ATƏT-in Bakı ofisi hələ fəaliyyətdədir
ATƏT-in Bakı ofisi hələ fəaliyyətdədir
Yaxın aylarda hansısa dəyişiklik gözləməyə dəyməz

Azərbaycan –ATƏT münasibətləri hələ ki, açıq şəkildə qalır və aparılan müzakirələr qapalı keçirilir. Qeyd edək ki, Azərbaycan tərəfi təkliflə çıxış edib və bildirilib ki, ATƏT-in Bakı ofisinin səlahiyyətləri azaldılmalıdır. Səlahiyyətlərin azaldılması isə o deməkdir ki, bu qurum fəaliyyətini yalnız və yalnız Azərbaycanın xarici işlər nazirliyinin razılığı ilə tənzimlənə bilər.
Amma deyəsən bu təklif hələ ki, keçərli deyil. “ATƏT-in Bakı Ofisi qarışdan gələn prezident seçkiləri ilə əlaqədar tədbirlər paketi hazırlayıb”.Bu açıqlamanı ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay verib. O rəhbərlik etdiyi ofisin 3 dəyirmi masa, 4 treninq və bir sıra kiçik həcmli tədbirlər keçirəcəyini bildirib.ATƏT-in Bakı Ofisinin statusuna dair Azərbaycanla aparılan məsləhətləşmələrə münasibət bildirən səfir qeyd edib ki, ofis yekun qərar qəbul olunana kimi fəaliyyətini hazırkı mandatı çərçivəsində davam etdirəcək: “Hələlik mandatın azaldılması dedikdə nəyin nəzərdə tutulduğu məlum deyil. Bu, müzakirələr başa çatdıqdan sonra məlum olacaq. Azərbaycan hökumətinin bəzi tələbləri var, eyni zamanda ATƏT üzvü olan ölkələrin bu məsələyə öz baxışı var”.Koray Tarqay bildirib ki, ATƏT-in Bakı Ofisi ilə bağlı vəziyyət ATƏT-in Gürcüstan və Ukraynadakı ofislərinin mandatındakı dəyişikliklərdən fərqlənir.Maraqlıdır ki, hazırda verilən təklifin müzakirəsi kifayət qədər qapalı aparılır. Bunun isə özəl səbəbi budur ki, Azərbaycanın verdiyi təklif ATƏT-in baş ofisində normal qarşılanmayıb və ciddi etirazlara səbəb olub. Hətta müşahidəçilər bildirir ki, bu məsələ ATƏT-in baş assambleyasında müzakirəyə çıxarılacaq və Azərbaycanın xeyrinə olmayan qərar veriləcək. Bunu dolayı yolla Elmar Məmmədyarovda təsdiqələmişdi. O bildirmişdi ki, bu məsələyə görə Azərbaycan tərəfi az qala şantaj edilir. Ekspertlərdə nazirin dediklərini təsdiqləyərək bildirirlər ki, hazırda Avropa ölkələri bütünlüklə Azərbaycanın bu təklifinin əleyhinə olacaqlar. Yalnız bir neçə Şərqi Avropadan olan ölkə Azərbaycana hansısa formada dəstək ola bilər. Bundan başqa ekspertlər hesab edir ki, Azərbaycan tərəfinin verdiyi bu təklif o zaman yetərli olardı ki, AŞPA Azərbaycana tətbiq etdiyi monitorinqi aradan qaldırsın. Bu isə yaxın illərdə mümkünsüz görünür. Hətta bu gün Ermənistan üzərindən monitorinqin götürülməsi daha real görünür, nəinki Azərbaycanın. Çünki Ermənistanda keçirilən son prezident seçkilərini əksər beynəlxalq təşkilat demokratik seçki kimi qəbul etdilər və bu səbəbdən artıq Ermənistan üzərindən monitorinqin götürülməsi istənilir. Başqa bir ciddi məsələ isə budur ki, Ermənistan artıq AŞPA Nazirlər Kabinetinə sədrlik edir. Ermənistan bu fürsətdən istifadə edərək Azərbaycana kifayət qədər problemlər yaratmağa çalışacaq. O cümlədən ATƏT-in Bakı ofisi ilə bağlı verilmiş təklifin də qəbul edilməməsi üçün AŞPA-in imkanlarından yararlanacaq. Bunu da qeyd edək ki, son zamanlar bütövlükdə qərblə Azərbaycan arasında bir problem yaşanır və Ermənistan bu problemin daha da qabarmasına cəhd edir. Beləliklə hesab etmək olar ki, hadisələrin bu şəkildə inkişafını görən Azərbaycan ən azından seçkilər sona çatana qədər bu məsələnin dondurulmuş şəkildə saxlanmasına çalışacaq.
Mehdi Əli