Bakı Ağır Cinayətlər Məhkəməsində 7 nəfərə qarşı külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi başlayıb.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Nərimanov Elcan Vüqar oğlunun məhkəmə iclasına hakim Leyla Əsgərova- Məmmədova sədrlik edib. Zərərçəkmiş qismində Abdullayev Anar Vəli oğlu, Abdullayev Azadxan Söhrab oğlu, Hüseynov Anar Əmənulla oğlu, Verdiyev Ənvər Ramiz oğlu, Cavadzadə Cavad Mübariz oğlu, Abdinov Samir Sabir oğlu və Qarayev Səxavət Ağabala oğlu tanınıb.  

Məhkəmə iclası dövlət ittihamçısının ittiham aktını elan etməsi ilə başlayıb. Məlum olub ki, Elcan Nərimanov əsasən vətəndaşlardan Polis Akademiyasına tələbə düzəltmək və müəyyən iaşə obyektlərini icarəyə vermək adı ilə külli miqdarda vəsait alaraq dələduzluq edib. 

Sonra çıxış üçün söz təqsirləndirlən şəxsə verilib. Elcan Nərimanov bəzi şəxslərdən pul aldığını etiraf etsə də, əsasən aldığı külli miqdarları inkar edib:

“Samir Abdinov epizodundan mənə qara qəpik də pul çatmayıb. Polis Akademiyasına tələbə düzəltmək adı ilə 60 min manatı Seymur Abdinov şəxsən Azadxan Abdullayevə verib, ancaq ittiham aktında mənə verdiyi ilə bağlı ifadə verib. Zərərçəkən Anar Abdullayevi isə şəxsən tanımıram, mən Kamranı tanımışam. Mən onlara qəti fikir bildirməmişəm ki, Polis  Akademiyasına tələbə düzəldəcəm. 16500 manat almışam, etiraf edirəm, hissə-hissə veriblər. Amma 40 min manatı mən almamışam”.

Qeyd edək ki, Elcan Nərimanov özü icarəyə restoranlar götürüb işlədib. Bu sahədə təcrübəsi olan E. Nərimanov bir müddət sonra ayrı-ayrı şəxslərə restoran icarəyə vermək adı ilə müxtəlif məbləğlər alıb, ancaq bir çox restoranları elə hazırda zərərçəkən qismində tanınan şəxslərin özləri ilə şərik istifadə edib:

“Azadxan Abdullayev ilə bəzi restoranlara şərik olmuşam. İcarəyə verdiyim deyilən "Pikasso" restoranının 2 min manat icarə haqqı olub, necə onu aldada bilərəm. "Everest" restoranınıda ayda 4 min manata şərik işlətmişik. "Jalə" restoranına isə təmir üçün 11 min manat Azadxan qoyub, 20 min manat isə mən qoymuşam. Cavadzadə Cavad isə obyekt icarəsi üçün 2 min manat beh verib, səhərisi gün zəng edib dedi ki, o obyektin icarəsi çoxdur, çatdıra bilmərik. Mən də həmin behi qaytarmadım. Səxavət Qarayevdən 9900 manat almışam, o da icarə haqqı ilə bağlı idi, etiraf edirəm, qaytarmamışam. 

Məhkəmə prosesi 8 aprel tarixinə kimi təxirə salınıb.

Azər İsrafilov