Gürcüstan prezidenti: “Əgər Azərbaycan çöksə...”
Gürcüstan prezidenti: “Əgər Azərbaycan çöksə...”

Saakaşvili Rusiya prezidentinin Azərbaycan neftinin bu ölkədən tranzitinə son qoyulması ilə bağlı verdiyi qərara münasibət bildirib. Mixail Saakaşvili bu barədə Vaşinqtonda gürcü telekanalına verdiyi müsahibəsində danışıb: “Rusiya Azərbaycan neftinin tranzitini dayandıraraq ona təzyiq etməyə çalışdı. Əgər Azərbaycan çöksə, bu bütün regiona mənfi təsir edəcək”.
Gürcüstan prezidenti onu da qeyd edib ki, ancaq Azərbaycanın inkişafı bütün regionun inkişafını təmin edə bilər: “Bu situasiyada Azərbaycana dəstək çox vacibdir və bu dəstək dəqiq və davamlı olmalıdır”.
Tanınmış politoloq Qabil Hüseynli “Unikal”a söylədiyinə görə, “Hazırda dünya siyasətində yeni bir düzən yaranmağa başlanıb və mənim müşahidələrimə görə bu yeni düzən bir sıra təhlükələrlə müşayiət olunacaq. Məsələ burasındadır ki, Birləşmiş Ştatlar son iyirmi ildə dünya siyasətində aparıcı və həlledici sözə malik idi. Dünyanın bir çox kritik məsələləri məhz Amerikanın birbaşa iştirakı ilə həll edilirdi. Amma artıq hiss olunur ki, Amerika və onun ardınca NATO bu aparıcı mövqedən geri çəkilməyə başlayıb. Nədənsə Amerika prezidenti Barak Obama sanki özünün və Birləşmiş Ştatların tarixi missiyasından imtina etmək qərarına gəlmiş kimi görünür. Bundan istifadə edən Rusiya, Çin dərhal Amerikanın tərk etməkdə olduğu mövqelərdə aktivləşməyə başlayıblar. Mənim fikrimcə, bu cür növbələşmə dünyanın bir çox bölgələrində, xüsusən də Cənubi Qafqazda xoşagəlməz ssenarilərin baş tutmasına şərait yaradacaq”.
Politoloq hesab edir ki, Rusiya prezidenti Vladimir Putin ikinci dəfə hakimiyyətə gələndən sonra son dərəcə aqressiv xarici siyasət yürütməyə başlayıb və bu aqressiya daha çox, qeyd etdiyim kimi, Birləşmiş Ştatların dünya düzənində öz mövqeyini tərk etməsi ilə bağlıdır. Rusiyanın aqressiv davranışının ən kəskin təzahürünü Gürcüstan və Azərbaycana münasibətdə müşahidə edirik. Rusiya külli miqdarda maliyyə vəsaiti sərf etməklə Gürcüstanda hakimiyyətə öz komandasını gətirə bildi və bundan sonra orada prezidentlə baş nazir arasında məlum hadisələr baş verməyə başladı. Rusiya eyni variantı Azərbaycanda da gerçəkləşdirməyə can atır və bunun üçün Milyarderlər İttifaqından, Milli Şura ideyasından faydalanmağa çalışır”.
Politoloqun fikrincə, “Saakaşvilinin indiki məqamda Azərbaycanın bölgədəki rolunu dəqiq qiymətləndirməsi və bizə dəstək verməsi təqdirəlayiqdir və onun bu addımı böyük siyasi mərdlikdir”.
Politoloq Ərəstun Oruclunun “Unikal”a dediyinə görə, “Saakaşvilinin məlum bəyanatını birmənalı qiymətləndirmək çox çətindir və mənə elə gəlir ki, bu mövqedə digər çalarlar da ehtiva olunub. Məlum olduğu kimi, Azərbaycanla Amerikanın münasibətlərində son zamanlar bir sıra xoşagəlməz məqamlar yaşanmaqdadır və bu münasibətlər kifayət qədər soyuqdur. Elə Milli Demokratiya İnstitutu və Azad Fikir universiteti ilə bağlı Azərbaycanın atdığı addımlardan sonra Amerikadan dərhal reaksiya gəlməsi dediklərimi əyani şəkildə sübut edir”.
Politoloqun müşahidələrinə görə, “Hazırda Saakaşvilinin Gürcüstandakı durumu da o qədər həsəd aparılası durum deyil və onunla baş nazir İvanişvili arasında ölüm-dirim mübarizəsi gedir. Belə bir situasiyada Saakaşvilinin xarici dəstəyə böyük ehtiyacı var. O bu dəstəyi daha çox Amerikadan və Azərbaycandan gözləyir. Azərbaycan bu baxımdan ona ciddi dəstək verə bilər və bunun üçün baş nazir İvanişviliyə təsir etmək imkanlarına malikdir. Amma bu bəyanatın başqa bir üzü də var. Saakaşvili həm də çalışır ki, son zamanlar Azərbaycanla Qərb, Azərbaycanla Amerika arasında yaranmış soyuqluğu yumşaltmaq üçün müəyyən addımlar atsın. Bu addımlar həm onun siyasi maraqlarına, həm də bölgənin qərbyönlü oriyentasiyasına adekvatdır”.
Natiq Oruclu