"Sədərək" Ticarət Mərkəzi bağlanmaq təhlükəsi qarşısında
"Sədərək" Ticarət Mərkəzi bağlanmaq təhlükəsi qarşısında

Sahibkarlar buradakı dükanlarını tərk etməyə başlayıblar?!

Bakının iri alış-veriş mərkəzlərindən olan "Sədərək" ticarət mərkəzi bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Bir-iki il öncə obyektlərini icarəyə verməklə qaz-vurub qazan dolduran sahibkarlar indi kütləvi şəkildə oranı tərk edirlər. İndi bazara gedən sadə vətəndaşlar da müşahidə edə bilər ki, hər addımbaşı ticarət obyektlərinin üstünə "arendaya" verilir sözü qeyd olunub.
Bazarda tacirlər bunu əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edirlər. Bundan başqa məsələnin kökündə duran amillərdən biri də şəhərdə geyim dükanlarının sayının artmasıdır. Çünki haradasa 10 il əvvəl paytaxtda geyim dükanları bu qədər çox deyildi. Amma indi hər 5 metrdən bir pal-paltar mağazalarına rast gəlmək olur. Yəni artıq geyim üçün uzaq məsafə qət edib şəhər kənarındakı ticarət mərkəzinə getməyə ehtiyac yoxdur. Bakı sakini yaşadığı evin 2 metrliyindən "Sədərək" bazarında olan qiymətlə fərqlənməyəcək paltarı ala bilir. Üstəlik bura insanların daha Çin istehsalından qaçmasını da əlavə etsək adlarını çəkdiyimiz ticarət mərkəzlərinin vəziyyətini təsəvvür etmək çətin olmaz.
Başqa bir məqam isə ondan ibarətdir ki, bundan əvvəl qonşu Gürcüstan və Rusiya bazarları "Sədərək" ticarət mərkəzindən aparılan geyim məhsullarının hesabına fəaliyyət göstərirdi. İndi isə demək olar ki, həmin ölkələrdən bu bazara gələnlər barmaqla saymaq olar.
Göründüyü kimi indi adıçəkilən ticarət mərkəzində vəziyyət heç də ürəkaçan deyil. Hətta sahibkarın satışdan əldə etdiyi gəlir günlük lazım olan xərci ödəməyə yetmir. Belə ki, ticarət mərkəzinin rəhbərliyi tərəfindən yer haqqının artırılması, əlavə vergilərin tətbiqi sahibkarları bazardan qaçırmağa məcbur edir.
"Sədərək" Ticarət Mərkəzindən ortaya çıxan iddianı təkzib edirlər, bildirilir ki, heç kim buranı tərk etmir. "Əksinə yeni dükanlar tikilir. İnformasiya düz olsaydı, heç bu qədər dükanın tikilməsinə nə ehtiyac var idi?" deyə ticarət mərkəzindən bildirirlər.
Amma iqtisadçı ekspertlər də hesab edir ki, sahibkarlara qoyulan haqlar nəticəsində ticarət dövriyyəsinin aşağı düşməsi səbəbindən tacirlər fürsət düşən kimi oranı tərk etmək istəyirlər. Əslində Bakı kimi meqapolisdə şəhərin kənarında "Sədərək" tipli ticarət mərkəzlərinin varlığını təqdirəlayiq hesab edən və hökumətin onların bağlanmasını önləməsinin hər mənada faydalı olacağını düşünən ekspertlərin rəylərinə görə, "Sədərək" Ticarət Mərkəzi Lökbatanda inşa edildikdən sonra əvvəlki cəzbediciliyini xeyli itirmişdi. Son vaxtlar isə müxtəlif obyektiv və subyektiv səbəblərin ortaya çıxması bu ticarət mərkəzinin bağlanma təhlükəsi qarşısında qalması barədə deyilənləri inandırıcı edir.

Günel Əkbər