“Müsəlman adlandırdığımız fərd Allahın sınağından çıxa bilmədi”
“Müsəlman adlandırdığımız fərd Allahın sınağından çıxa bilmədi”

Dəyanət Rzayev: "Şərqdə şəxsiyyətə, hökmdarlara pərəstiş meyli çox güclüdür"

“Azərbaycan cəmiyyəti psixoloji problemlər girdabına çevrilib” desək, zənnimizcə, o qədər də mübaliğəyə yol vermərik. Tanınmış psixoloq Dəyanət Rzayevlə bu günki söhbətimiz gündəlik siyasi-sosial-psixoloji yaşantılarımızın alt qatları barədə olacaq.

-Dəyanət bəy, hazırda yaşamaqda olduğumuz siyasi-sosial-psixoloji məkan ciddi dəyişimlərə uğramaqdadır. Xüsusən də son dövrlərdə İslam məkanında baş verən hadisələr düşündürücü epizodlarla yadda qalır. Niyə Şərqdəki rəhbərlər, dövlət başçıları bu qədər hakimiyyət hərisidirlər?
-Başqa cür adlandırmaq olmur. Həqiqətən də, Qərbdəki liderlərdən fərqli olaraq Şərqdəki dövlət başçıları hakimiyyətə hədsiz dərəcədə bağlılıq nümayiş etdirirlər. Nəticədə isə İraq, Liviya və indiki Suriyada baş verən qanlı hadisələrin şahidi oluruq. Amma maraqlıdır ki, eyni halı Belorus və Rusiyada da müşahidə edirik.
-Görünür, bu ölkələr yarıavropa, yarıasiya cizgiləri sərgilədiyinə görədir...
-Bəli... Şərq hökmdarlarında "əbədi hökmdar" kompleksi güclü şəkildə inkişaf edib. Amma Türkiyə Cümhuriyyəti də Şərq məkanında yerləşir axı... Orada belə bir ənənə müşahidə edilmir. Mənə elə gəlir ki, bu "əbədi prezident sindromu"nun formalaşmasında Şərq insanının da böyük günahı var. Şərqdə şəxsiyyətə, hökmdarlara pərəstiş meyli çox güclüdür... Quranda yazılıb ki, "Allaha, peyğəmbərə itaət edin", yəni əmr sahiblərinə itaət edin. Axı Quranda başqa cür yazılıb... "Sizdən olan əmr sahiblərinə..."
Hiss olunur ki, hökmdara əyilmək Şərq insanının genetikasında da kodlaşıb və artıq psixoloji ətalətə, ənənəyə çevrilib. Allah-Taəla hər bir insanı sınadığı kimi hər bir milləti də sınağa çəkir. Fikrimcə, Şərq insanı, yəni bu günki müsəlman adlandırdığımız fərd Allah-Taəlanın bu sınağından çıxa bilmədi.
Keçək Avropaya. Bu gün Avropada böyük minik maşını görməzsiniz. Şərqlilər isə cah-cəlaldan, dəbdəbədən, təmtəraqdan sanki həzz alırlar. Özümüzü gülünc bir vəziyyətdə qoyuruq.
-Sözünüzdən belə çıxır ki, Şərq prezidentlərinin faciəli aqibətini Şərq insanı hazırlayır... Öz psixologiyası ilə?
-Təbii. Səddam Hüseynin, Müəmmar Qəddafinin, onların ailələrinin faciəsinin əsil müəllifi Qərb dövlətləri, beynəlxalq neft maqnatları deyil, biz olmuşuq - sıravi müsəlmanlar. Zatən Səddam Hüseynin, Qəddafinin, yaxud bu gün Əsədin artıq başqa çıxış yolu da yoxdur. Onlar ya axıra qədər getməlidirlər... Məsələn, Bəşər Əsədin artıq geri çəkilməyə yeri yoxdur. Misir prezidenti Mubarək istefa verdi, amma nəticəsi nə oldu? Görürsünüz, bu gün Misir nə gündədir? Görünən budur ki, Şərq hökmdarı, Şərq insanı öz acgözlüyünün, öz hərisliyinin girovuna çevrilib. Hər halda bütün bu hadisələrə baxmayarq, mən bir psixoloq kimi Şərq insanının dəyişəcəyinə çox az ümid edirəm.
-Bu bədbinliyin bir elmi əsası varmı?
