ATƏT-i saymadılar?
ATƏT-i saymadılar?

İndiki Azərbaycan siyasi sisteminin ən qıt özəlliklərindən biri siyasi dialoq mədəniyyətinin olduqca aşağı səviyyədə olması və bu istiqamətdə addımların azlığı, hətta atılacaq addımlara hər iki düşərgədən, yəni həm müxalifət sıralarından, həm də iqtidar cərgəsindən qısqanclıqla yanaşılmasıdır.
Söz yox, bizim siyasilər başqa tipli dialoqu daha çox xoşlayırlar. Bu dialoqu şərti olaraq qiyabi və yaxud mətbu dialoq adlandırmaq olar. Tutaq ki, müxalifətdən kimsə iqtidarın ünvanına hansısa dozaya malik ifadələr işlədir və qarşı tərəf dərhal adekvat reaksiya verir. Və yaxud əksinə, iqtidardan kimsə hansısa müxalifi səliqəli şəkildə ağ yuyub qara sərir, müxalif də, bir qayda olaraq, borclu qalmır: başlayır tərəf-müqabilini qara yuyub ağ sərməyə.
Təəssüflə qeyd edilməlidir ki, bu cür hərbə-zorba səciyyəli “dialoqlardan” cəmiyyət heç nə qazana bilmir. Nə siyasi səviyyənin yüksəlməsi baxımından, nə də cəmiyyətdəki sosial-siyasi problemlərin həlli baxımından. Əksinə, cəmiyyət siyasi səviyyənin bu şəkildə sərgilənməsindən bezir və nə müxaliflərə maraq göstərir, nə də iqtidarlılara.
Və yenə də təəssüflə qeyd etməli oluruq ki, bütün son tariximiz ərzində müxalifətlə iqtidar arasında dialoqun təşkili ideyası həmişə beynəlxalq qurumlardan gəlib.
Doğrudan da, xəcalət çəkilməli bir durumdur. Yəni bizə deyirlər ki, “Özünüzdə masa arxasında əyləşib normal danışıqlar aparmaq mədəniyyəti və səbri olmadığına görə öz maraqlarımız baxımından məcburuq ki, sizi siyasi dialoqlara dəvət edək!”
Və beləliklə, ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakı ilə dəyirmi masa təşkil etmək niyyətində olduqlarını açıqlayıb: "Həmin tədbirin məqsədi seçkilərə hazırlıqları ələ almaq üçün bir zəmin hazırlamaqdır. Biz sadəcə zəmin hazırlaya bilərik, görüşə qatıla, vasitəçilik də edə bilmərik. Amma zəmin hazırlaya bilərik. Önəmli olanı siyasi partiyaların bir araya gəlib danışmalarıdır".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı: “Bu ATƏT-in missiyasına aid olan bir məsələdir. Amma çox təəssüf ki, ATƏT bu missiyaları Azərbaycanda seçkidən seçkiyə hesablayır. Bunların da bir faydası olmur. Azərbaycan hakimiyyəti istədiyini edir, siyasi partiyaların fəaliyyətini məhdudlaşdırır. Seçkilərin keçirilməsinə az qalıb. Əgər seçki qanunvericiliyinə dəyişiklik etmək istəsələr belə, Milli Məclis onu müzakirəyə çıxarmayacaq. Amma siyasi partiyaların bir araya yığışması istənilən halda müsbət hadisədir”.
AXCP sədrinin müavini Razi Nurullayev: “Mənə elə gəlir ki, ATƏT Azərbaycan hakimiyyəti ilə işbirliyini daha ciddi əsaslarla qura bilərdi. ATƏT bu illər ərzində Azərbaycanda demokratiya və siyasi plüralizmin qurulmasına yardım etmədi. Ümumiyyətlə tək müxalifətin yox, ölkədə siyasi mühitin yaranması və maraqlarının təmin edilməsinin şahidi olmadıq. ATƏT bir iki il əvvəl indikindən daha fəal idi. Hesab edirəm ki, belə dəyirmi masaların bir müsbət nəticəsi olması əvvəlcədən bəlli olmalıdı. Çünki bu görüşlər kimlərinsə siyasi məqsədlərinə xidmət edə bilməz”.
Ümid Partiyasının sədri İqbal Ağazadə: “Bir masa arxasında oturub narahatedici məsələləri müzakirə etmək müsbət haldır. Nə olmasından asılı olmayaraq, bu addımı müsbət qarşılayıram. Bunun üçün də ATƏT-in Bakı ofisinin rəhbərinə minnətdarlığımı bildirirəm”.
YAP-ın icra katibi Əli Əhmədov isə jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT ayrı-ayrı dövrlərdə, xüsusilə də seçki kampaniyaları ərəfəsində siyasi partiyalarla təmaslarını genişləndirir: “Bu fəaliyyəti müsbət hesab edirəm. YAP da bu təmaslardan kənarda deyil və biz ATƏT-in həyata keçirdiyi layihələrdə iştirak edirik. YAP-la digər siyasi partiyalar arasında bu və ya başqa formada dialoq həmişə davam edir. Amma hesab etmirəm ki, YAP və digər partiyalar yalnız ATƏT-in şərtləri daxilində dialoq qurmalıdır. Ehtiyac yarandıqca, YAP digər partiyalarla istənilən mövzu ətrafında dialoq, fikir mübadiləsi aparmaqdan kənara çəkilmir. Amma indi Azərbaycanda vətəndaşları düşündürən əsas məsələ siyasi partiyaların dialoqu deyil. Bu məsələ bəlkə də insanları düşündürən 20-30 məsələ arasında ən axırıncı yerdə dayanır. ATƏT-in bu məsələyə xüsusi həssaslıq göstərməsinin arxasında nələrin durduğunu mən demək istəmirəm. Bu təklifin əhəmiyyətini də aşağı salmaq istəmirəm. Amma qeyd etmək istəyirəm ki, YAP üçün seçki kampaniyası ərəfəsində həlledici məsələ seçicilərlə görüşməkdir”.
Natiq Oruclu