Rusiya Azərbaycanı itirməyəcək?
Rusiya Azərbaycanı itirməyəcək?

Əks halda Gürcüstan NATO-nun, Azərbaycan isə İsrailin bazası rolunda çıxış edəcək

Qəbələ RLS-i ətrafında gərginlik artmaqdadır. Rusiya və Azərbaycan nümayəndə heyətinin dəfələrlə görüş keçirtməsinə baxmayaraq heç bir nəticə əldə olunmadı. Azərbaycan tərəfi icarə haqqı olaraq 300 milyon manat istəsə də, Rusiya 15 milyon manatdan artıq vermək istəmir. Bundan sonra isə Rusiya xarici işlər naziri Sergey Lavrov da Azərbaycana gəldi və bu səfərdə nəticəsiz qaldı.

Məhz bundan sonra Ermənistanın baş naziri bəyan etdi ki, Qəbələ RLS-ni Ermənistana köçürtmək olar. İndi isə məsələyə yeni yanaşma var. Belə ki, iddia olunur ki, Rusiya Azərbaycandakı irihəcmli RLS-dən imtina edəcək və onu Ermənistana - NATO ilə sərhədə və bir ay əvvəl Amerika hərbiçiləri tərəfindən Tavr dağlarında tikilən yeni RLS-ə yaxın əraziyə köçürəcək.
Burada məqsəd Türkiyənin İncirlik NATO hərbi bazasında yerləşdirilən Amerika radarlarına qarşı dura bilməkdir. Qeyd edək ki, bu xəbəri nüfuzlu Qərb mediası yayıb. Məsələn, Almaniyanın "Der Standart" nəşri də bu məsələyə toxunub: "Rusiya, güman ki, Azərbaycandakı irihəcmli RLS-dən imtina edəcək və onu qonşu Ermənistana, NATO ilə sərhədə və bir ay əvvəl Amerika hərbiçiləri tərəfindən Tavr dağlarında tikilən yeni RLS-ə yaxın əraziyə köçürəcək. Kiçik Corc Buşun hökumətinin hədiyyəsi olan nüvə əleyhinə müdafiə sistemi ətrafında Rusiya-Amerika böhranı əvvəlki kimi həll yolundan uzaqdır. Tezliklə əksinə olaraq, Vladimir Putinin Kremlə qayıdışı raket sipəri və radarlarına istiqamətlənən mübaliğəni daha da şişirdir".
Nəşr qeyd edir ki, yeni RLS Ermənistan üçün təhlükəsizlik nöqteyi-nəzərindən əlverişli olacaq. Bu yolla da izolyasiya olunmuş ölkənin strateji əhəmiyyətini artırmaq mümkün olacaq. Bundan başqa, protektor rolu oynayan Rusiya yaxşı silahlanmış Azərbaycanla yeni müharibə ehtimalında əlavə zəmanətlə də təmin olunmuş olacaq. Belə olan halda isə, Rusiya ordusu Türkiyə-Ermənistan sərhədindəki Gümrü hərbi bazasından münaqişəyə müdaxilə edə biləcək".
Nəşr Rusiyanın tam olaraq Ermənistan tərəfindən çıxış edəcəyinə əmin olmadığını, münaqişənin ilkin mərhələsində özünün dünyaya sülhün müdafiəçisi kimi göstərəcəyini yazır.
Amma politoloq ElxanŞahin oğlu "Unikal"a açıqlamasında qeyd etmişdi ki, bu mümkünsüzdür. Niyə? "İlk növbədə ona görə ki, Ermənistanda belə stansiyanın yerləşdirilməsi Rusiyaya baha başa oturacaq. Digər tərəfdən isə Rusiya bu istiqamətdə, yəni Krasnodar vilayətində artıq belə bir stansiya tikir. Belə olan halda ikincisinə ehtiyac qalmır".
Amma politoloq bildirir ki, məsələnin siyasi tərəfi də var və buna görə Rusiya hansısa addımlar ata bilər.
Ekspertlər hesab edirlər ki, Rusiya hazırda bu məsələdən Azərbaycana qarşı şantaj kimi istifadə edir və çalışacaq ki, sona qədər Qəbələ RLS-i nəzarətində saxlasın. Çünki Rusiya açıq şəkildə Qəbələdən imtina edərsə, Azərbaycan daha sərt addımlardan istifadə edə bilər.
Məsələn, Qəbələ RLS-i Türkiyənin simasında NATO-ya icarəyə verə bilər ki, bu da Rusiya üçün strateji məğlubiyyətdir.
Məsələnin başqa bir tərəfi isə budur ki, hazırda İrana görə regionda ciddi gərginlik yaranıb və Rusiya istəməz ki, hansısa məsələdə mövqelərini itirsin. Hətta son məlumatlara görə, Rusiya regionda hərbi gücünü artırmaq üçün yeni addımlar atır.
Təsdiqlənməmiş məlumata görə, Rusiya İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyi halda bölgədəki maraqlarını qorumaq üçün qoşunlarını Qafqza doğru çəkir.
Bildirilir ki, Rusiyanın hərbi rəhbərliyi əmindir ki, İrana hücum halında ABŞ öz qoşunlarını Gürcüstan və Azərbaycanda yerləşdirəcək. Məlumata əsasən, Rusiya bu səbəbdən də Xəzər sahilində gəmi əleyhinə
raketlər yerləşdirir və uzaq radiuslu silahlarla təchiz edilmiş zərbə qrupu yaradır.
Ekspertlərin fikrincə, bu qrupun vəzifəsi perventiv zərbə ilə bölgədə ABŞ bazalarının yaradılmasını önləmək və Cənubi Qafqazdakı enerji dəhlizlərini nəzarətə götürməkdir. Bu qayda ilə Rusiya SSRİ dağılandan sonra ilk dəfə olaraq Qafqaz və Xəzəryanı dövlətləri üzərində nəzarəti bərpa edə bilər.
Proseslərin bu şəkildə mürəkkəbləşdiyi bir zamanda Rusiyanın Qəbələni Ermənistana dəyişməsi inandırıcı deyil. Çünki Rusiya Xəzər dənizində və bölgədə nüfuzunu qorumaq üçün mütləq halda Azərbaycanla əməkdaşlığı dərinləşdirməlidir. Belə olmasa, Gürcüstan NATO-nun, Azərbaycan isə İsrailin bazası rolunda iştirak edəcək. Bu isə Rusiya üçün ağır itkidən başqa bir şey deyil.

Mehdi Əli