İlham Pirməmmədov üçün müəmmalı təyinat
İlham Pirməmmədov üçün müəmmalı təyinat

Təhsil Nazirliyinin aparat rəhbərinə müavin təyin edilməsinin pərdəarxası

Dünən Azərbaycan Təhsil Nazirliyində ilk yeni kadr təyinatı olub. Təyinat kifayət qədər maraq doğurur, bəlkə elə buna görədir ki, bu haqda məlumat yayıldıqdan sonra müxtəlif fərziyyələrə, ehtimallara yol açıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, TN-nin Aparat rəhbəri İlham Pirməmmədova yeni - ikinci müavin təyin edilib. Pirməmmədovun müavini hüquqşünas Mətin Eynullayevdir. Pirməmmədovun birinci müavini isə Nəzakət Hacıyevadır.
Qeyd edək ki, aprelin 19-da ölkə başçısının imzaladığı sərəncamla Mikayıl Cabbarov Azərbaycanın təhsil naziri təyin edilib. Bundan əvvəl isə təhsil naziri Misir Mərdanov olub.
Bəzi mənbələr yeni müavin postunun yaradılması və ora məhz hüquqşünas ixtisasına malik şəxsin təyin edilməsi ilə bağlı maraqlı fərziyyə irəli sürürlər. Onların fikrincə, bu, adı indiyədək bir çox qanunsuzluqlarda hallanan aparat rəhbərinə yaxşı heç bir perspektiv vəd etməyə də bilər: “İlham Pirməmmədov Təhsil Nazirliyi sistemində mətbuatın sabiq nazirdən sonra ən çox tənqid etdiyi şəxslərdən biri idi. Buna baxmayaraq, onun vəzifəsində saxlanılmasının özü təhsil sistemində köklü dəyişikliklərin ola biləcəyinə dair inamı sarsıdır”.
Digər tərəfdən isə aparat rəhbərinə hüquqşünas ixtisası olan şəxsin yeni müavin təyin olunması əslində Pirməmmədovu küncə sıxmaq cəhdi kimi qəbul edilir: “Mümkündür ki, yeni müavinin əsas işi aparat rəhbəri üzərində nəzarət yaratmaq olsun. Yəni qanunsuz olduğu görünən işlər zamanı dövriyyəyə girsin və buna maneçilik yaratsın”.
Eyni zamanda istisna edilmir ki, yeni müavin əvvəlki dövrün sənədlərinin təftişi ilə məşğul olacaq və ortadakı nöqsanları üzə çıxarmağa çalışacaq: “Qanunsuz tələbə köçürmələri və digər məsələlərlə bağlı cəmiyyətdə, mətbuatda Təhsil Nazirliyinin aparat rəhbəri ilə bağlı ciddi ittihamlar, iddialar mövcuddur. Məsələn, bu yaxınlarda qanunsuz tələbə köçürmələri ilə bağlı nazirliyin keçmiş əməkdaşı Orxan Kərimov maraqlı faktlar açıqladı, həmin sənədlərdən aşkar görünürdü ki, köçürülmə ilə bağlı bütün sənədlərdə sabiq nazir M.Mərdanovun imzası var. Həmçinin nazirliyin əməkdaşları, ilk növbədə aparat rəhbəri İlham Pirməmmədov köçürülmələrlə əlaqədar keçirilən araşdırma prosesində iştirak edərək tələbələrin qanuni olaraq təhsil aldıqlarını və test üsulu ilə daxil olduqlarını deyiblər.. Bu və buna bənzər halların saf-çürük edilməsi, təftiş olunması əlbəttə, vacibdir. Yeni müavinin fəaliyyətində önəmli istiqamətlərdən birini də bu tutacağı halda, İlham Pirməmmədov üçün üfüqdə yeni problemlər yarana biləcəyi və onun bir müddət sonra görəvdən alınacağı ehtimalı yüksəkdir”.
Seymur Quliyev