-Bu yaxınlarda öz müştərilərimlə bir nəzəri test keçirdim. Onlara dedim ki, "Tutaq ki, bir masanın üstündə 10 milyon manat pul qoyulub, ikinci masanın üstünə isə 1 milyard manat. Bu məbləğlərdən hansını götürüb banka qoyardınız ki, onun faizi ilə ömürlük dolana biləsiniz?" Təsəvvür edə bilərsinizmi, müştərilərim hansı seçimi etdilər? Onlar yüz nəfər idilər və bu yüz nəfərin 99-u bir milyard manatı seçdi. Bax, indi burada incə bir məqam var. Onlardan soruşuram ki, "Axı ömürlük təminatınız üçün 10 milyon manatın bank faizi də sizə bəs edər, niyə bir milyard manatı seçirsiniz?" Hamısının cavabı bu oldu ki, "Biz bu pulla başqa insanlara da yardım edəcəyik". Bu testdən çıxan nəticə budur ki, Şərq insanı, daha doğrusu, bizim müsəlmanlar yeri gəldi-gəlmədi başqasının qədərinə, taleyinə müdaxilə etməyi xoşlayırlar və hətta bunu özlərinə borc bilirlər. Bu insan öz taleyini qura bilmir, amma başqasının işinə qarşımağı hədsiz dərəcədə xoşlayır. Eyni psixoloji stereotip Səddam Hüseyndə, Qəddafidə var idi və adını çəkmədiyim digər Şərq prezidentlərində də müşahidə olunur. Onlar hesab edirlər ki, öz xalqlarını ancaq və ancaq onlar xoşbəxt edə bilərlər. Nəticəsi isə faciələrlə başa çatır.
Başqa bir misal çəkim sizə. Azərbaycanda hamı çalışır ki, ali təhsil alsın. Bazarda göyərti satanı söhbətə tutanda məlum olur ki, onun da ali təhsili var. "Sədərk bazarı"nda paltar satanla söhbət edəndə məlum olur ki, o da hansısa institutu bitirib, amma bu gün piştaxta arxasında əyləşib. Sovet vaxtı qızlarımızı ərə verəndə onun cehizinin üstündə mütləq diplom olmalıydı və bu ərə gedən qızın üstünlüyü kimi qiymətləndirilirdi. Axı niyə? Nə səbəbə? Amma qız ataları bilirdilər ki, qızlarının ərləri onları işləməyə qoymayacaq. Niyə? Bax, bizdə bu "niyələr" çoxdur... Amma Avropadakı bəzi milyonerlərin ali təhsili yoxdur.
-Modelləşdirəndə Şərq insanı ilə Qərb insanının psixologiyaları arasında hansı fərqlər qeydə alınır?
-Fərqlər çoxdur. Mən Avropa ölkələrində çox olmuşam. Qərbli evindədirsə və sən xəbər etmədən ona qonaq gedirsənsə, bu, qərblinin acığına gəlir: "Mən səni gözləmirdim, niyə gəlmisən?" Bu reaksiya ilk baxışdan adama xoş gəlmir, amma düzgün yanaşmadır, mən bunu düzgün hesab edirəm. Amma şərqli heç vaxt "yox" sözünü işlətmir. Şərqlidən nəsə istəyəndə deyir ki, "Qurbandır". Amma sonra yüz sifətə girir, yüz oyundan çıxır ki, sən istəyindən imtina edəsən. Şərqli "yox" deməyi bacarmır. Şərqli sözü fırladır, konkret insan deyil.
-Belə çıxır ki, qərbli zamanı idarə etməyi və planlaşdırmağı bacarır, biz isə yox. Yəni zaman onlar üçün sərvətdir...
-Əlbəttə. Buna Qərbdə "taym-menecment" deyirlər. Qərbli seçim etmək mədəniyyəti baxımından da şərqlidən xeyli dərəcədə üstündür. Onlar taleyi seçməyi də bacarırlar, şərqli isə hesab edir ki, hər şey insanın alnına yazılıb. Şərqli yalanla özünü ovuda bilir, avropalıda isə induktiv düşüncə güclü olduğundan yalanla deyil, faktla hərəkət edir və nəticədə situasiyadan çıxmağı bacarır. Şərqli isə situasiyanın girovuna çevrilir. Bu məqamda şərqlinin daxilində yaşayan və onu çox vaxt idarə edən komplekslərdən danışmaq da lazımdır. ""Bunu etmək olmaz", "Camaat nə deyər?" və s. və i.a. Şərq insanını strukturlaşdırmaq çox çətindir. Buna görə də Qəddafi kim bir idiot da bu insanı idarə edib uzun illər ərzində onun hökmdarı ola bilər.
