İpoteka ümidləri puç edir...
İpoteka ümidləri puç edir...

Vahid Əliyev: "Müştərilər Azərbaycan İpoteka Fondunun müvəkkili olan banklara müraciət etdikdə, onlara artıq güzəştli ipoteka üzrə bu ilki limitin bitdiyini söyləyirlər"

İpoteka barədə ölkədə söz-söhbətlər başlayanda çoxları sevindi. Xüsusən də ailə qurmaq istəyən gənclər. Amma bu sevinc çox sürmədi. Çünki...

Bu ilki dövlət büdcəsində vətəndaşlara sosial ipoteka kreditləri verilməsi üçün nəzərdə tutulmuş 20 milyon manat cəmi bir ayda xərclənib. Bunu Azərbaycan İpoteka Fondunun saytında yerləşdirilən statistik məlumatlar göstərir. Belə ki, Fond may ayına qədər sosial ipoteka kreditlərinin xərclənməsi üzrə heç bir məlumat verməyib, amma iyun ayında AİF sosial ipoteka kreditlərinin tamamilə xərclənməsi barədə məlumat yayıb.
Göründüyü kimi, nisbətən imtiyazlı kredit almağa icazəsi çatan bu kontingent demək olar ki, Azərbaycan əhalisinin böyük hissəsini əhatə edir və evə ehtiyacı olan belə ailələrin sayı on minlərlə ölçülür. Statistikaya müraciət etsək, görərik ki, təkcə hər il qurulan yeni məcburi köçkün ailələrinin sayı 10 min ətrafında dəyişir. Hər halda məcburi köçkün ailələrinin məskunlaşdığı kiçik yataqxana otaqlarında yeni qurulan ailələr üçün şərait yoxdur və kirayə qalmaq məcburiyyətində qalan gənc ailələrin əksəriyyəti potensial sosial ipoteka müştərisidir. Bu problem illərlə həll edilmədiyindən problemin real ölçüsü daha dərindir.
Ekspert Vahid Əliyevin "Unikal"a bildirdiyinə görə, "May ayında baş vermiş "güzəştli ipoteka fontanı" yalnız 500-ə yaxın belə ailənin ev almasına imkan yaradıb. Yəni ipotekaya verilən bir mənzilin qiymətini təxminən 40 min manat götürsək, bu il cəmi 500 adamın güzəştli kreditlərdən yararlandığını hesab etmək olar. Bu cür müştərilər Azərbaycan İpoteka Fondunun müvəkkili olan banklara müraciət etdikdə, onlara artıq güzəştli ipoteka üzrə bu ilki limitin bitdiyini söyləyirlər və istəyənlərə illik dərəcəsi 8% olan adi ipoteka kreditləri təklif edirlər. Bu kredit növü isə 4%-lik dərəcə ilə verilən güzəştli kreditə nisbətən xeyli əlverişsizdir. Məsələn, ayda 500 manat rəsmi gəliri olan 2 nəfərlik gənc ailə bu maaşla dəyəri təxminən 27 min manat olan mənzil ala bilər və bunun üçün təxminən 5500 manat ilkin ödəniş verməlidir. Dövlətdən aldığı təxminən 22 min manatlıq krediti tam bitirmək üçün isə ona maksimum müddət, yəni 25 il lazımdır. Aylıq 169 manat ödəyən müştəri ildə 2028 manat, 25 ildə isə toplam 50 min 700 manat ipoteka haqqı verməlidir. İlkin ödədiyi məbləğ də üzərinə gəldikdə 25 ilə kredit borclusu ilkin dəyəri 27 min manat olan mənzilə təxminən 56 min manat ödəyir, yəni bank sələm üçün verdiyi vəsait 29 min manat təşkil edir". Elspert hesab edir ki, "Eyni mənzili güzəştli ipoteka şərti ilə alan müştəri isə təxminən 4 min manat ilkin ödəniş verir və ayda 169 manat ödəməklə krediti 15 ilə bitirir, toplam 30 420 manat ödəyir. Bunun üzərinə ilkin ödəniş də gəldikdə müştərinin 27 min manatlıq mənzilə görə verdiyi toplam vəsaitlər 35 min manatı keçmir. Yəni onun ödədiyi bank sələmi təxminən 8 min manat olur. Beləliklə, güzəştli ipoteka almağı bacarmış "xoşbəxtlər" 21 min manat az sələm ödəmiş olurlar. Lakin bütün il boyunu götürdükdə adi ipoteka üçün verilən vəsaitlərin də tezliklə tükənəcəyi və vətəndaşın bankların özlərinin verdiyi kommersiya tipli ipoteka kreditlərinə üz tutmalı olacağını görmək olar. AİF-in statistikasına görə, bu ilin 9 ayında adi ipoteka kreditlərinin yerləşdirilməsinə ayrılan vəsaitlər 69,5 milyon manat təşkil edib. Bir sıra ekspertlər, o cümlədən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bu il üçün AİF-in xətti ilə adi ipotekaya ayrılan vəsaitlərin 80 milyon manata yaxın olacağını, yəni adi ipoteka üçün daha 10 milyon manat vəsaitin ayrılacağını güman edirlər".
Şakir Vəli