Facebook-da Azercell-ə böyük şok
Facebook-da Azercell-ə böyük şok
Mobil operatordan narazı qalanlar sosial şəbəkədə birləşiblər

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan şikayətlər durmadan artır. Vətəndaşların bir çoxu mobil operatorların istehlakçıların hüquqlarını pozmasında ittiham edirlər.

Bu hal demək olar ki, ölkədəki bütün mobil operatorlara aid bir haldır. Baxmayaraq ki, qarşı tərəf istər mobil xidmətin keyfiyyəti, istərsə də qiyməti ilə bağlı daim əks açıqlamalarla çıxış edirlər. Yəni abonentlərin şikayətlərinə həssaslıqla yanaşmaq əvəzinə təkziblə işlərini bitmiş sayırlar.
Məsələn, Azərbaycanda hələ də mobil danışıq qiymətləri baha olması ilə seçilir. Ölkədə indilikdə üç operator fəaliyyət göstərir ki, onlardan da ən böyüyü "Azercell"dir. Ölkə əhalisinin yarıdan çoxu məhz bu şirkətlə işləyir. Lakin 9 milyonluq əhaliyə üç mobil şirkətin xidmət göstərməsinə rəğmən bu sahədə qiymətlər hələ də yüksəkdir. Operatorlar nədənsə qiymət endirimlərinə getmirlər. Baxmayaraq ki, abonentlər daha çox bu məsələdən narazıdırlar.
Dünənsə öyrəndik ki, Azərbaycanda narazı mobil rabitə operatorlarının müştəriləri öz etiraz və şikayətlərini ifadə etməyin yeni yolunu tapıblar. Belə ki, ölkənin aparıcı mobil operatorlarından (əksəriyyət onu mobil rabitə bazarında inhisarlaşmış şirkət hesab edir) olan "Azercell"in narazı müştəriləri facebook-da xüsusi səhifə yaradıblar. Həmin səhifə "Azercell-i sevməyən 500 səhifə axtarılır" adlanır.
Maraqlı burasıdır ki, indiyədək həmin səhifəni nəinki 500, bundan 7 dəfə çox - 3670 facebook istifadəçisi bəyənib ("like" edib).
Səhifənin yaradıcısı və ya yaradıcıları niyyətlərini belə ifadə ediblər: "Biz istəyirik ki, ən azından Azercelldə danışıq qiymətlərini ucuzlaşdırsın. Yalançı kampaniyalarla milləti soymasın. Hamı narazıdır.Biz buna etiraz etmək üçün narazı şəxsləri bir araya yığırıq".
Qeyd edək ki, səhifədəki status və şərh müəlliflərinin bir çoxu əsasən yalançı kampaniyalara, qiymətlərin yüksək olmasına, Azercell data-kartlarının yaxşı işləməməsinə və s. diqqət çəkirlər.
Burada digər mobil operatorların ünvanına da tənqidlər oxumaq olar, amma irad və etirazların böyük hissəsi məhz "Azercell"dəndir.
Araşdırmalarımız zamanı müəyyənləşdirdik ki, ara-sıra "Azercell"in mobil xidmətlərindən razılıq edənlər də var, amma bunlar səhifənin istifadəçilərinin çoxluğu qarşısında bir o qədər də diqqət çəkmir.
Qeyd edək ki, facebook sosial şəbəkəsində "Azercell"ə qarşı səhifənin təşkilindən mobil operator təmsilçilərinin xəbəri olub-olmadığını bilmirik. Eyni zamanda ədalət naminə qeyd edək ki, bu mobil operatorun sosial şəbəkədə rəsmi səhifəsi var və onu 260 mindən çox sosial şəbəkə istifadəçisi izləyir. Eyni zamanda "Azercell"in facebook sosial şəbəkəsində fan-klubu da yaradılıb, hansı ki, orada bu mobil operatorun 11-ə yaxın abonenti birləşib.
Bununla belə, sosial şəbəkələrin indiki dövrdə ictimai rəyə təsir imkanlarını nəzərə alsaq, facebook-da "Azercell"dən narazıların birləşməsinin sözügedən mobil operatorun antireklamı baxımından ciddi rol oynaya biləcəyini gözardı etməmək mümkün deyil.
Günel Əkbər