Şəmkirin icra başçısından narazılıqlar var
Şəmkirin icra başçısından narazılıqlar var

Nazim Veysovdan sadə vətəndaşlar da gileylidir, sahibkarlar da

Bu ayın əvvəllərində Şəmkir rayonunda artıq 8 ildir bu rayona rəhbərlik edən Nazim Veysovun işdən azad edildiyi xəbəri yayıldı. İki gün ərzində rayonda hər kəsin dilinə düşən xəbər mərkəzi mətbuatın qulağınadək gəlib çatdı, amma sonradan həmin xəbərin heç bir əsası olmadığı ortaya çıxdı.
Xəbər yayılanda bunu sevinclə qarşılayan əksər şəmkirlilər onun təkzib edilməsi ilə xeyli kədərləndilər. Səbəb aydındır: mətbuatın diqqətindən xeyli kənarda qalan rayonda məmur özbaşınalığı, rüşvət və korrupsiya halları ilə bağlı ciddi narazılıqlar var. Amma yerli icra hakimiyyəti həmin narazılıqların aradan qaldırılması istiqamətində demək olar ki, heç bir əməli fəaliyyətlə məşğul deyil.
Rayondan aldığımız məlumatlara görə, hazırda Şəmkir digər rayonlarla müqayisədə "varlı" hesab edilir, amma bunun səbəbi heç də rayonda sosial-iqtisadi infrastrukturun yaradılması ilə bağlı deyil: "Rayon sakinlərinin böyük əksəriyyəti Rusiyada tikinti, ticarət və s. işlərlə məşğuldurlar. Həm də digərləri ilə müqayisədə şimal qonşumuzla daha yaxşı mövqelərə, təsir imkanlarına, gəlir qaynaqlarına malikdirlər. Elə bu da onların və ailələrin maddi-iqtisadi durumunun yaxşılaşmasına gətirib çıxarıb. Digər tərəfdən, rayon əhalisinin önəmli qismi istixanaların becərilməsi ilə məşğuldurlar, bu çox zəhmətli iş olsa da, onlara Azərbaycan reallığında digər rayonlarla müqayisədə nisbətən normal həyat şəraiti qurmağa kömək edir. Amma Şəmkirdə məmurların özbaşınalığı, süründürməçiliyi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr və s. kimi hallar burada vətəndaşların zəhmətlə qazandıqlarını rahat yeməyə mane olan səbəblərdəndir".
Xüsusən rayonda sahibkarların yerli icra başçısından kəskin narazı olduğu bildirilir: "Rayona dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsinin taleyi qaranlıqdır. Nazim Veysov Şəmkirdəki bütün abadlıq, yenidənqurma işlərini yerli iş adamlarının, fermerlərin maliyyə imkanları hesabına həyata keçirir. Artıq sahibkarlar bu vəziyyətdən beziblər. Onlar rayon rəhbərliyinin qazanclarına şərik olmasını qəbul edə bilmirlər. Büdcə hesabına həyata keçirilməli olan işlər isə sahibkarlara gördürülərək, əvəzində ayrılmış vəsait mənimsəmə predmetinə çevrilir".
Yerli məmurların rüşvətə meylliliyi də sadə vətəndaşlar və sahibkarlar üçün əsas şikayət qaynaqlarından biridir: "İstixanaları olan təsərrüfat adamları tez-tez haqsızlıqla üzləşirlər. Məsələn, "parnik"lərlə bağlı ən əsas məsələlərdən biri qaz problemidir, amma bunun üçün təkcə icazə sənədi üçün 8-10 min manat pul tələb edilir. Digər tərəfdən, arxalarında hansısa məmur dayanan istixana təsərrüfatlarına heç bir əngəl yaradılmadığı halda sadə vətəndaşların, ya da himayəsiz sahibkarların "parnik"ləri istər qazla təminatda, istərsə də becərilən məhsulların satılmasında müxtəlif problemlər yaşayırlar".
Maraqlı məqam ondan ibarətdir ki, rayon sakinləri icra başçısının sadə vətəndaşların və ya iş adamlarının şikayətlərinə, narazılıqlarına bir o qədər də laqeyd olmadığını bildirirlər: "Amma problem orasındadır ki, əksər vaxtlarda Nazim Veysova problemləri çatdırdıqda və o, məsələlərin obyektiv həll ediləcəyinə dair söz verdikdə də dəyişən heç nə olmur. Hətta bəzən problem daha da qəlizləşir. Bir sözlə, yerli rəhbərlik sadəcə vədlər verməklə sakinlərin narazılığını yatırmağa üstünlük verir".
Şəmkirlə bağlı ən ciddi problemlərdən biri isə büdcə vəsaitlərinin xərclənməsi ilə bağlıdır. Bunu Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi builki hesabatdan da görmək mümkündür. Hesabatda göstərilir ki, Hesablama Palatasının ötən il üzrə audit yoxlamaları Şəmkir rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlarda da aparılıb və büdcə vəsaitinin düzgün xərclənmədiyi aşkarlanıb. Yalnız bundan sonra Şəmkir rayon İcra Hakimiyyətinin geniş şura iclası keçirilib və bununla bağlı tədbirlər görülüb.
Həmin audit yoxlamaları olmasaydı isə bu korrupsiya faktlarının toxunulmaz qalacağı şübhə doğurmur.
Ülviyyə Qasımlı