-Qurani-Kərimdə buyurulur ki, "Mən səni faili-muxtar yaratdım", yəni seçimində, fəaliyyətində azadsan. Amma bu gün İslam məkanında bunun tam əksini görürük. İnsanlar fərdi müstəqilliyi və buna aparan yolları axtarmırlar...
-Müsəlman Allahın sözündən çox özünün uydurduğu "alın yazısı" mifinə tapınır. Faciə burasındadır. Çox "müsəlman-müsəlman" deyirlər. Mən Şərq məkanında müsəlman görmürəm. Şərqlidə ekstrovertlik çox zəifdir, yəni xarici mühitə qarşı müqaviməti azdır. Əksinə introvertliyi yüksəkdir, yəni içinə qapılandır. Buna görə də Şərq hökmdarları özlərini hakimiyyət kreslosunda çox arxayın hiss edirlər və bu arxayınçılıq zaman keçdikcə tərgidilməz bir vərdişə çevrilir.
-Müsəlman, yaxud şərqli üçün prezident kimdir, xristian, yaxud avropalı üçün kim?
-Şərqli üçün prezident yaxşı halda bütdür, "millətin atası", "yetimlərin pənahı" və xilaskardır, ölkənin sahibidir, mütləq obrazdır. Onun uzun müddət hakimiyyətdə qalması təbiidir. Pis halda isə "Allahın bəlası" və ya "cəzası"dır, yəni "Elə bizim prezidentimiz belə olar", "Bu xalq buna layiqdir, bu xalqdan heç nə çıxmaz".
Qərbli üçün isə prezident partnyordur, yoldaşdır, adicə vətəndaşdır və yeri gələndə onu tünd sözlərlə "yağlamaq" da olar. Qərbli üçün prezident adicə bir alətdir. Bu alət işə yaramırsa, başqa aləti seçir. Fərq bundadır. Yəni Qərb dinamik və çevik cəmiyyət nümunəsidir, Şərq isə ətalət və girdab nümunəsidir.
-Deməli, Şərq hökmdarlarını cəmiyyət hakimiyyət manyakına çevirir...
-Bəli. Əgər "Hökmdar Allahın yerdəki kölgəsidir"sə, ona qarşı çıxmağa kimin hünəri çatar? Hər halda mən bir ziyalı kimi Qurani-Kərimdə belə bir ayəyə rast gəlməmişəm. Heç İslam hədislərində də buna bənzər nəsə yoxdur. Bu ləyaqətsiz yalanı, bu "hədisi" din və hakimiyyət dəllalları uydurublar. Allah və Quran adından...
-Son zamanlar mətbuatda insan qətlləri ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Hətta bu xəbərlərə ən azı gündə iki dəfə rast olunur. Hiss olunan budur ki, cəmiyyətdə olduqca kəskin aqressiya artımı var...
-Təbii ki, bu cür hallar olduqca narahatedicidir. Cəmiyyətdə bununla bağlı radikal maarifləndirmə işlərinin aparılmasını zəruri edir. Bu cür cinayətlərin artmasını daha çox profilaktik tədbirlərin olmaması ilə əlaqələndirirəm. Sovet dövründə sahə müvəkkilinin hər bir ailədən xəbəri var idi. Hansı ailədə vəziyyət necədir, ailə münasibətləri necədir, sahə müvəkkili kimin ailədə qəddarlıq törətdiyini, kimin işləmədiyini bilirdi və vaxtaşırı sahə müvəkkili gəlib maarifləndirici söhbət edirdi, ailələrdə maarifləndirmə işi aparırdı. Amma indi sahə müvəkkili kimsə bir dam düzəldəndə, təmir edəndə gəlib onlardan “şirinlik” istəyir. Bu, olduqca pis vəziyyətdir. Digər bir səbəb isə budur ki, zorakılıq təbliğ olunan və göstərilən yerlərdə bu hallar daha da artır. Ən reytinqli verilişlər cinayətkalıqdan bəhs edən verilişlərdir. Hamı o cür verilişlərə baxır. Orada göstərilən davranış modelləri insanlarda şüuraltı həkk olunur və xüsusi bir şərait yaranan kimi bu davranışlar realizə edilir. Sovet dövründə cizgi filmləri vardı. Həmin cizgi filmlərində mərhəmət, insanlara qarşı sevgi hissi aşılanırdı. Lakin indi bu kimi şeylər yoxdur.

Söhbətləşdi: Savalan