“AST Telman”ın Türkiyədə daha iki uğursuzluğu

“AST Telman”ın Türkiyədə daha iki uğursuzluğu

Məşhur iş adamı qardaş ölkədə hansı istəklərinə çatmadı?

Rusiyadakı biznesinin əsas hissəsini Türkiyəyə köçürən və burada yaşayaraq işləməyə davam edən “AST” Şirkətlər Qrupunun prezidenti, məşhur azərbaycanlı biznesmen Telman İsmayılov qardaş ölkədə iki uğursuzluqla qarşılaşıb. Bu barədə etibarlı mənbə bildirib.
Mənbənin deməsinə görə, bunlardan biri Telman İsmayılovun Türkiyə vətəndaşı olmaq istəməsi, amma bu istəyini hələ də reallaşdıra bilməməsidir. Hələ 2009-cu ildə məlumat yayılmışdı ki, Telman İsmayılov Türkiyə vətəndaşı olmaq istəyir. Səbəb isə aydın idi: Rusiya prezidenti Vladimir Putinlə münasibətləri korlandıqdan sonra İsmayılov Türkiyəyə daşınmış, 2009-cu ilin mayında isə onun Antalyada inşa etdirdiyi möhtəşəm otelin təntənəli açılış mərasimi olmuşdu. O vaxt bildirilirdi ki, azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyə vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib. Bu barədə Türkiyə hökumətinə yaxınlığı ilə tanınan "Yeni Şafak" qəzeti də məlumat yaymışdı. Qəzetin iddiasına görə, açılış mərasimində yaxın çevrələrinə xitabən “AST Telman” kimi də tanınan milyonçu soydaşımız Türkiyəni çox sevdiyini və özünün də türk olduğunu bildirib: "Rusiya pasportum var, ancaq Türkiyəyə aşiqəm. Bu səbəblə vətəndaşlığa keçmək üçün müraciət etdim".
Aradan 4 il keçməsinə baxmayaraq, Telman İsmayılovun hələ də Türkiyə vətəndaşlığını qəbul etmədiyi iddia olunur. Bunun Türkiyə tərəfindən qəbul olunmadığı, yoxsa Telman İsmayılovun özünün həmin istəyindən sonradan vaz keçdiyi isə dəqiq məlum deyil.
“AST Telman”la bağlı başqa bir uğursuzluq kimi isə onun qardaş ölkədə “futbol biznesi” qurmaq üçün uzun müddət səy göstərməsi, amma sonda cəhdlərinin nəticəsiz qaldığını görüb bundan vaz keçməsi göstərilir. Məlumatlı qaynağın bu haqda dedikləri: “Təxminən üç il əvvəl Telman İsmayılovun Türkiyədə futbola ciddi sərmayə yatırmaq istəyində olduğu barədə məlumatlar yayıldı və həmin məlumatlar adətən “xəyali” informasiyalar yaymaqdan çəkinən türk mediası tərəfindən ortaya atıldı. Bildirildi ki, Telman İsmayılov "Antalyaspor" klubuna sahib çıxmaq istəyir. Bu haqda yazan məşhur türk xəbər portallarının iddiasına görə, İsmayılov "Antalyaspor"u almaq istədiyini açıq dilə gətirib və satınalmanın nə vaxt gerçəkləşəcəyi dəqiqləşdirilir. O vaxt hətta Türkiyədə yaşayan və çalışan başqa bir biznesmen soydaşımız Mübariz Mənsimovun sahibi olduğu "Palhaber" portalı da bununla bağlı xəbər yaymışdı. Saytın həmin vaxt "Çılgın azəri "Antalyaspor"u alır" başlıqlı xəbərində İsmayılova yaxın mənbələr azərbaycanlı iş adamının yəhudi əsilli rusiyalı milyarder Roman Abramoviçin yolu ilə gedərək "Antalyaspor"u Türkiyənin "Çelsi"sinə çevirmək istədiyi qeyd olunurdu. Xəbərdə bildirilirdi ki, “AST Telman” “bomba transferlər”lə "Fənərbaxça", "Qalatasaray" və "Beşiktaş"la rəqabət aparmaq niyyətindədir. O vaxt hələ sponsorluq rəsmiləşmədən “AST Telman”ın sözügedən kluba milyonlarla manatlıq yardım etdiyi də gələn bilgilər arasında idi. Amma sonradan bu xəbərlərin arası qəfil kəsildi. Yalnız indi məlum olur ki, milyonçu iş adamının Türkiyə futboluna sərmayə yatırması reallaşmayıb, bunun konkret səbəblərini demək çətin olsa da, bir məqam bu niyyətdən Telman İsmayılovun vaz keçmədiyini göstərir. Əgər İsmayılovun “futbol sevgisi” azalmış olsaydı, o, qardaş ölkədə niyyətinin gerçəkləşmədiyini görərək, üzünü yenidən Rusiyaya tutmaz və Şimali Qafqazda futbola pul yatırmazdı. Bu fakt onu deməyə əsas verir ki, kimlərsə İsmayılovun Türkiyə futbolunun içinə sızmasını istəməyib və belə də İsmayılov, - bəlkə də acığa düşərək! - pullarını Rusiya futboluna yönəltməyə qərar verib”.
Mənbəmiz ümumiyyətlə, “AST Telman”ın hazırda Türkiyədə qardaş ölkəyə gəldiyi ilk günlərdəki kimi həvəsli və məmnun olmadığını iddia edir. Onun fikrincə, iş adamının bəlkə də futbolu bəhanə edərək, yenidən üzünü Rusiyaya çevirməsi onun bu ölkədəki günləri üçün darıxdığını, Putin hakimiyyəti ilə əvvəlki isti əlaqələri bərpa etməyə çalışmasını göstərir. Eyni zamanda belə ehtimallar irəli sürməyə imkan verir ki, əgər İsmayılovun bu səyi özünü doğrultsa, məşhur iş adamı Rusiyaya qayıdacaq və Türkiyədəki yatırımlarının xeyli hissəsini sataraq yenidən Moskvada möhkəmlənməyə çalışacaq.
Azər Aslan