2 milyon dollar cərimələnən şirkətlə bağlı ilginc təfərrüatlar
2 milyon dollar cərimələnən şirkətlə bağlı ilginc təfərrüatlar

"Engin LTD"nin vergi ödəyicisi olmaması hansı şübhələrə yol açır?

Bir neçə gün əvvəl mətbuatda maraqlı bir rəsmi açıqlama verildi. Amma nədənsə həmin açıqlama çoxlarının diqqətini çəkmədi və üstündən sükutla keçildi. Söhbət "Engin LTD" adlı məhdud məsuliyyətli cəmiyyətin (MMC) iri həcmdə cərimələnməsindən gedir.

Rəsmi məlumatda göstərilirdi ki, İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Engin LTD" MMC-ni çox böyük məbləğdə cərimə edib. Belə ki, reklam qaydalarını pozduğu üçün şirkət 1 mln 784 min 484 manat cərimə olunub. İİN-in məlumatına görə, (http://www.economy. gov.az/index.php/az/ministry/press/news/1226-engin-ltd) "reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı "Blend-a-med" diş məcunu, "Oral-B" diş fırçası və "Always-Ultra" qadın bezlərinin reklamlarında istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə edildiyi müəyyən olunmuşdur".
Bununla əlaqədar həmin reklamların sifarişçisi olan "Engin LTD" MMC-yə qanunsuz reklamların yayımının dayandırılması barədə göstəriş verilib və reklamların mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.
Demə, "Engin LTD" MMC rəhbərliyi istintaqa yalan məlumatlar verib. Belə böyük cərimə bununla əsaslandırılır. O da maraqlıdır ki, "Turan" İnormasiya Agentliyi məlum rəsmi məlumat yayıldıqdan sonra şirkətdən bəzi suallara cavab almaq istəyib, amma niyəsə şirkətin təmsilçiləri həmin suallar cavab verməkdən imtina ediblər.
Araşdırmalarımızın nəticəsinə görə, bu, "Engin LTD" MMC-nin Şahin Mustafayevin rəhbərlik etdiyi nazirliklə ilk münaqişəsi deyil. Belə ki, 2010-cu ilin aprelində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti şirkətin anbarlarında 12 ton vaxtı keçmiş, ərzaq, 43 min ton keyfiyyətsiz qeyri-ərzaq malları aşkarlayıb.
Araşdırmalar eyni zamanda onu da göstərir ki, bu distribütor şirkəti bazarda inhisarçı mövqelərə malikdir və onun monopoliyasının miqyasını müəyyən etmək üçün "Engin LOTD" ilə tərəfdaş olan məşhur şirkətlərin adlarınaca nəzər salmaq kifayətdir Həmin ünlü şirkətlərin sırasında The Procter & Gamble Company, Gillette, Walkers, Lorenz Snack-World, Wella, Ferrero, Uni və başqaları var. Lisenziyalı mallar bazarının yarıdan çoxu bunların payına düşür.
Araşdırmalar həmçinin onu da göstərib ki, haqqında danışılan MMC-nin təsisçisi Anar Akif oğlu İbrahimov, şirkətin nizamnamə kapitalı isə 463 min dollardır.
Çeşiddən görünür ki, şirkət ölkənin bütün ticarət məntəqələri ilə işləyir. Amma o, ictimaiyyət üçün qapalıdır. www.engin.az səhifəsində "yeniliklərdən" məlum olur ki, 2011-ci ildə İngiltərənin Walkers şirkəti ilə tərəfdaş olub. Saytın "Xəbərlər" bölməsi isə boşdur.
Ekspertlər hesab edir ki, Azərbaycan bazarında bu cür üstün mövqelərə malik olmaq və inhisarçı şirkətə çevrilmək şansı yalnız yüksək rütbəli məmurların nəzarətindəki biznes quruluşlarında var. Ya da hansısa iri məmurun yaxın adamı olmaqla bazarda diqtə edəcək imkanlara malik şirkət yaratmaq mümkündür.
O da ilgincdir ki, "Engin LTD" MMC hətta iri vergi ödəyicisi də deyil. Ekspertlər isə bu məqamı xüsusilə qabartmağın tərəfdarıdırlar, çünki bu, yalnız məmur şirkətlərinə tanınan xüsusi "haqq"dır. Arxasında güclü əl olmadan heç bir şirkətin iri vergi ödəyicisi olmadan bazarda monopolist mövqelər qazanması qeyri-realdır.
Daha bir maraqlı məqam isə Şahin Mustafayevin nazirliyinin bir neçə il ərzində ikinci dəfə bu şirkətə ağır zərbə vurmasıdır. Mümkündür ki, bu, sifarişlidir və həmin şirkətlə bağları olan məmur kimdirsə, onun biznes şəbəkəsinə hücumun tərkib hissəsidir.
Ya da ola bilər ki, şirkət İİN-lə hansısa yazılmamış qanunu pozub və indi də onun cəzasını çəkmək məcburiyyətində qalıb.
Obyektivlik naminə onu da bildirək ki, yazıda adı hallanan bütün tərəflərin mövqeyini dinləməyə və çap etməyə hazırıq.
Azər Aslan