Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür. Bugünkü püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı mənzil təqdim olunacaqdır. 

Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.