Milli Şura ilə bağlı yenilik
Milli Şura ilə bağlı yenilik

Şura var, sahibi yox

Milli Şuranın təsis olunmasına artıq bir neçə gün qalıb. Amma yenə də ortada real nə isə yoxdur. Sadəcə olaraq bəzi ekspertlər hesab edir ki, Milli Şurada Eldar Namazovla, Müsavat başqanı İsa Qəmbər razılığa gələ bilərlərsə Milli Şura sadəcə olaraq İsa Qəmbərin seçki qərargahı rolunda çıxış edəcək. Amma bu məsələdə də hələ ki, konkretlik yoxdur. Çünki hazırda Milli Şura tərəfdarları çalışırlar ki, müəyyən neytral ziyalıları da bu şuraya cəlb etməklə ajiotajı dərinləşdirsinlər. İlk belə cəhd Lalə Şövkət Hacıyevanı bu birliyə cəlb etmək oldu. Amma xanım siyasətçi bundan imtina etdi.

Belə olan halda ümid yenidən Ziyalılar Forumunun üzvlərinə qaldı. Daxil olan məlumata görə bununla bağlı Eldar Namazov ilk növbədə Cəmil Həsənli ilə Rafiq Əliyevi yeni şuraya daxil etməyə çalışıb. Cəmil Həsənli bu təklifi gələcəkdə dəyərləndirəcəyini desədə, Rafiq Əliyev bundan imtina edib. Və əsaslandırıb ki, Milli Şura kifayət qədər siyasiləşmiş bir təşkilat olacaq və o bir ziyalı kimi aktiv siyasətə qatılmaq niyyətində deyil. Mənbə bunu da bildirir ki, ziyalıların yaxın durmamalarının başlıca səbəblərindən biri də Rüstəm İbrahimbəyovun biabırçı şəkildə ölkədən qaçması olub. Öncə ziyalıların içində aktivliyi ilə seçilən Rüstəm İbrahimbəyov, daha sonra ziyalıları elə siyasi proseslərin içinə qatdı. Elə Rafiq Əliyevin Neft Akademiyasındakı vəzifəsindən getməsinin də başlıca günahkarı Rüstəm İbrahimbəyov oldu. Amma proseslərin ən qızğın zamanında Rüstəm İbrahimbəyov bəhanələrlə ölkədən getdi və indi ölkə kənarından adda-budda açıqlamalar verməklə məşğuldur. Ziyalılar isə hesab edirlər ki, əslində Rüstəm İbrahimbəyov onlardan istifadə edib. Buna görə də artıq ona inamları qalmayıb. Bu arada belə bir fikirdə səsləndirdilər ki, Müsavat başqanı İsa Qəmbər müttəfiq partiyalarla təkbə-tək görüşlər keçirtməyə başlayıb və bu partiyaları əmin edir ki, Milli Şuranın prezidentliyə namizədi o olacaq. Məhz buna görə də partiyaların Milli Şurada birləşməsinə çağırış edib. Hətta buda söylənilirdi ki, AXCP sədri Əli Kərimli Milli Şurada təmsil olunmazsa Demokratik Qüvvələrin Məşvərət Məclisi Milli Şuraya daxil ola bilər. Amma Milli Şuraya məlum təşkilatın qoşulması ilə bağlı xəbər dərhal təkzib edildi. “Demokratik Qüvvələrin Məşvərət Məclisinin Milli Şura ilə bağlı mövqeyi 12 partiyanın gəldiyi ortaq məxrəcdir və bizim partiya da bununla bağlı bəyanata şərikdir. Bundan başqa məsələyə fərdi mövqeyimiz var”.Bu açıqlamanı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib.Proseslər dəyişdiyi halda KXCP-nin Milli Şurada təmsil olunma ehtimalı haqda danışan M. Mirəlioğlu deyib ki, təmsil etdiyi partiya bu qurumun fəaliyyətində iştirak etməməklə bağlı mövqeyində qərarlıdır: “Bəziləri Milli Şuranı müxalifətin birlik formatı kimi təqdim və təbliğ edir. Ancaq yaradılmasına cəhd edilən bu qurumun, adından irəli gələn tarixi ənənələrə bağlılığı yoxdur”.O, Milli Şura ilə bağlı yaxın vaxtlarda təkrar olaraq mövqelərinin açıqlanacağını da bildirib.M. Mirəlioğlu müxalifətin birliyinə yönələn cəhdlərin isə hələ davam etdiyini və bunun mövcud Milli Şura formatına aidiyyatı olmadığını vurğulayıb.
Ekspertlərdə hesab edir ki, bu proseslərdən sonra hansısa partiyanın Milli Şuraya qoşulması inandırıcı deyil və güman etmək olar ki, yaranacaq bu təşkilat İctimai Palatanın daha da yığcamlanmış forması ola bilər.

Fuad Əliyev