Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti
Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti

Azərbaycan iqtisadiyyatında sürətli inkişaf, iqtisadi artımın açıq şəkildə görünməsi, kiçik və orta biznesin, təsərrüfatçılığın formalaşması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramların həyata keçirilməsi ölkədə iqtisadi islahatların qaydasında getməsini bir daha təsdiqləyir.

Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan iqtisadi inkişaf strategiyası Azərbaycanı regionda inkişaf edən bir dövlətə çevirdi. Ümummilli lider Heydər Əliyevin siyasi kursuna əsaslanaraq Prezident İlham Əliyevin yürütdüyü siyasət ilk növbədə, ölkədə sosial-iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığa dövlət qayğısının artırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara çatdırılması kimi mühüm həlqələri əhatə etməklə dövlətçilik maraqlarına xidmət edən iqtisadi strategiyanın uğurla həyata keçirilməsinə zəmin yaradıb. İlham Əliyev prezidentliyinin ilk dövrlərində açıq şəkildə bəyan etmişdir ki, bütün imkanlar o istiqamətə yönəlməlidir ki, Azərbaycan regionda güc sahibinə çevrilsin.
Bu gün isə regionda söz sahibi olan Azərbaycan daha da inkişaf etmək üçün bir sıra islahatları davam etdirir, iqtisadi proqramların davamlı tətbiqini mümkünləşdirir. Belə bir zamanda diqqəti cəlb edən sahələrdən biri də məhz vergi sisteminin formalaşdırılması, yüz minlərlə vergi ödəyicisinin fəaliyyətinə vergi nəzarətini qurmaq, onlara keyfiyyətli xidmət etmək qlobal bir məqsədə çevrilib.
Məlumdur ki, ölkədə işgüzar fəallıq artdıqca vergidən yayınma halları və vergi hüquq pozuntuları da çoxalır. Həmçinin vergiödəyicilərinin kifayət qədər artması da unudulmamalıdır. Məhz bu amillər də nəzərə alınır və qanunvericiliyin daha da modernləşməsinə diqqət artırılır. Bu səbəbdən vergi sistemində aparılan islahatlar daha da dərinləşdirilir və müasir qaydalar tamlıqla tətbiq edilir. Ümummilli lider Heydər Əliyev hələ illər öncə bəyan etmişdi ki, “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik”.
Məhz bu tezis indi də günün aktual məsələsinə çevrilib və vergi sisteminin formalaşması bu tezislə təmin edilir.
İndi isə konkret məqamlara aydınlıq gətirək.
Ümumilli lider Heydər Əliyev ölkənin vergi siyasətinin formalaşması zamanı ilk növbədə şəffaflığın təmin edilməsini və ölkə büdcəsinin sosial yönlü büdcə olmasını nəzərə almağı tövsiyə etmiş və ilk günlərdən bu məqamlar nəzərə alınmışdı. Prezident İlham Əliyevin də Vergilər Nazirliyinin qarşısına qoyduğu konkret vəzifələr içərisində bir neçə mühüm məqam oldu. Həyata keçirilən islahatların əsasında dayanan mühüm məsələ şəffaflığın təmin edilməsidir. Şəffaflığın təmin edilməsi üçün isə ilk həyata keçirilən məsələ vergi ödəyiciləri ilə vergi yığanların birbaşa münasibətlərində yeniliklər edildi. Müasir texnologiyadan bəhrələnməklə bu gün əksər vergi işləri internet resurslarından istifadə etməklə həyata keçirilir. Bu gün regionda Azərbaycan yeganə ölkədir ki, bu sahədə real uğurlar əldə edə bilib. Məsələn, vergi qeydiyyatına düşmək, vergini ödəmək kimi məsələlərdə vergi əməkdaşları ilə təmasa ehtiyac belə qalmayıb.
