İrəvanın Açapnyak rayonunda atışma və qumbaranın partlaması ilə nəticələnən insident baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İdarədən verilən məlumata görə, Fuçik küçəsindəki evlərdən birinin həyətində atışma və qumbaranın partlaması ilə bağlı polisə zəng daxil olub. Bundan az sonra Aştarak şosesində yaralının tapıldığı barədə anonim zəng daxil olub.

Zərərçəkmiş, 1995-ci il təvəllüdlü Ararat rayon sakini qəlpə yaraları və çoxsaylı bədən xəsarətləri ilə Ermənistan tibb mərkəzinə çatdırılıb. Daha sonra 1986-cı il təvəllüdlü İrəvan sakini sol ayağından güllə yarası ilə İrəvan Tibb Universitetinin 1 saylı “Heratsi” klinikasına gəlib.

Hazırda yaxınlıqda yerləşən yol müşahidə kameralarının qeydlərinin təhlili aparılır.