İsmət Abbasovun yarmarkaları haqqında şok iddia
İsmət Abbasovun yarmarkaları haqqında şok iddia

Kənd təsərrüfatı yarmarkalarında xarici məhsullar at oynadır?!

Bakı şəhərində hər həftənin şənbə və bazar günləri təşkil olunan kənd təsərrüfatı yarmarkaları ümidləri doğrultmadı. Bu yarmarkalar təşkil edilməyə başladıqdan bir müddət sonra ölkə KİV-lərinin böyük əksəriyyəti aparılan araşdırmalar nəticəsində yazmağa başladı ki, yarmarkalarda məskunlaşan alverçilər, satılan məhsulların isə böyük hissəsi xaricdən idxal olunan, həm də keyfiyyətsiz məhsullardır.

İndinin özündə də hətta iqtidara ən yaxın mətbuat orqanları da açıq şəkildə yazmaqdan çəkinmir ki, yarmarkalarda satılan məhsulların qiyməti bazardan heç nə ilə fərqlənmir. Adi göyərtinin qiyməti bazarda 6 ədədi bir manatdırsa, yarmarkalarda 5-i həmin qiymətə satılır. Bir dəstə tərxunun qiyməti 80 qəpik 1 manat arasında dəyişir. Bundan başqa tərəzilər alıcının gözündən iraq bir yerə qoyulur və bu yolla çəkidə aldadılır. Digər məhsullarda da qiymət ya bazar qiyməti, ya da ondan yuxarıdır.
Aqrar sektor üzrə ekspertlərin fikrincə, kənd təsərrüfatı yarmarkaları qiymətlərin düşməsi, keyfiyyətli məhsulun alıcıya çatdırılması və fermerlərin öz istehsal etdikləri məhsullarını yarmarkalarda satması üçün imkan yaratmalı idi. Təəssüf ki, başqa mənzərənin şahidi oluruq. Yarmarkalara yenə alverçilər ayaq açıb, çəkidə isə alıcı aldadılır.
Ekspertlər hesab edir ki, yarmarkalarda nəzarət sistemi qurulmayıb. Əgər nəzarət olsaydı, Sumqayıtda keçirilən kənd təsərrüfatı yarmarkasında at əti satılmazdı. Bu hadisə ötən ilin avqustunda baş verib və mətbuata açıqlanıb. Amma əldə etdiyimiz məlumata görə, ölkədə dana əti adı ilə at ətinin satılması haqqında daha bir fakt Bərdədə aşkarlanıb, baxmayaraq ki, bununla bağlı hər hansı rəsmi açıqlama verilib-verilmədiyini müəyyənləşdirmək üçün internet resurslarında apardığımız axtarışlar nəticəsiz qaldı.
İddialara görə, digər yarmarkalarda da satılan ətin keyfiyyəti ilə bağlı çox ciddi şübhələr var.
Bundan başqa yarmarkalarda çəkidə aldatmaq faktları kifayət qədərdir. Bir sözlə, kənd təsərrüfatı yarmarkaları qarşısına qoyulan öhdəliyi yerinə yetirə bilmirlər. Bazarda məhsul yarmarkadan daha ucuzdur. Fermerlə alıcı arasında əlaqənin olmasına şərait yaradılmır.
Mütəxəssislərin fikrincə, fermerlərin öz becərdiyi məhsulu satması üçün Bakıda və digər böyük şəhərlərdə xüsusi bazarlar yaradılmalıdır. "Fermerin hansı məhsulu istehsal etdiyini göstərən sənədi olmalıdır. Belə olarsa, çox problem həll edilmiş olar. Fermer öz adı və reklamı üçün zay və keyfiyyətsiz məhsulu alıcıya təqdim etməz. Şərait yaradılmalıdır ki, fermer məhsulu birbaşa alıcıya təqdim etsin. Belə olarsa, fermer həm də alıcının zövqünü, istəyini müəyyən edə bilər, eyni zamanda onun məhsulu hansı qiymətə almaq istəyi barədə də informasiya əldə edə bilər. Belə olarsa, bu, hər iki tərəfin marağına xidmət edər. Amma nə baş verir? İstehsal olunan məhsul fermerin öz təsərrüfatında xarab olur. Çünki fermer öz istehlakçısını tapa bilmir. Bu işdə fəallıq artsa, iri şəhərlərdə fermerlər üçün şərait yaranar - deyə kənd təsərrüfatı ekspertləri vurğulayırlar.