Vergilər Nazirliyinin bu məsələ ilə bağlı həyata keçirtdiyi maarifləndirmə işinin nəticəsidir ki, bu gün vergi ödəyicisi artıq vergidən yayınma haqqında yox, vergini zamanında ödəmək haqqında düşünür. Çünki bir tərəfdən vergidən yayınanlara qarşı qanunlar sərtləşdirilir, digər tərəfdən vergi ödəyicilərinə öz hüquqları izah edilir və vergi ödəyicisi olmaqla həm də cəmiyyətin aktiv bir üzvünə çevrilmənin fəlsəfəsi izah edilir. Bunun üçün nazirliyin həyata keçirtdiyi islahatlarda Vergilər Nazirliyinin təşkilati strukturunun təkmilləşdirilməsi sahəsində işlərin genişləndirilməsi, Tədris Mərkəzinin formalaşdırılması, vahid kompüter şəbəkəsinin yaradılması,vergi nəzarətinin təkmilləşdirilməsi, vergi qanunvericiliyində dəyişikliklərin işlənib hazırlanması və həyata keçirilməsi,vergi ödəyicilərinin məlumatlandırılması və vergi təbliğatı xüsusi olaraq qeyd olunmalıdır. Vergi islahatlarının aparılmasında əsas məqsədlərdən biri vergi ödəyicilərinin və dövlətin maraqlarının maksimal tarazlığına nail olunmasıdır. Respublikamızda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri də əlverişli vergi mühitinin yaradılması ilə xarici investorların ölkəyə cəlb edilməsidir. Bununla bağlı olaraq Azərbaycan bir sıra beynəlxalq müqavilələrə imza atıb. Bu müqavilələrə əsasən investisiyaların qorunması kimi məsələlər tam həllini tapıb.
Vergi sisteminin təkmilləşdirilməsi sahəsində son illərin ən mühüm nailiyyətlərindən biri “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” layihəsinin həyata keçirilməsidir. AVİS layihəsi elektron hökümətin qurulması istiqamətində həyata keçirilən mühüm layihələrdən biri olmaqla vergi sahəsində çox mühüm texnoloji dəyişiklikləri ortaya çıxartdı. AVİS vergi sisteminin demək olar ki, yeni prinsiplərlə tam işləməsinə imkan tanıdı. Bu layihənin reallaşdırılması nəticəsində Azərbaycanın vergi xidməti təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən modern informasiya texnologiyasına malik xidmətlərdən birinə çevrilib. AVİS layihəsinin əsas məqsədi çevik və yararlı vergi siyasətinin həyata keçirilə bilməsi üçün fəal bir texnologiya dəstəyi təmin etməkdir. Bu yerli vergi orqanlarının işlərinin avtomatlaşdlrılması, digər dövlət orqanları ilə inteqrasiyanın şəbəkələşməsini, müxtəlif iqtisadi təhlil və proqnozların həyata keçirilməsini təmin edir. AVİS vergi xidməti strukturları arasında informasiya mübadiləsini, məlumatların işlənməsini, bəyannamələrin qəbulunu və qeydiyyatını surətləndirməyə və avtomatlaşdırmağa, sənədlərin sistemdaxili dövriyyəsini tam şəkildə elektron varianta keçirməyə imkan verdi. Bu layihə bəyannamələrin elektron formatda qəbulunu, hər bir vergi ödəyicisinin sərbəst şəkildə öz ofisindən, evindən internetlə Vergilər Nazirliyinin saytına daxil olaraq öz məlumatlarına baxa bilməsi imkanlarını təmin etdi. Həmçinin 195 xidmətinin yaradılması və günbə-gün təkmilləşdirilməsi də unudulmamalıdır. Azərbaycanın vergi xidmətində son illər aparılan islahatların əsas istiqamətlərindən biri də vergi nəzarətinin təkmilləşdirilməsidir. Sahibkarlığın inkişafına, iş adamlarının normal fəaliyyətinə əlverişli şərait yaratmaq üçün vergi nəzarəti əsasən vergi qanunvericiliyinə əməl etməyən, vergi ödənişindən və qeydiyyatından yayınan vergi ödəyicilərinə yönəldilir. Bu istiqamətdə həyata keçirilən işlər daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur.
