ABŞ-dan yeni çağırış
ABŞ-dan yeni çağırış

Azərbaycanla münasibətlər dərinləşəcək

ABŞ dövlət katibinin energetika diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Qolşteyn iyunun əvvəllərində Azərbaycana səfər edəcək.ABŞ səfirliyinin mətbuat xidmətindən verilənə məlumata görə, ABŞ dövlət katibinin köməkçisinin müavini 4-7 iyunda Bakıda keçiriləcək 20-ci Xəzər neft-qaz konfransına qatılacaq ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında keçirilən illik konfrans çərçivəsində iştirakçılar enerji resurslarının diversifikasiyası, dünya bazarında neftin qiymətinin dəyişməsi, qazın qiymətinə təsirlər, nəqliyyat problemlərinin həlli, Xəzər regionundan enerji resurslarının nəqli marşrutlarının müxtəlifləşdirilməsi, Azərbaycanda neft və qaz kəşfiyyatı məsələləri müzakirə olunacaq. BP, SOCAR, TAP, Nabucco kimi şirkət və konsorsiumlar konfransda iştirakını təsdiqləyiblər.Amma ekspertlər hesab edir ki, bu görüşdə əsasən siyasi məsələlər müzakirə olunacaq. Nəyə görə? İlk növbədə ona görə ki, bu səfərdən öncə altı ay ərzində ABŞ-dan səkkiz dəfə yüksək səviyyəli qonaqlar gəlib və əsasən aşağıdakı mövzular müzakirəyə çıxarılıb.
1. Seçkiöncəsi demokratik mühitin formalaşması
2. Kadr islahatlarının həyata keçirilməsi
3. NATO qoşunlarının Azərbaycan vasitəsi ilə Əfqanıstandan çıxarılması
kimi məsələlər uzun müzakirələrə səbəb olmuşdu. Ekspertlər düşünür ki, yenə də eyni məsələlər ciddi müzakirə olunacaq. Bunu da qeyd edək ki, ABŞ Dövlət Departamenti rəhbərinin siyasi məsələlər üzrə köməkçisi bir ay öncə Azərbaycanda olarkən bu səfərin olması ilə bağlı anons vermişdi. Buda aydın olmuşdu ki, müzakirələr zamanı əsas məsələlərdən biri də bir şəxsin iki dəfədən artıq prezident olması olacaq. Müşahidəçilər öncələr belə proqnozlar verirdilər ki, ABŞ heç bir halda buna normal yanaşmayacaq və iki ölkə arasında gərginliklər yaşanacaq. Amma iki ay öncə ABŞ-in Azərbaycandak səfiri açıq şəkildə bəyan etdi ki, söhbət heç də bir şəxsin iki dəfədən artıq prezident seçilməsi üzərində qurulmayıb. Söhbət seçkilərin demokratik keçirilməsindən gedir. Buna görə hesab etmək olar ki, yeni gələn qonaqlarında əsas müzakirə mövzusu məhz seçkilərin demokratik keçirilməsi üçün əməkdaşlıq etmək olacaq. Bununla yanaşı iki ölkə arasında Milli Demokratiya İnstitutuna görə problemlər yaranmışdı. Azərbaycan tərəfi hesab edirdi ki, institutun maliyyə işləri şəffaf deyil və bu qurum Azərbaycanda inqilab yaratmağa çalışır. Amma aparılan danışıqlardan sonra PA -in şöbə müdiri Əli Həsənov bəyan etdi ki, artıq bu məsələ həllini tapır və birgə əməkdaşlıq davam etdirilir. Nəhayət bu görüşdə əsas məsələlərdən biri də enerji məsələsi olacaq. Bunu qeyd edək ki,artıq bir neçə ildir ki, Azərbaycan qərbin enerji təhlükəsizliyi məsələsində ciddi rol oynayır və ilbə-il bu rol daha da inkişaf edir. Hazırda isə Azərbaycanın NABUCO layihəsində ki, rolu araşdırılır və ekspertlər hesab edir ki, Azərbaycan bu məsələdə də xüsusi rol oynayacaq. Bundan başqa bir həftədir ki, Rusiya gözlənilməz bir bəyanatla çıxış edərək Azərbaycan neftinin Rusiya vasitəsi ilə çıxışına qadağa qoydu. Bu isə qərbi və ABŞ-i maraqlandırır və hesab edirlər ki, Azərbaycanın Rusiyaya ötürdüyü bu neftin qərbə satılması istiqamətində də ciddi danışıqlar aparılacaq. Ümumilikdə götürəndə çıxaracağımız nəticə budur ki, yeni gələn nümayəndə heyəti ilə görüş kifayət qədər effektli olacaq və iki ölkə arasındakı bəzi məsələlər öz həllini tapacaq. Həmçinin NATO qoşunlarının Əfqanıstandan çıxarılması məsələsində də razılığa gəlmək mümkün olacaq.
Toğrul Əliyev