Argentina hakimiyyəti 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mədəniyyət mərkəzinə edilən terror aktına görə məsuliyyət daşıyan İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb edib. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Argentina 1994-cü ildə AMİA-ya (Yəhudi Mədəniyyət Mərkəzi - red.) edilən və 85 nəfərin ölümü ilə nəticələnən hücuma görə beynəlxalq həbs tələb edir, hücumun səbəbkarları isə tam cəzasız olaraq öz liderlik mövqelərini davam etdirirlər. Onlardan biri də AMİA-ya hücumun səbəbkarlarından biri kimi Argentina ədliyyəsi tərəfindən axtarışa verilmiş Əhməd Vahididir. Bu şəxs hazırda İran İslam Respublikasının daxili işlər naziridir və hazırda Pakistan və Şri-Lankada hökumət nümayəndə heyətinin tərkibinə daxildir.

Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpolun təklif etdiyi mexanizmlərə əsasən həbs edilməsini xahiş edib", - açıqlamada deyilir.

Ağarza Elçinoğlu