Bəzi icra başçılarının müdhiş qorxusu
Bəzi icra başçılarının müdhiş qorxusu

Onların səksəkə içərisində olduğu necə təsdiqləndi?

Azərbaycanda ictimaiyyətin və mətbuatın ən çox tənqid hədəfi olan məmurlar sırasında bəzi icra başçılarının gəldiyini söyləmək artıqdır. Onlar özlərini rəhbərlik etdikləri rayonlarda hakimiyyətin yerli nümayəndəsindən çox ağa kimi aparır, vətəndaşları incidir, daha çox şəxsi kapitallarını artırmaq qeydinə qalır və bu da sonucda həm vətəndaşlarda ümumiyyətlə, yerli icra hakimiyyətlərinə qarşı narazılıq və etimadsızlıq yaradır, həm də hökumətdən incik düşənlərin sırasını genişləndirir.
Amma son vaxtlar bəzi rayonlarda icra başçıları çox ciddi narahatlıq yaşayırlar, haqlarında mərkəzi mətbuata və yuxarı instansiyalara mümkün olduqca heç bir şikayətin getməməsi üçün həssaslıq göstərirlər. Bunun qarşısını bəzən qanunsuz yollarla almağa çalışan bəzi icra başçılarında yaranan səksəkə və qorxu isə, heç şübhəsiz, ölkə başçısının bu ilin fevralında keçirilən müşavirədəki sərt xəbərdarlığı ilə əlaqədardır.
Müşavirədə xalqı hakimiyyətdən narazı salan məmurların ünvanına kəskin çıxışının ardınca bir neçə rayon İcra Hakimiyyəti (RİH) başçısı cəzalandırıldı. Gözlənilir ki, qarşıdakı aylarda daha bir neçə icra başçısının vəzifədən göndərilməsinə dair “qara xəbərlər” yayılsın. Artıq bununla bağlı Prezident Administrasiyasından bütün rayon və şəhər icra hakimiyyətlərinə xəbərdarlıq edilib. Onların diqqətinə çatdırılıb ki, seçki ilində vətəndaşların problemlərinə həssaslıq göstərməyən, barələrində həm yuxarı instansiyalara, həm də mərkəzi mətbuata şikayətlərin davam etdiyi icra başçıları sərt şəkildə cəzalandırılacaq.
Elə bu da bəzi icra başçılarının əvvəlki dövrlərdən fərqli olaraq, mətbuatın tənqidlərinə diqqəti artırmalarına gətirib çıxarıb. Belə ki, təxminən ay yarımdır rəsmi dövlət qəzetlərində və hakimiyyətyönlü KİV-lərdə həm müxtəlif rayonlarda inkişafın və əhalinin problemlərinin həllinin sürətləndiyi barədə yazıların sayı artıb, həm də müstəqil və müxalif mövqeli nəşrlərdə ünvanlarına iradlar səsləndirilən icra hakimiyyətlərinin “təkzib mətnləri” çoxalıb. Xüsusilə rayon icra hakimiyyətlərinin hətta ictimai rəyə heç bir ciddi təsiri olmayan qəzetlərdə və saytlarda özləri haqqında gedən tənqidlərə də cavab açıqlamaları yayması və bu açıqlamaları bir qayda olaraq, hakimiyyətə yaxınlığı ilə seçilən qəzetlərdə çap etdirmələri təsdiq edir ki, müəyyən rayonların icra başçılarında ciddi narahatlıq var.
Onlar haqlarındakı tənqidlərin vəzifələrini itirmələri ilə sonuclanacağının qorxusunu yaşayırlar, ona görə də özləri barədə hər bir tənqidə xüsusi həssaslıqla yanaşır, adı geniş oxucu kütləsinə tanış olmayan qəzetlərdə belə, haqlarında yazılan iradlara hökumət mətbuatında dərhal reaksiya verirlər. Hesab etmək olar ki, bu, onların kreslolarına yaranmış təhlükəni önləmək cəhdidir; amma problemlərin həll edilməyəcəyi təqdirdə bu təkziblər əhalinin narazılığının yüksək olduğu bəzi rayonların icra başçılarının görəvdə saxlanılmasına heç bir təminat verə bilməz.
Yəni əslində yaxşısı o olardı ki, yerli icra hakimiyyətləri özlərinə olan tənqid və ittihamları dərhal təkzib etməklə ölkə rəhbərliyinin qəzəbindən sığortalanmalarını təmin etmək əvəzinə, problemlərin həlli ilə məşğul olsunlar ki, Quba, İsmayıllı kimi rayonların icra başçılarının aqibətlərini yaşamaq məcburiyyətində qalmasınlar.
Ülviyyə Qasımlı