Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

"Unikal" xəbər verir ki, əvvəlcə Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyevin moderatorluğu ilə plenar sessiya keçirilib. Sessiyada Tartu Universtitetinin Kompüter Elmləri İnstitutunun professoru Sedat Akleylek və Türkiyənin Dokuz Eylül Universitetinin Kompüter Elmləri şöbəsinin professoru Efendi Nasiboğlunun məruzələri dinlənilib. Konfrans çərçivəsində, həmçinin hibrid formatda “İntellektual sistemlərdə informasiya texnologiyaları”, “Qərarların qəbulunda informasiya texnologiyaları”, “Tikinti, sənaye və mühəndislikdə informasiya texnologiyaları” və “Modelləşdirmədə informasiya texnologiyaları” adlı seksiyalar keçirilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonra Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Nigar Aslanovanın rəhbərliyi ilə konfransın bağlanış mərasimi keçirilib. N.Aslanova konfransda həm fundamental tədqiqatlarla, həm də tətbiq aspektlərilə məşğul olan müxtəlif ölkələrin alimləri tərəfindən təqdim olunan 100-dən çox elmi məruzənin informasiya texnologiyalarının inkişafı fonunda xüsusi diqqətə layiq olduğunu bildirib. Konfransın işini yüksək qiymətləndirən alim qeyd edib ki, səsləndirilən məruzələrdə informasiya texnologiyalarının təhsil, tibb, iqtisadiyyat, idarəetmə, proqnozlaşdırma və digər sahələrdə tətbiqi və mövcud probelmlərin aradan qaldırılması istiqamətində maraqlı fikirlər səsləndirilib. 

 

N.Aslanova V Sənaye İnqilabı ərəfəsində Azərbaycanın müxtəlif sahələr üzrə xarici ölkələrlə qarşılıqlı praktiki əməkdaşlıqlar qurmaq üçün iqtisadi və sosial-siyasi potensiala malik olduğunu qeyd edib. Ölkənin qabaqcıl elmi qurumlarının, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəal işgüzar əməkdaşlığa hər zaman hazır olduğunu bildirən professor  səmərəli qarşılıqlı əlaqələrin bir çox mühüm tətbiqi problemlərin həllinə yönəlmiş fundamental tədqiqatlara zəmin yaradacağına əminliyini ifadə edib.

 

Çıxışının sonunda konfransın təşkil olunmasında göstərilən dəstəyə görə həmtəşkilatçılara təşəkkür edən professor AzMİU-nun “İnformasiya texnologiyaları və sistemləri kafedrası”na uzun illərdir rəhbərlik edən dünyaşöhrətli alim, AMEA-nın müşaviri, akademik Telman Əliyevin və əməkdaşlarının rolunu xüsusilə qeyd edib.

 

Daha sonra Dokuz Eylül Universitetinin Kompüter Elmləri şöbəsinin professoru Efendi Nasiboğlu, Avstraliyanın Federasiya Universitetinin professoru Adil Bağırov və İdarəetmə Sistemləri İnstitutunun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadə çıxış ediblər. Çıxışlarda informasiya texnologiyalarının aktual problemlərini və gələcək perspektivlərini nəzərdən keçirmək üçün müvafiq sahə üzrə dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssisləri bir araya gətirən konfransın önəmi qeyd olunub, qarşıda duran hədəflər diqqətə çatdırılıb.