Vəhhabilər Azərbaycanı hədələdi
Vəhhabilər Azərbaycanı hədələdi

"Kimyəvi silah və bıcaq bizlərə kifayət edər"

Son zamanlar ölkədə dini qruplaşmaların aktivləşdiyi müşahidə olunmaqdadır. Düzdür, ekspertlər hesab edirlər ki, ölkədə dini təhlükə yoxdur və bu qruplaşmalar heç bir təhlükləi rol oynaya bilməz. Amma, əslində, məsələ heç də düşünüldüyü kimi deyilmiş.

Bir müddət öncə İranın təsir dairəsində olan İslam Partiyası hakimiyyətə qarşı açıqlamalar verdi və ölkəboyu az qala hicab inqilabı ab-havası yaratdı.
Həmin an aydın oldu ki, əslində ölkədə dini inqilab üçün zəmin var və bu qüvvələr heç də Azərbaycana bağlı deyil.
İki aparıcı dini xətt olan şiələrin böyük hissəsi İrana, vəhabilər isə Səudiyyə Ərəbistanına bağlıdır. Məhz bu iki dövlətin istəyi ilə hərəkət edən qüvvələr Azərbaycanda real təhlükə olduqlarını sübut etdilər. İslamçıların İran qolu haqqında çox yazıldığından bu dəfə vəhhabi qanadına toxunmaq istəyərdik. Ciddi maliyyəyə sahib olan və dini marifləndirməyə üstünlük verən bu qanad çox qısa zamanda Azərbaycanda özünə yer tutdu. Bu gün ən mütəşəkkil dinni qanadlardan biri də məhz onlardır. Amma Bakıda Əbu-Bəkr məscidinin qapanmasından sonra vəhabilərin aktivliyi hiss olunmadı. Bunun qarşılığında isə bölgələrdə vəhhabilər daha da aktivləşməyə başladılar. Kapital sahibi olan vəhhabilər bölgələrdə yoxsul durumda yaşayan əhali üçün göydəndüşmə oldular. Qısa zamanda bölgələrdə, əsasən, fermer təsərrüfatları yaratmaqla əhalini ətraflarına toplaya bilən vəhabilər hətta bəzi bölgələrdə, demək olar ki, idarəetməni də ələ keçiriblər.
Amma başqa bir məqam da bundan ibarətdir ki, dini maarifçilik və bizneslə məşğul olan vəhhabi qruplaşmaları ilə bağlı silahlı dəstələr də mövcuddur.
Qısa zaman ərzində aydın oldu ki, bu silahlı qruplaşmalar həm hansısa formada bir-biri ilə bağlıdır və bu o deməkdir ki, bir mərkəzdən idarə olunma ehtimalı böyükdür.
Digər tərəfdən isə aydın oldu ki, onlar artıq Azərbaycanın hər yerinə yayıla biliblər. Belə ki bu gün onların Bakıda, Sumqayıtda, Gəncədə, Zaqatalada təşkilatlanmış qruplaşmaları var və sirr deyil ki, digər bölgələrdə də dayaqdan mərhum deyillər.
Maraqlıdır, bəs bu silahlı qruplaşmalar birdən-birə niyə belə çoxaldı?
Bu məsələyə yanaşmada bir neçə məqama diqqət ayrırmaq lazımdır. İlk növbədə aydın olur ki, bu qruplaşmalara Səüdiyyə Ərəbistanının nə qədər təsir imkanları varsa, Rusiya da bu qüvvələrə təsir edə bilir. Məsələnin ən mürəkkəb tərəfi də məhz budur.
Ona görə ki bu qüvvələrin konkret hansı mərkəzlərdən idarə edildiyini tam müəyyənləşdirmək mümkün deyil.
Azərbaycanda bu qüvvələrin silahlı qruplaşma halına düşməsinin əsas səbəblərindən biri Çeçenistanda açıq və aktiv fəaliyyət göstərdiklərinə görə Azərbaycana axın etmələridir. Müxtəlif yollarla Gürcüstana və Azərbaycana keçən bu şəxslər həm də hansısa formada Rusiya xəfiyyə orqanlarının tətikçisinə çevriliblər.
Bunu da qeyd edək ki, son zamanlar Azərbaycan həm də bir sıra radikal islam qruplaşmalarının maraq dairəsinə düşüb. Nəticədə bu qruplaşmalar gəncləri müxtəlif yollarla ölkədən çıxarır və terror təşkilatlarına cəlb edirlər.
Belə olan halda nə etməli?
Müşahidəçilər bildirirlər ki, bu cür halın yaranması bilavasitə dini maarifləndirmənin olmaması ilə bağlıdır. Yəni xurafatçılıq nə qədər çox olursa,bu qüvvələr də bundan o qədər istifadə edir. Buna görə də dini maarifləndirməyə xüsusi yer ayrılmalıdır.
Bu cür dini təşkilatlarla silahlı qruplaşmaların arasındakı əlaqələrin kəsilməsinə nail olmaq mütləq vacibdir.
Qeyd edək ki, silaha əl atan qüvvələrə havariclər deyilir və onlar hər zaman intiqam alma hissini əsas hədəf kimi müəyyənləşdirirlər.
Elə son məlumatlar da bunu təsdiq edir.
Belə ki, MTN-in Gəncədə həyata keçirdiyi əməliyyatdan sonra vəhhabilərin buna bir cavab verəcəyi təxmin edilirdi. Ən azı, bəyanat şəkilində.
Və artıq bəyanat ortadadır. Havariclər Azərbaycanı hədələyirlər. Bəyanatda deyilir: "Həmd olsun Allaha. Cümə günü Azərbaycan dövlətinin ikinci böyük şəhəri sayılan Gəncədə xüsusi təyinatlılar sələfi mücahidlərinə qarşı əməliyat keçiriblər. Xüsusi əməliyat nəticəsində Vüqar Padarov qardaşımız istədiyinə çata bildi (burada şəhadət nəzərdə tutulur). Qoy Allah onu öz dərgahına qəbul etsin və onu Cənnətə götürsün.
Avrovozion müsəlmanlar üçün qorxulu bir yuxudur. Həmd olsun Allaha ki, müsəlmanlar artıq Quranın bir ayəsini dərk edə bildilər. "Əgər bir ümmət öz müqəddaratını dəyişməsə Allah onların müqəddaratını dəyişməz". Üzdəniraqlar, şeytanın tərəfdarlartı fikirləşməsinlər ki, şəhidlərin, səhabələrin, tabeinlərin məskəni olan Azərbaycana gələrək istədikləri kimi hərəkət edə biləcəklər. Onlara qarşı hücumlar təşkil ediləcəkdir. Və nə Mossad, nə Mİ-6, nə CİA nədə digərləri onlara kömək edə biləcək. Heç bir silah və partlayıcı qurğu istifadə edilməyəcəkdir. Kimyəvi silah və bıcaq bizlərə kifayət edər.
İllərlə çayxanada oturaraq dildə əqidə zəifliyini, zülmü danışmaq olar. Amma bunun aradan getməsi üçün real bir əməl lazımdır".
Gördüyünüz kimi,bəyanat kifayət qədər sərt və məqsədlidir. Hətta belə nəticəyə gəlmək olar ki, bu, tək bir qrupun yox, hansısa qurumun Azərbaycanda gərginlik yaratmaq üçün növbəti planıdır.
Toğrul Əliyev