Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Samuxda Novruz bayramı ilə əlaqədar Samux Rayon İcra Hakimiyyətinin və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon gəncləri iştirak edib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb. 

Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya Samuxdan 100-dək artıq sakin qoşulub. 

Samux Rayon İcra Hakimiyyəti talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa çağırır.