Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

"Unikal" xəbər verir ki, Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, yerli sakinlər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

Zərifə xanım Əliyevanın həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub. 

Samux RİH-nin başçısı Firdovsi Əliyev çıxışı zamanı bildirib ki, akademik Zərifə xanım Əliyevanın elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. O qeyd edib ki, Zərifə xanım zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına dəyərli töhfələr verib.  

Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn olduğunu qeyd edib, onun elmi-pedaqoji və ictimai fəaliyyətinin Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıblar. 

Samux rayon səhiyyəsinin məsul şəxsləri məruzələrində Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edən fundamental əsərləri barədə geniş məlumat veriblər. Məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyini qeyd ediblər.

Tədbirin sonunda Samux rayon səhiyyəsində fərqlənən səhiyyə işçilərinə Fəxri fərmanlar təqdim edilib.