Xəbər verdiyimiz kimi, Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

"Unikal" Ramin Məmmədovun dosyesini təqdim edir: 

Ramin Məmmədovun özü əslən Qarabağdandır  - 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib – 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.

BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İnkişaf edən liderlər” adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.

İndiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Bu illər ərzində “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir.