"Mərkəzi Bankın ötən gün təşkil etdiyi hərracda 80.4 milyon dollarlıq sifarişin qeydə alınması valyuta bazarında tələbin hələ də yüksək olduğundan xəbər verir. Bundan əvvəlki hərracda isə 74.9 milyon dollar satılmışdı. Bu o deməkdir ki, son 2 hərracda 155.3 milyon dollar satılıb".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ötən ilin birinci ayında keçirilən ilk 2 hərracda 103.9 milyon dollar satılmışdı:

"Yəni, iki hərraclıq müqayisədə tələb 50 faizə yaxın artıb. Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir. Doğrudur, 1 həftəlik bayram günləri də dollar sifarişlərinə təsirsiz ötüşmədi. Bununla belə, xüsusən real sektorun dollar tələbində artımlar müşahidə olunmaqdadır. Bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər".

Deputat dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə qeyd edib ki, Azərbaycanda üzən məzənnə rejiminə keçilməyib.
"Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".