Bəzi məmur şirkətlərinə şok zərbə hazırlığı

Onların dövlət vəsaitlərini şəxsi bizneslərinə yönəltməsi təftiş edilə bilər

Ölkə qanunvericiliyi Azərbaycanda məmurlara biznes fəaliyyəti ilə məşğul olmağı qadağan etsə də, qanunun bu tələblərinin bir çox vəzifəli şəxslər tərəfindən kobud şəkildə tapdandığı sirr deyil. Amma son vaxtlar bu istiqamətdə atılan bəzi addımlar ölkədə məmur biznesinin əhəmiyyətli şəkildə sarsılacağına dair inam yaradır. Bu yöndə daha bir addımın atılması da gözləniləndir.

Belə ki, Azərbaycanda bəzi məmurların şirkətləri xoşagəlməz vəziyyətlə üzləşə bilər. Söhbət həmin şirkətlərin həyata keçirdikləri işlərin maliyyə qaynağının araşdırılmasından gedir.
Bu barədə yayılan iddialarda deyilir ki, bəzi vəzifəli şəxslər rəhbərlik etdikləri sahələrə ayrılan büdcə vəsaitləri ilə qeyri-şəffaf rəftar edir və bu, bir çox hallarda həmin pulların əhəmiyyətli hissəsinin şəxsi bizneslərinə yönəldilməsi ilə bağlı olur.
Söhbət ondan gedir ki, büdcə vəsaitləri müxtəlif əməliyyatlar vasitəsilə silinir, silinən pullar isə həmin bəzi məmurların şirkətlərinə transfer olunur: "Bu praktikanın geniş yayılması artıq hökumət dairələrinə də məlumdur. Artıq həmin zərərli ənənəyə son qoyulması ehtiyacı yaranıb və mümkündür ki, bununla bağlı konkret ölçülərin götürülməsinə qərar verilsin".
Məlumatı verən mənbələrin sözlərinə görə, hansısa məmur deyək ki, tikinti biznesi ilə məşğuldur: "Belədə həmin məmur rəhbəri olduğu sahəyə büdcədən ayrılan vəsaitin mühüm bir qismini müxtəlif yollarla silir, daha sonra silinən vəsait hesabına inşa etdiyi binanın yarımçıq qalan işlərini tamamlayır. Bir sözlə, bəzi məmurlar büdcə vəsaitləri hesabına şirkətlərinin işlərini görməyi artıq vərdişə çeviriblər və bu duruma əl qoymaq, haqqında danışılan praktikanı aradan qaldırmaq zərurəti qaçılmazdır".
Əgər bu istiqamətdə tədbirlər həyata keçirilərsə, bəzi məmur şirkətləri ciddi zərbə alacaq, iflas etmək həddinə çatacaq, amma əvəzində dövlət vəsaitlərinin səmərəli xərclənməsi mümkün olacaq. Yəni itirən məmurlar olsa da, əvəzində bundan dövlət qazanacaq.
Digər tərəfdən, açıq-aşkar korrupsiya əlamətlərinin olduğu bu zərərli, qanunsuz tendensiyanın aradan qaldırılması ilə ölkədə inhisarçılıq da ciddi zərbə alacaq. Çünki bəzi məmurlar məhz dövlət vəsaitlərini qanunsuz yollarla şəxsi bizneslərinin çiçəklənməsinə yönəldərək ölkə iqtisadiyyatında monopolist mövqelərə sahib olurlar.
Azər Aslan