Sabiq deputatların 2013 planı

Sabiq deputatların 2013 planı

Onlar karyeralarını bərpa etmək üçün bu ilə fürsət kimi baxırlar
Maydan etibarən Azərbaycanda prezident seçkiləri ilə bağlı ictimai-siyasi atmosferdə daha da canlanma hiss olunacaq. Bu prosesdə biz xeyli unudulmuş, «vurulmuş” simanı da görə bilərik.

Əldə etdiyimiz məlumata görə, bəzi sabiq deputatlar bu ilə öz karyeralarını yenidən bərpa etmək üçün fürsət kimi baxırlar: «Söhbət o keçmiş millət vəkillərindən gedir ki, onlar hazırda ictimai-siyasi səhnədə yoxdurlar, vaxtilə mandatları alındıqdan sonra aktivlik etmələrinə, proseslərdə iştiraklarına qeyri-rəsmi yasaq qoyulub. Belə sabiq deputatlar 2013 seçkisi prosesinə qoşulmağa və ya yenidən iqtidarın etimadını qazanmağa, ya da özlərinə başqa qüvvələrin yanında dayanaraq, yeni siyasi perspektiv axtarmağa çalışacaqlar”.
Bu barədə danışan mənbəmiz onu da deyib ki, bəzi sabiq millət vəkillərinin qarşıdakı bir-iki ayda hökumətə sətiraltı tənqidlərlə dolu açıqlamalarının, müsahibələrinin şahidi ola bilərik: «Gözləniləndir ki, bir çox eks-deputatlar uzun fasilədən sonra mətbuat səhifələrinə çıxmağa başlasınlar və hakimiyyətə üstüörtülü mesajlar göndərsinlər. Onlar ilkin mərhələdə ehtiyatlı danışmağa üstünlük verəcəklər ki, iqtidarla aralarındakı körpülər tamamilə yanmasın. Əgər bu cəhdləri nəticə verməzsə, tənqidlərini daha sərt və birbaşa formada səsləndirəcəklər”.
Bununla da hakimiyyətdaxili çevrələrlə yenidən ilişgilərini bərpa edə biləcəklərini düşünən belə sabiqlərin konkret niyyətləri də var. Onlardan bəziləri 2013-cü ildə hakimiyyətlə təmaslarını bərpa edərək və onun etimadını yenidən qazanaraq iki il sonra keçiriləcək parlament seçkilərində yenidən deputat mandatı qazana bilmələri üçün zəmin hazırlamağı düşünürlər: «Bəzi sabiq millət vəkilləri isə prezident seçkisindən sonra formalaşdırılacaq yeni hökumətdə onların da xatırlanmasını hədəfləyirlər. Düzdür, söhbət nazir, komitə sədri kimi çox yüksək postlardan getmir. Amma aparıcı hökumət qurumlarında ikinci, üçüncü dərəcəli vəzifələr ala bilmək, karyeralarını bu istiqamətdə davam etdirmək və yenidən yüksəlişə keçmək onların əsas arzusudur. Bunun üçün də yuxarıda da qeyd etdiyimiz kimi, deputat mandatları əllərindən alındıqdan sonra iqtidarla korlanan münasibətlərinin bərpasına ehtiyac var. Hesab olunur ki, 2013 seçkisi bunun üçün çox əla fürsətdir və haqqında danışılan bəzi sabiq deputatlar bu fürsəti ağıllı şəkildə, ustalıqla dəyərləndirə bilsələr istəklərinə nail ola bilərlər”.
Bəzi sabiq millət vəkillərinin isə mandatdan məhrum edildikdən sonra keçən müddətdə heç vaxt hökumətin yadına düşmədiklərinə görə çox küsgün olduqları və 2013 seçkilərində siyasi müxalifətlə gizli və ya aşkar əməkdaşlıqdan çəkinməyəcəklərinə dair də iddialar var.
Bütün bu iddiaların nə qədər doğru olub-olmadığını isə yəqin ki, ən qısa zamanda yaşayıb görəcəyik.
Elvin Rüstəmov