Ağ Ev İranın üzərinə getdi, Əhmədinejad isə geri çəkildi


Ağ Ev İranın üzərinə getdi, Əhmədinejad isə geri çəkildi

İran prezidenti: "Azərbaycan qeyrət və şərəf paytaxtı, İran xalqının başucalığının mərkəzidir"
Ağ Ev: "İran davamlı olaraq öz qanunlarını və beynəlxalq öhdəlikləri pozan hərəkətlərə yol verir, təqib, təhdid, həbs və ya şiddət yolu ilə vətəndaşların universal insan hüquqlarını inkar edir"

İranın nüvə proqramı ətrafında yaranmış gərginlik çeşid-çeşid variasiyalara keçməkdədir. Dəfələrlə qeyd edildiyi kimi, Birləşmiş Ştatlar İran problemini hərbi yolla deyil, iqtisadi sanksiyalar hesabına həll etmək niyyətindədir. Bununla paralel olaraq, İranda müşahidə olunan millətlərarası problemlər də Amerikanın diqqət mərkəzindədir. Yəni İrandakı hakim rejimi çökdürmək üçün bütün mümkün variantlara əl atılır.
Beləliklə, İranda Azərbaycan türklərinin hüquqlarının pozulması ilə bağlı 2013-cü il yanvarın 13-də Ağ Evin internet saytında yerləşdirilmiş və 25 mindən artıq imza toplanılması ilə başa çatdırılmış petisiyaya cavab verilib.
Ağ Evdən verilən cavab məktubunda bildirilir ki, İran hökuməti tərəfindən insan haqlarının pozulması, o cümlədən azərbaycanlılar, bəluclar, kürdlər və ərəblər də daxil olmaqla ölkənin etnik əhalisinin üzvlərinə qarşı ayrı-seçkilik halları ABŞ-ı dərindən narahat edir: "İran davamlı olaraq öz qanunlarını və beynəlxalq öhdəlikləri pozan hərəkətlərə yol verir, təqib, təhdid, həbs və ya şiddət yolu ilə vətəndaşların universal insan hüquqlarını inkar edir. Birləşmiş Ştatlar İran rəsmilərinı məsuliyyətə cəlb etmək üçün bir neçə üsuldan istifadə edir. Bu sıraya insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyətlərinə dəstək verilməsi, İranda hüquq pozuntuları ilə bağlı beynəlxalq maarifləndirmə işlərinin aparılması və s. daxildir. Ağ Ev və ABŞ Dövlət Departamenti dəfələrlə İran hökumətinin etnik və dini azlıqlarla kobud şəkildə davranmasını pisləyib. Bundan əlavə, ABŞ 2010-cu ildən bəri ciddi insan haqları pozuntularına yol verdiklərinə görə İran rəsmilərinə və dövlət qurumlarına qarşı onlarla sanksiyalar tətbiq edib. Bu sanksiyalar nəticəsində həmin şəxslərin Birləşmiş Ştatlara səfərlərinə qadağa qoyulub və onların ABŞ-dakı əmlakları, bank hesabları dondurulub".
Məktubda həmçinin qeyd olunur ki, ABŞ da İrandakı insan haqları məsələsi ilə bağlı öz beynəlxalq tərəfdaşları ilə işləyir: "On ildir ABŞ BMT Baş Assambleyasında İranda insan haqlarının pozulmasını pisləyən qətnamələrin çıxarılmasını dəstəkləyir. 2011-ci ildə ABŞ BMT-nin İnsan Haqları Şurasının yaradılmasını və İranda insan hüquqları ilə bağlı vəziyyəti araşdırmaq üçün xüsusi məruzəçi mandatının təsis edilməsini, eyni zamanda bu mandatın 2012 və 2013-cü ilədək uzadılmasını dəstəklədi. Biz İrandakı repressiya, ifadə azadlığı və digər insan haqlarının pozulmasına qarşı beynəlxalq dəstəyi genişləndirmək istiqamətində təşəbbüsləri dəstəkləməkdə davam edəcəyik. Biz dini, etnik, siyasi mənsubiyyətindən asılı olmayaraq, İran xalqına öz hökumətini cavabdeh tutmaq və universal insan haqları və layiq olduqları fundamental azadlıqlarından istifadə etmək istiqamətində yardım göstərmək öhdəliyimizə bağlı qalırıq".
İran təhlükəni dərhal duyaraq cavab addım atıb. Belə ki İran prezidenti Mahmud Əhmədinejad ölkə əyalətlərinə səfərlərinin ardınca aprelin 26-da Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdə olub. Mahmud Əhmədinejadı Təbriz səfərində Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayi və bir sıra digər rəsmilər müşayiət edib. Təbrizin "Təxti" stadionunda bir sıra tərəfdarları qarşısında çıxış edən Əhmədinejad Azərbaycanı İranın fəxri adlandırıb: "Azərbaycanlılar zəkalı və tarixdə kökü olan insanlardır. Azərbaycanlılar tarix boyu İran xalqının izzət, şərəf, mədəniyyət və başucalığını qoruyublar. Bu yurdun insanları həmişə istibdad və müstəmləkəçiliyə qarşı mübarizənin qabaqcılları olmaqla yanaşı həm də insanlıq və bəşəriyyətin yüksəlməsi uğrunda hərəkətin öncülləri olublar. Azərbaycan qeyrət və şərəf paytaxtı, İran xalqının başucalığının mərkəzidir.
Bu yurdun yüksək iradəli zəhmətkeş və mömin insanları tarix boyu çoxlu alim, ədib, mücahid və böyük qəhrəmanlar yetişdirərək İran xalqına töhfə verib. Azərbaycan İranın iftixarıdır və İran xalqı Azərbaycanla fəxr edir".
Əhmədinejad daha sonra Azərbaycan türkcəsində bunları deyib: "Sizin mənim qəlbimdə yeriniz var. Azərbaycanı istəməyənlər ölüblər. Azərbaycan var olsun, cavanları sağ olsun".

Natiq Oruclu