Bu gün Vergilər Nazirliyi vergi nəzarətinin keyfiyyətinin və səmərəliliyinin artırılması, əsassız yoxlamaların qarşısının alınması sahəsində mühüm tədbirlər həyata keçirməkdədir.Hələ illər öncə də ümummilli lider Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, vergi yığıcıları sahibkarları müflisləşdirməməli,əksinə onların fəaliyyətinin daha da inkişafına nail olmaq istiqamətində işlər görməlidir. Öncələr hər addımda əsassız vergi yoxlamalarının həyata keçirilməsi kimi üsullar tətbiq edilirdisə, daha sonralar səyyar vergi yoxlamalarının sayının azaldılması ilə keyfiyyətinin yüksəldilməsinə və ən əsası kameral yoxlamaların səmərəliliyinin artmasına diqqət yönəldildi. Bunu da qeyd edək ki, indinin özündə də vergi islahatlarının bundan sonra da davam etdirilməsi ilə bağlı layihələr həyata keçirilir. Burada başlıca vəzifə vergi orqanlarında şəffaflığın təmin olunması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, vergi hüquqpozmaları və eyni zamanda, korrupsiya ilə mübarizənin gücləndirilməsinə nail olmaqdır. Bu məqsədlə Azərbaycan Respublikasının vergi sisteminin Strateji İnkişaf planı hazırlanıb və həyata keçirilir. Bu planda vergi sisteminin inkişafının strateji məqsədləri müəyyənləşdirilərək icrasına başlanılıb. Strateji İnkişaf planı reallaşdırıldıqca,vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsi artır, büdcə gəlirlərinin proqnozlaşdırılması üçün daha real informativ baza yaranır. Sonda bir məqama yenidən toxunmaq lazımdır. Bu isə vergilər nazirliyinin həyata keçirtdiyi marifləndirmə və vergi ödəyicilərinin operativ şəkildə problemlərinin həll edilməsidir. Vergilər Nazirliyi həyata keçirtdiyi islahatlarda marifləndirməyə xüsusi önəm verir və bunun daha kütləvi şəkildə həyata keçirilməsi üçün müəyyən üsullardan istifadə edir. Məsələn, Vergilər Nazirliyi sosial şəbəkələrin aktuallaşdığı bir zamanda həm facebook, həm də tvitterdə xüsusi səhifələr yaratdı. Sadə şəkildə vergi islahatlarını, vergi ödəyicisinin hüquqlarını cəmiyyətə izah etməyə başladı. Bunun nəticəsidir ki, 2012-ci ildə Vergilər Nazirliyinin facebook-dakı səhifəsi türkdilli dövlətlərdəki, nazirliklərin sosial şəbəkələrdəki səhifələri arasında birinci yerə layiq görüldü. Bundan başqa bu gün ən aktiv internet səhifəsidə məhz bu nazirliyə məxsusdur. Nazirliyin rəsmi internet səhifəsi bir tərəfdən qanunvericiliyin, islahatların təbliği ilə məşğuldursa, digər tərəfdən də bir sıra xidmətləri həyata keçirir. Hətta istənilən vətəndaş onu maraqlandıran sualı bu səhifəyə göndərə və qısa müddətdə cavab ala bilər.
Bundan başqa, Vergilər Nazirliyinin qaynar xətti vasitəsi ilə də rastlaşdığı problemləri lazımi dairələrə çatdıra bilir.
Beləliklə, qeyd etmək olar ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan vergi sistemi bu gün prezident İlham Əliyevin həyata keçirtdiyi islahatlar nəticəsində ən mükəmməl bir sahəyə çevrilməkdədir. Buna baxmayaraq bu günün özündə də vergilər nazirliyi islahatları davam etdirməkdə və ən müasir texnologiyalardan bəhrələnməkdədir. Bu gün Vergilər Nazirliyinin nəğdsiz ödəniş, çek sisteminin tətbiqi sahəsində gördüyü işlərdə uğurlu işlər sırasındadır və aparılan marifləndirmə işləri artıq real nəticələr verməkdədir.
Hüseyn İsgəndərov
Vergilər Nazirliyinin
“Vergilər” qəzetinin və
Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə
təqdim etmək üçündür.