəllidir.
Bu baxımdan, mənim qənaətimə görə, Eldar Namazovun son təşkilatı da "El" deyil, "Yel" hərəkatı kimi yadda qaldı. Perspektiv bir fəaliyyəti ortalıqda olmadı, ətrafına bir neçə yüz nəfər də olsa toplaya bilmədi. Orada cəmi 2-3 nəfərdən ibarət insan var ki, onlar da ayrı-ayrı strukturlarda fəaliyyət göstərirlər. Yəni "EL" bir neçə insanın toplaşdığı bir strukturdur. Ona görə də hərəkat sözü əslinə qalsa düşüncədə, insanın təsəvvüründə daha ciddi, partiyadan daha geniş bir anlayışdır. Adətən bir neçə siyasi partiyanın, geniş xalq kütlələrinin qoşulduğu strukturlar hərəkata çevrilə bilirlər. İndiki şəraitdə isə "EL" bir neçə adamın fəaliyyət göstərdiyi, siyasi fəaliyyətlə məşğul olan qeyri hökumət təşkilatıdır".
Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin "Unikal"a söylədiyinə görə, "Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda gedən istənilən təmərküzləşmə prosesinə dəstək verir. Ancaq eyni zamanda bəyan edirik ki, həmin təmərküzləşmənin sonunda yaranan hər hansı qurum ölkəmizin milli maraqlarına, problemlərinə adekvat olmayan davranış nümayiş etdirəcəyi təqdirdə, ona qarşı da mübarizə aparacağıq. Ziyalılar Forumunda, "El" Hərəkatında və sair təşkilatlarda təmsil olunanlar Qarabağla bağlı ikibaşlı çıxışlar edirlərsə, Söyün Sadıqov kimi insanlar Gürcüstandakı azərbaycanlılarla bağlı sərsəm açıqlamalar verirsə, Ramazan Abdulatipov Dağıstan Respublikasının prezidenti ola-ola Azərbaycanın daxili işlərinə qarışırsa, "Talışın səsi" radiosu ilə bağlı separatçı layihələrin iştirakçıları olurlarsa, bunu milli mənafeyimizə uyğun iş saymaq olmaz. Bu kimi məsələlər irəli sürən adamlar "El" hərəkatında və ya başqa qurumlarda olacaqlarsa, bunun adını hərəkat qoymaq mümkün deyil. Azərbaycanın maraqlarından çıxış etmədiyindən belə təşkilatların heç bir uğuru ola bilməz.
Üstəlik, belə qurumlar yalnız seçki zamanı, mövsümü olaraq yaranırlarsa və hakimiyyət istəklərini gerçəkləşdirməyə çalışırlarsa, Azərbaycan cəmiyyəti belə davranışları qəbul etməyəcək. Seçkiyə bu prosesin baş verəcəyi andan çox-çox əvvəl hazırlaşarlar və mütəmadi Azərbaycanın siyasi həyatına bağlı olaraq da çıxış edərlər. Bu mövsümi qurumlar özlərini hərəkat adlandırmalarına baxmayaraq, məncə, onların həmin ada uyğun format alacağı tam şübhə altındadır. Belə birliklərin hər hansı uğur qazanacağına inanmıram".
Natiq Oruclu