Ən maraqlısı isə odur ki, yarmarkaların təşəbbüsçüsü və təşkilatçısı olan Kənd Təsərrüfatı Nazirliyi müstəqil ekspertlərin və KİV-lərin bu mövzuda əsaslı, arqumentli yazılarına, fikirlərinə hər dəfə standart cavablarla kifayətlənirlər. Məsələn, bu yaxınlarda İsmət Abbasovun nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirdi ki, yarmarkalarda neqativ hallara, süni qiymət artıranlara qarşı mübarizə aparılır. Şöbə müdirinin sözlərinə görə, yarmarkalarda xaricdən idxal olunan mallar satıla bilməz: "Yarmarkalarda ancaq yerli mallar satılır. Alma bir az iri olan kimi alıcılar elə bilir ki xaricidir. Rayon icra hakimiyyətləri kənd təsərrüfatı yarmarkalarına göndərdikləri malın miqdarı və növü barədə nazirliyə rəsmi məlumat verir. Yarmarkalara alverçilər də buraxılmlır. Orada satıcılar hamısı kənddən gələnlərdir. Ola bilsin ki, kiminsə burada qohumu var və fermerə satmaqda kömək edir".
S.Vəliyev yarmarkalarda satılan malların qiymətinin bazarla eyni və daha baha olmasına qəribə münasibət bildirdi: "Göyərtinin 20 qəpik olması uzaqdan gətirilməsi ilə bağlıdır. Göyərti 10 qəpiyə satılsa, axı xeyir verməyəcək istehsalçıya. Ona görə də, göyərtinin qiymətini aşağı salmağın mənası yoxdur. 15-20 qəpiklə adam varlanmır ki... İstehsalçı yazıqdır, onu becərir, 20 qəpikdən satmalıdır. Tərxunun 80 qəpik olması isə onun az becərilməsi ilə bağlıdır. Kimin xoşuna gəlir alsın, gəlmirsə, almasın. Burada nə var ki?"
Əslində İsmət Abbasovun sözçüsünün dediklərinin hər birinin əksinə ayrıca və tutarlı fikirlər söyləmək mümkündür, amma buna ehtiyac görmürük; çünki hörmətli şöbə müdirinin bütün "təkzibi"nin mahiyyəti bir cümlədə gizlənib: "Kimin xoşuna gəlir alsın, gəlmir almasın".
Kənd Təsərrüfatı Nazirliyi və onun rəhbəri İsmət Abbasov iddia edirdi ki, yarmarkaların məqsədi əhaliyə bazar qiymətlərindən ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları təqdim etməkdir. Əgər indi istər alıcılar, istər KİV, istərsə də ekspertlər arasında yarmarkalardakı məhsulların həm keyfiyyəti, həm də qiyməti ilə bağlı ortaq və neqativ rəy formalaşıbsa, ümumi sözlərlə deyilənləri yalan çıxarmağın faydası nədir? Bundansa iradlardan nəticə çıxarmaq, problemləri yoluna qoymaq haqqında düşünmək daha doğru olmazdımı?
Onu da deyək ki, bəzi ekspertlər yarmarkaların ümumiyyətlə, ləğvinə tərəfdardırlar. Hesab olunur ki, bundansa İsmət Abbasov və onun nazirliyi aqrar sektorda korrupsiyanın kökünü kəsmək, şəffaflığı artırmaq, lazımi islahatlar aparmaq iradəsi nümayiş etdirərək fermerlərin sərbəst, problemsiz fəaliyyətinə şərait yaratmalı, onların öz imkanlarını genişləndirməsi üçün çalışmalı rəqabət mühitini gücləndirməli, inhisarçılığı aradan qaldırmaq istiqamətində əməli addımlar atmalı, məhsul bolluğunu təmin etməlidir - belədə isə onsuz da qeyri-ixtiyari ölkə bazarlarında keyfiyyətli, camaatın cibinə münasib qiymətlərə məhsulların satışı gerçəkləşmiş olacaq.
Əks halda hansısa süni, inzibati yollarla, ən çox da fəaliyyət görüntüsü yaratmağa hesablanmış yarmarkalarla İsmət Abbasov və nazirliyinin hesabına hansısa müsbət xallar yazdırmaq istəməsi ümumilikdə aqrar sektor adına heç bir effektli gələcək vəd etmir.

Seymur Quliyev