Misir Mərdanovun sağ əli olan Məlahət Hacıyeva təşviş içindədir
Misir Mərdanovun sağ əli olan
Məlahət Hacıyeva təşviş içindədir
Qanunsuz həyata keçirilən əməliyyatlar ört-basdır edilir

Son zamanlar təhsil sektorunda ciddi islahatların həyata keçirilməsinə start verilib. Hələ bir ay öncə Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyi açıqlama verərək təhsil sektorunda ağılasığmaz həddə korrupsiya və rüşvət faktlarının olduğunu bildirmişdi. Bundan bir ay sonra isə təhsil sektorunu ciddi problemlərlə üz-üzə qoyan nazir Misir Mərdanov tutduğu vəzifədən azad edildi.
Hazırda isə bütün ümidlər onadır ki, yeni nazir ciddi islahatlara başlayacaq və bu islahatlar elə kadr islahatları ilə müşahidə ediləcək. Çünki Misir Mərdanovun bəzi maraqlar üzərində formalaşan kadr siyasətinin nəticəsi olaraq bu gün təhsil sektoru demək olar ki, bir qrup şəxsin əlində cəmləşib. Bunlardan biri də De-İnistutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyevadır. Misir Mərdanovun ən etibarlı kadrı kimi bu vəzifəyə təyin edilən Məlahət Hacıyeva idarədə sözün həqiqi mənasında bir imperiya yaradıb. Misir Mərdanovun zamanında internat məktəblərinin direktorlarının əksəriyyətini işindən kənarlaşdıraraq əsasən öz yaxın çevrəsini, qohumlarını işə təyin etdirən Məlahət Hacıyevanın işinə hətta nazirlik rəhbərliyində olan heç bir şəxs müdaxilə edə bilmirdi. Bunun nəticəsində tenderlər belə yalnız onun razılığı ilə həyata keçirilir və qalib gələn müəssisələrdə ona yaxınlığı ilə tanınan firmalar olub. Nəticədə bu günün özündə də idarənin nəzarətində olan müəssisələrdə durum dəhşətli şəkildədir və bu problemlərin tezliklə həllinə inam çox azdır. Çox maraqlıdır ki, idarədə kollektiv yox, bütün qərarların icrası, lazımi vəsaitlərin “nəzarətdə” saxlanılması Məlahət Hacıyeva tərəfindən idarənin şöbə müdiri Həbib Kərimova həvvalə edilib. Amma Misir Mərdanov vəzifəsindən azad ediləndən sonra idarədə əməlli-başlı çaxnaşma yaranıb və hazırda Məlahət Hacıyeva qanunsuz həyata keçirilən əməliyyatları ört-basdır etməyə çalışır. Çünki yeni nazirin bütün sahələrdə baş verən qanunsuzluqları aşkarlamaq üçün ciddi fəaliyyətə keçdiyi söylənilir.Qeyd edək ki,Məlahət Hacıyevanın qanunsuzluqlarıyla bərabər hansı qohumlarını təhsildə hansı postlara yerləşdirməsiylə bağlı redaksiyamıza göndərilən faktlarla sizləri də tanış edəcəyik.
İlkin Rzazadə