Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində bir neçə hərbi hissənin maliyyə xidmətinin əməkdaşı şahid qismində ifadə verib. Qeyd edək ki, məhkəmə iclasında zərərçəkmişin (Maliyyə Nazirliyi) hüquqi nümayəndəsi iştirak etməyib. 

İlk olaraq hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Sərkarov Fərahim Fazil oğlu barədə məlumat verilib. Hakim Fikrət Əliyev məhkəmə prosesində iştirak edənlərin nəzərinə çatdırıb ki, ilk olaraq bu cinayət işi üzrə Fərahim Sərkərov təqsirləndirilən şəxs qismində cəlb edilib sonra isə onun işə ayrıca icraata verilib. Buna görə də Sərkarov vəkilinin içtirakı ilə şahid kimi yox,  təqsirləndirilən şəxs kimi ifadə verib. F. Sərkarov bildirib ki, 2010-cu ilin oktyabr ayından ordu sıralarında zabit kimi xidmətə  başlayıb:

"Müdafiə Nazirliyinin korpuslarının birində, sonra isə Hərbi Hava Qüvvələrinin Zirə qəsəbəsində yerləşən N saylı hərbi hissəsində maliyyə xidmət rəisinin köməkçisi işləmişəm. Sonuncu iş yerim isə Müdafiə Nazirliyinin Ağcabədidə yerləşən N saylı hərbi hissəsi olub. Orada 2018-ci ildən 2022-ci ilin fevralına kimi maliyyə xidmətinin rəisi vəzifəsində çalışmışam. 2022-ci ilin fevral ayında isə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilmişəm. Həmin ilin oktyabr ayına kimi həbsdə olmuşam. Dövlətə vurduğum ziyanı tam ödədiyim üçün istintaq orqanı mənə qarşı humanistlik göstərərək həbsimi başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz elədilər”. 

Sərbəst ifadə verən Fərahim Sərkarov qeyd edib ki, hərbi hissə ilə bağlı yazılan yoxlama aktı ilə razılaşıb.

594 min mənimsənilən məbləğin mənə düşən hissəsi 208 min 94 manat manat olub, onuda tam şəkildə ödədim. Yazdığımız əlavə pulların 30 faizini təftişə, 20 faizini isə maliyyələşməyə verirdik. Mən əsas Cəlal Kazımovla Rasim İbrahimovu tanımışam. Sildiyimiz məbləğlərin faizlərini adlarını qeyd etdiyim şəxslərin vasitəsilə təftişə vermişəm. İşlədiyim dövrdə Maliyyə Büdcə İdarəsinin təftişindən başqa nazirlik tərəfindən yoxlamaya iki dəfə inspeksiya idarəsidə gəlib. İlkin həbs olunanada inspeksiyaya verdiyim pulları istintaqa bildirməmişdim. Sonra onlara verdiyim 25 min manatıda dedim. Həmin vaxtda əlavə olaraq  25 min manat pulu Cəlal Kazımova vermişəm".

Prosesin bu yerində Cəlal Kazımov həmin 25 min manatla bağlı izahat verib: “Həmin pulun bir hissəsini Namiq Poladova, bir hissəsini də Rafael Xələfova vermişəm”.  

Sonra Cəlal Kazımov Fərahim Sərkarovun necə maliyyə xidmətinin rəisi təyin olunmasından, pulları kimlər arasında bölüşdürməsindən də danışıb: 

“Fərahimin maliyyə xidmət rəisi təyin olunması ilə bağlı təqdimatını mən vermişəm. Fərahim yalan danışan deyil. Artıq olan məbləğin 20 faizini maliyyələşmənin rəisi Nəriman Cabbarova, 30 faizi isə təftişin rəisi Rafael Xələfova çatıb. Həmin məbləğləri maliyyə xidmətinin rəisləri mənə verib, mən də onlara vermişəm. Heç kimdən əlavə pul alınmayıb, heç kimədə əlavə tapşırıqlar verilməyib. İnspeksiya pullarına gəlincə isə deyim ki, nazirlik tərəfindən bizim yoxlamadan başqa inspeksiya idarəsidə göndərilirdi. İnspeksiya yoxlamaları yalnız Müdafiə Nazirinin əmri ilə olurdu, Baş Qərərgah rəisinin yox. Onlar birbaşa nazirə tabedilər. Elə olurdu ki, inspeksiyaya pul verməyəndə o zaman sənəd aktlaşdırılırdı göndərilirdi yuxarıya. Ona uyğunda Baş Qərəgah rəisindən töhmət və ya mükafat yazılırdı.  Yoxlamalar gələn zaman tabeliyində olan  maliyyə xidmət rəisləri məlumat verirdi. Onlar pulları göndərirdi, məndə həmin məbləğləri Rafael Xələfova verirdim. O da məsələni inspeksiyanın rəisi Namiq Poladovla həll edirdi, beləcə problem aradan qalxırdı. 2019-cu ildə Fərahim Sərkarovun hərbi hissəsində 187 min manat mənimsəmə aşkarlanıb.Onun 20 faizini Nəriman Cabbarova, 30 faizinidə Rafael Xələfova vermişəm. Həmçinin hərbi hissələrə nazirlikdən qonaqlar gələndə maliyyə xidmət rəisləri onların oteldə qalmaq xərcini çəkirdilər. Onlarda mənim ayağıma yazılıb, ancaq o pullar mənə çatmayıb".

Sonra ifadəsini davam etdirən Fərahim Sərkarov artıq kart məsələsinə də aydınlıq gətirib: 

“Sonuncu işlədiyim hərbi hissədə ümumilikdə müxtəlif adlara 14 kart açmışam. Həmin məbləğləri çıxardaraq nağdılaşdırmışam".

Növbəti şahid Abdullayev Fərid Siracəddin oğlu mənimsəmə qeydə alınan hərbi hissədə 2019-cu ilin yanvar ayının 5-dən işlədiyini bildirdi: 

”İşlədiyim hərbi hissə müstəqil olub, birbaşa nazirliyə tabe olub. Yoxlamalarda birbaşa özüm iştirak etmişəm, artıq ödənişlər olub. İşlədiyim hərbi hissə müstəqil olandan sonra yeyintilər başlayıb. 67 230 manat pul mənimsəmişəm, 16 min manatı borc kimi şöbə rəismizə vermişəm. Dövlətə vurduğum ziyanıda tam formada ödəmişəm”. 

Sonra Fərid Abdullayev hakimə ödəniş qəbzlərini təqdim edib. 

Digər dindirilən şahid Əmirov Səftər Rafiq oğlu hazırda Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında maliyyə xidmət rəisi işlədiyini qeyd etdi. Mənimsəmə baş verən zaman isə hərbi hissələrin birində maliyyə xidmət rəisi vəzifəsində çalışıb. Heç zaman hakim qarşısına çıxmadığından həyəcanlanan Səftər Əmirov yeyinti etdiyini səmimi etiraf edib: 

“Ümumilikdə 153 min manat mənimsəmə olub, yoxlamanın nəticəsi ilə razıyam. Mənə düşən 67512 manatdan 52 800 manatını dövlətə ödəmişəm. Qalan məbləğlər isə təftiş aparanlara verilib. Vurduğum ziyanın qalanınıda qısa vaxt ərzində ödəməyə söz verirəm”. 

Növbəti şahidlərin dindirilməsinin qapalı keçirilməsi ilə bağlı vəkillər vəsatət verib. Hakim onların vəsatətlərinə hüquqi qiymət verərək əsaslı olduğu üçün vəsatəti təmin edib.  

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Azər İsrafilov