Ötən ilin martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı  yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səbuhi Şirinov ifadə verib. O bildirib ki, Fazil Mustafa şiə olduğu üçün Məhəmməd Füzulini, Şah İsmayılı cahil adlandırıb: "Digər tərəfdən deyirdi ki, Sultan Səlim Səfəvilərə qalib gəldi, yaxşı ki, Səfəvilər məğlub oldu, buna sevinirdi. Digər tərəfdən deyir ki, kişilər ağlamaz. Hər kəs ağlaya bilər, kişi də ağlaya bilər".

Təqsirləndirlilən şəxsin sözlərinə görə, onun fikiri Fazil Mustafanı bıçaqla böyrəyindən vurmaq, dilini dinc sağalmasını demək olub: "Elşaddan xahiş etdim ki, məni Fazil Mustafanın evinin yanına aparsın. O da məni həmin əraziyə apardı. Mən bir neçə dəfə onun evini müşahidə apardım. Birinci dəfə onu vurmaq imkanım olsa da, yanında uşaq var idi deyə yaxınlaşmadım. İkinci dəfə evi müşahidə etdim. Üçüncü dəfə gələndə isə avtomat silahdan 20-25 metr məsafədən atəş açdım. Sonra həyacanlamadan sakit şəkildə evinə gəldim. Azər Səricanova zəng etdim, onunla danışdım".

Səbuhi Şirinov qeyd edib ki, sonrakı günlərdə Azər Səricanovla Qaradağ rayonunda "Sədərək" yolu ərazisində saxlanılıblar. Qeyd edib ki, hərbi xidmətdə xüsusi təyinatlı qüvvələrdə MAXE, kəşfiyyatçı kimi xidmət edib. 

Daha sonra prokuror Tural Yaqubovun suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, ümumilikdə Fazil Mustafanın evinə neçə dəfə getdiyi dəqiq yadımda qalmayıb. Təqsirləndirilən şəxs deyib ki, Fazil Mustafaya atəş açanda axşam olub, silah avtomat rejimində olub: "Neçə güllə atdığım yadımda deyil. Sonradan mənə dedilər ki, 7 güllə atmışam. Avtomatın darağı dolu deyildi. Hadisədən sonra silahdan qalan gülləni yoxlamışam". 
Hakim isə təqsirləndirilən şəxsdən "silahı niyə görə tək-tək rejimə yox, avtomat rejiminə qoymuşduz" soruşub. O isə "çox güllə olanda vahimə yaradır" deyə cavab verib. 

Daha sonra Fazil Mustafanın nümayəndəsinin "siz düşmənçiliyinizin səbəbini necə izah edirsiz" suallarını cavablandıran Səbuhi Şirinov bildirib ki, hadisə vaxtı soyuqqanlı olub: "Həyacanlı olsaydım bütün kameralara düşərdim. Təcrübəsiz olsaydım silahı hadisə yerində atıb qaçardım". 

Hakim "Fazil Mustafa mühafizəçisiz gəzirdi, küçədə-bayırda niyə vurmadız, evini qarşısında vurduz" sualına cavab olaraq "kütlə arasında vurmaq istəmədiyini" deyib. 

Prokuror isə "Azər Səricanov desə ki, get, filankəsi öldür, öldürərsən" sualına isə "bəli" deyə cavab verib. 

Daha sonra təqsirləndirilən Elşad Əsgərov ifadə verib. 40 yaşlı Elşad Əsgərov həbsinə kimi taksi şoferi işləyib. Təqsirləndirilən şəxsin dediyinə görə, sakit təbiətli, sülh sevər bir insan olub. Fazil Mustafanın din haqda təhqiredici çıxışlarından sonra bu işə qoşulub: “Elə vəziyyət yarandı ki, bıçaq sümüyə dirəndi. Mənə deyirlər ki, 8 dəfə İrana getmisən. Həmin vaxtlarda neft şirkətindəki işimdən çıxmışdım. Yeni işlə bağlı İrana gedib-gəlirdim. Deyirlər ki, Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq istəmişəm. Mənə o, ittihamla cəza vermək olmaz. Digər məsələlərlə razıyam. Dövlət var. Cəza verilməsə özbaşınalıq olar". 

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan edilib. Səbuhi Şirinov istintaq zamanı deyib ki. Səbuhi Şirinovla taksidə tanış olub: "Söhbət əsnasında dini ədalətsizlikdən filan danışdıq. Bu vaxt Fazil Mustafa ağlıma gəldi. Çıxışlarından danışdıq. Gördüm ki, o, da narazıdır. Nə isə sonradan Səbuhi də işə qoşuldu. Fazil Mustafanın evinin yerini mən müəyyən etdim. Hadisə günü Səbuhini evin qarşısına apardım. Fazili vurandan sonra da aparıb evlərinə düşürdüm. Üç gün sonra görüşdük. Hadisəyə görə bir-birimizi təbrik etdik. Dediyinə görə 9 dəfə atəş açıb. İkimiz də sevindik”.

Sədrlik edən hakim təqsirləndirilən şəxsin sülhsevər insan olması haqda dediyi sözə qayıdıb. Ondan nəyə görə bu məsələni də sülh yolu ilə həll etmədiyini soruşub. Təqsirləndirilən Elşad Əsgərov isə bunun səbəbini Fazil Mustafanın Allahdan deyil, güllədən qorxması ilə əlaqələndirib. 

Daha sonra təqsirlındirilən Emin Əliyarov ifadə verib. Emin Əliyarov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib, polkovnik-leytenantdır. Onu bu işə bağlayan isə müttəhim Azər Səricanovla dost olması, Səricanovun cinayətdə istifadə edilən avtomatı onun evində gizlətməsidir. Emin Əliyarovun dediyinə görə, Səricanovun bağlamada gətirdiyi şeyin avtomat olmasından xəbəri olmayıb: “Uzun sumkada nə isə gətirdi. Heç nə olduğunu soruşmadım. Dedi ki, bu sizdə qalsın.  Azər narahat idi. Soruşdum ki, niyə narahatsan, dedi ki, Fazil hadisəsi bizlikdir. Polis qapıma gələnə kimi bilmirdim nədir. Evimdən silah çıxanda da şok oldum”.

Prokuror Emin Əliyarova hadisədən necə xəbər tutduğunu soruşub. O, isə belə cavab verib: "Azəri dediyim kimi 20 ildir tanıyıram. Silahı gətirəndə Azər dedi Fazilin işini biz eləmişik. İnanmadım. Dedim bu belə iş tutmaz. Fazilə qarşı mənim də etirazım vardı. Ancaq onu vurmaq və ya qorxutmaq barədə düşünməmişəm".

Daha sonra hakim deyib ki, təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb. Hakim növbəti iclasda şahidlərin dindirilməsi ilə prosesin davam etdirələcəyini bildirib. 

Növbəti proses martın 15-ə təyin edilib.

İttihama görə, Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə dini baxışlarına görə millət vəkili Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq və ondan qisas almaq məqsədilə sui-qəsd planını müzakirə ediblər. Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər.

Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Səricanova verib.
Hadisədən əvvəl Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahı özünə götürüb, avtomat silahı isə Səbuhi Şirinova verib.

Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb.

Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Hadisədən sonra Azər Səricanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Azər İsrafilov