"Müsəlman Birliyi Hərəkatı"nın fəal üzvlərindən olan, hazırda məhkumluq həyatı yaşayan Cabbarov Cabbar Əmirxan oğluna cəzaçəkdiyi müəssisədə qadağan olunmuş əşya saxladığı üçün yenidən cinayət işi başlanıb.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən Cabbar Cabbarovun məhkəmə prosesi aprel ayının 23-də Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində göstərilir ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsinə görə həmin şəxsə 6 aya kimi həbs verilə bilər. 

Xatırladaq ki, 2015-ci ildə həbs edilən Cabbar Cabbarov Taleh Bağırovun rəhbərlik etdiyi "Müsəlman Birliyi Hərəkatı"nın fəal üzvlərindən olub və 19 il müddətinə azadlıqdan məhrum edilib. Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, hərəkatın daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. 

Azər İsrafilov