Uğursuz ipoteka siyasəti: çıxış yolu nədir?
Uğursuz ipoteka siyasəti: çıxış yolu nədir?

Samir Əliyev: "50 minlik ev almaq istəyən insan 10 min manatı əvvəlcədən ödəməlidir, buna hər bir gənc ailənin gücü çatmır"

Azərbaycan Mərkəzi Bankı (AMB) respublikada ucuz evlərin tikintisi ilə bağlı böyük layihənin hazırlanması məsələsi üzrə ölkə rəhbərliyi və bank sektoru ilə danışıqlar aparır. Belə mənzillər ipoteka kreditləşməsində istifadə olunmalıdır:

Ekspertlər hesab edirlər ki, "Biz kommersiya, bəlkə də sosial ipoteka çərçivəsində maliyyələşdirmənin həcminin artımına getməliyik. Amma bu sonsuz proses deyil. Əsas ucuz evlər təklifi bazarını artırmaq lazımdır ki, ipoteka kreditinə layiqli ev almaq mümkün olsun. Biznes, hökumət, bank cəmiyyəti bunu necə etmək barədə düşünməlidir".
Baş bankir əlavə edib ki, gənclər üçün ölkədə ucuz, əlçatan, təmirli evlərin olması vacib, lakin eyni zamanda çətin məsələdir: "Biz kommersiya ipotekasının həcmini artıracağıq. Bizim bu il istiqraz vərəqələrinin hesabına bazarda borcalmaları artırmaq imkanlarımız var".Onun sözlərinə görə, bundan başqa bu il Azərbaycan İpoteka Fondunun xətti ilə təqdim olunan kommersiya ipotekasının maksimum məbləğinin artırılması imkanları mövcuddur.
Qeyd edək ki, bir müddət əvvəl dövlət başçısı ipoteka kreditləşməsinin effektivliyinin artırılması istiqamətində işlərin görülməsinin vacibliyinə toxunmuşdu. Bildirmişdi ki, bu istiqamətdə vəsaitin həcmi artırılacaq. Lakin maliyyə naziri Samir Şərifovun sonrakı açıqlamasında bu il üçün hər hansı bir artımın olmayacağı məlum oldu.
Nazir bunu onunla əsaslandırdı ki, cari ilə dövlət büdcəsindən ipoteka krediti üçün ayrılan vəsait 2 dəfə artırılaraq 40 milyon manata qaldırılıb. İndi isə məlum olur ki, hökumət vəsaitin artırılmasından çox, kreditlərin verilməsində aktivliyin yüksəldilməsi haqqında düşünür. Ucuz binaların tikilməsi haqqında təklif bu istiqamətdəki mexanizmlərdən biridir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, hazırda Azərbaycanda əhalinin ipotekaya əlçatanlığı aşağı səviyyədədir: "Sosial ipoteka siyasəti ümidləri doğrultmadı. İl ərzində orta hesabla 2 min insan evlə təmin olundu. Halbuki, bu il 70 min gənc ailə həyatı qurub. Onların ən azı yarısının mənzilə ehtiyacı var. Yəni il ərzində 20-30 min insanın evə ehtiyacı yaranır. İndi orta hesabla il ərzində 30-40 min insana ipoteka krediti verilməlidir ki, bir neçə ildən sonra evsizlik problemi minimuma düşsün".
Ekspertin sözlərinə görə, ipoteka resursları kifayət qədər azdır: "İpoteka kreditləşməsində bu gün bazarın həcmi hardasa 700 milyon civarındadır. Bu, ümumi daxili məhsulun təqribən 1 faizi edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm ümumi daxili məhsulun 50-60 faizini tutur. MDB ölkələri olan Ukrayna və Rusiyada ipoteka bazarının həcmi 8-10 faiz arası təşkil edir. İpoteka kreditlərinə əlçatanlığı təmin etmək üçün bazarın həcmi 4-5 dəfə artırılmalıdır. Orta hesabla adambaşına ipoteka kreditləşməsi 50-60 manat civarında dəyişir. Bu çox aşağı bir göstəricidir. İnkişaf etmiş ölkələrdə ən aşağısı 1000 manatdan başlayır".
S.Əliyev bazarın kiçik olmasının səbəbini şərtlərin ağırlığında görür: "Əsas problem ilkin ödənişlə bağlıdır. Adi ipotekada 20, sosial ipotekada 15 faizi ilkin ödənişdir. 50 minlik ev almaq istəyən insan 10 min manatı əvvəlcədən ödəməlidir. Əlbəttə, buna hər bir gənc ailənin gücü çatmır. Daha sonra sənədləşmədə bürokratik əngəllər ipotekaya əlçatanlığı azaldır. Elmar Rüstəmov deyir ki, ipoteka kreditləşməsi sonsuz deyil, başqa mexanizmlər tapılmalıdır. Halbuki, biz dəfələrlə yeni mexanizmlər barədə danışmışıq. Birinci mexanizm şərtlərin yüngülləşdirilməsidir. İkinci mexanizm isə "Tikinti əmanət bankları haqqında" Qanunun qəbuludur. Sözügedən Qanun layihəsinin qəbulu bir neçə ildir ki, yubadılır. Amma inkişaf etmiş bir sıra ölkələrdə bu insanları mənzillə təmin edilməsində böyük rol oynayan mexanizmlərdən biridir. Belə ki, hər bir valideyin tikinti əmanət banklarında övladlarının adına hesab aça və ora mütəmadi vəsait yatıra bilərlər. Övladları bəlli yaşa çatandan sonra ev almaq üçün vəsaiti götürə bilirlər. Əgər mənzil almaq üçün pul yetməzsə, həmin bankdan güzəştli şərtlərlə kredit götürə bilərlər.
Üçüncü, mexanizm isə sosial evlərin tikintisidir. Dünyada geniş yayılmış bir praktikadır. Burada mənzil fondlarının əksər hissəsini sosial evlər təşkil edir. Belə mənzillərdə yaşayanlar hökumətə hər ay bəlli bir məbləğ keçirir. Bir müddətdən sonra mənzil vətəndaşın adına keçir. Azərbaycan hökuməti əgər kifayət qədər vəsaitlərin olduğunu deyirlərsə, o zaman sosial xarakterli binaların tikintisinə başlamalıdırlar. Qanunda belə bir hüquq bələdiyyələrə verilsə də, indiyədək həyata keçirilməyib",- deyə ekspert vurğuladı.
Vüsalə Rüstəmli