Məcburi köçkünü aldadıb yurdundan, yuvasından etdilər
Məcburi köçkünü aldadıb yurdundan, yuvasından etdilər

“Kapitol” firması Allah qarşısında etdiyi günahlarının bağışlanması üçün,
Azərbaycan dövlətinin qanunlarını pozduğu üçün, küçələrə atdığı köçkün ailəsinin
başına gətirdiyi müsibətlər üçün bizim evimizi bərpa edib özümüzə qaytarsaydı...”

1993-cü ildə Zəngilan rayonundan qaçqın düşmüş Sadiqova Zərqələm Məhəmməd qızı redaksiyamıza göndərdiyi məktubda yazır ki, “1995-ci ildən Bakı şəhərinin Nəsimi rayonundakı Kərpic küçəsi, 43-də məcburi köçkün kimi məskunlaşmışıq. “Kapitol” firması 2005-ci ildə məskunlaşdığımız evin bir neçə metrliyində çoxmərtəbəli yaşayış binası inşa etmək üçün 8-10 metr dərinliyində bir özül qazdı və bunun nəticəsində həyətimizin daş hasarı sürüşüb uçdu və və qazıntı yerinə töküldü”.
Zəngilan köçkünü bildirir ki, dəfələrlə müvafiq dövlət qurumlarına şikayət məktubları və teleqramlar göndərsələr də, heç kim “Kapitol” firmasına qaşın üstə gözün var deyə bilməyib və yaxud demək istəməyib: “Əvəzində Nəsimi rayon İcra Hakimiyyətindən bizə tövsiyə edildi ki, məhkəməyə müraciət edək. 2009-cu ildə “Kapitol” firmasının rəhbəri mənimlə razılaşıb evdən çıxaraq kirayə yaşamağımız və kirayə pulunun isə firma tərəfindən ödənilməsini müqavilə əsasında öhdəsinə götürdü. Lakin 2009-cu ilin dekabr ayından 2010-cu ilin may ayına qədər kirayə pulunu ödədikdən sonra öhdəlikdən boyun qaçırtdı. Firma bu müddətdə evimizi də tamamilə sökdü. Dəfələrlə firmanın sədri ilə görüşüb müqaviləyə əməl edilməsini tələb etsəm də, heç bir nəticəsi olmadı. Əvəzində isə dəfələrlə hədə-qorxu gələrək məni qovdu və dedi: “Get, kimə istəyirsən, şikayət et!” Əlim hər yerdən üzüləndən sonra 2011-ci ilin fevral ayında məhkəməyə müraciət etdim. Səkkiz aylıq məhkəmə prosesindən sonra Xətai rayon Məhkəməsi iddiamı qismən təmin etdi. Həmin məhkəmənin çıxartdığı qətnamədən sonra Bakı Apellyasiya Məhkəməsində baxılmaq üçün icraata götürüldü. 01 iyun 2012-ci il tarixində Azad İmanovun sədrliyi ilə “Kapitol” firmasının apellyasiya şikayətinə baxılaraq şikayət təmin edildi və Xətai rayon məhkəməsinin qərarı ləğv edildi. Respublika Ali Məhkəməsinin MİÜMK-nın 30 noyabr 2012-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edildi və Xətai rayon məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli qətnaməsinin – mənəvi təzminat və mənzil kirayəsi haqqının ödənilməyən hissəsi – 2 bənd qüvvəsində saxlanıldı, 3-cü bənd – mənzillə təmin olunma hissəsi yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildi”.
Məcburi köçkünün yazdığına görə, 2013-cü il martın 6-da Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirovun sədrliyi ilə keçirilən prosesdə Xətai rayon məhkəməsinin qətnaməsindəki üçüncü bənd qüvvəsində saxlanılıb: “Amma eşitmişəm ki, “Kapitol” firması Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən respublikanın Ali Məhkəməsinə kassasiya şikayəti verib. Amma firma bunun əvəzində Allah qarşısında etdiyi günahlarının bağışlanması üçün, Azərbaycan dövlətinin qanunlarını pozduğu üçün, küçələrə atdığı köçkün ailəsinin başına gətirdiyi müsibətlər üçün bizim evimizi bərpa edib özümüzə qaytarsaydı və ailəmizə vurduğu ziyanı ödəsəydi, daha yaxşı olardı”.
P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Adil Hüseynli