Hacıbala Abutalıbova yeni və sərt ittiham
Hacıbala Abutalıbova yeni və sərt ittiham

Paytaxtdakı uşaq bağçalarının Təhsil Nazirliyindən alınaraq, Bakı şəhər İcra Hakimiyyətinə verilməsindən sonra azyaşlıların bu müəssisələrə qəbulu daha da çətinləşib. Valideynlər şikayətlənirlər ki, uşaq bağçalarında qəbulla bağlı süründürməçilik hökm sürür. Rüşvət halları artır.
Əksər bağçalarda yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur. Bəzi müdirlər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyirlər.
Əslində heç paytaxt meriyası da uşaq bağçaları ilə bağlı problemlər olduğunu inkar etmir. "Bağçalarda uşaqların yerləşdirilməsi problem olaraq qalır" - deyə Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov etiraf edib. Amma məsələ burasındadır ki, idarə rəisi problemi başqa səbəblə əlaqələndirir: "Bu gün bağçaların 25 faizi təmirə bağlanılıb. Bir sıra bağçalar normativə uyğun olmadığı üçün bağlanıb. Hətta belə tendensiya da olub ki, uşaq bağçalarının bir hissəsi hansısa təşkilatlara verilib və orada yerləşiblər. Biz onların hamısını çıxartmışıq və həmin bağçalarda da təmir işləri gedir. Ümumiyyətlə, təmir işləri bitdikdən və bağçalar standartlara cavab verdikdən sonra onlara uşaqların qəbulu başlanılacaq".
Düzdür, meriya sözçüsü yeni bağçaların tikildiyini də deyir və əlavə edir ki, bu, bütövlükdə olmasa belə, qismən uşaqların bağçalara verilməsi problemini aradan qaldıracaq. Amma ekspertlər bu məsələdə əsla optimist deyillər. Baxmayaraq ki, uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq Hacıbala Abutalıbovun nəzarətinə verilərkən əksi düşünülürdü. "Uşaq bağçalarının Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinə verilməsi düzgün addım idi. Amma təəssüf ki, paytaxtın timsalında biz bu doğru addımın müsbət nəticələrini görmürük. Fikrimcə, bu, Azərbaycanda məmurların öz sahələrinə özünəməxsus baxışlarından irəli gəlir. Onlarda səlahiyyətlərinə, vəzifə borclarına məmurdan çox, tacir yanaşması güclüdür, nəticədə isə problemlər həll edilmək əvəzinə, daha da artır" deyə adının çəkilməsini istəməyən ekspert bildirib.
Ekspert bildirib ki, rəsmi statistikaya görə hər il Azərbaycanda 120 min uşaq birinci sinifə qəbul olunur. Ölkə üzrə bağçaların sayı isə 1177-dir. Bu hesabla hər bağçaya təxminən 1000 uşaq düşür. Azərbaycandakı bağçaların hər birində isə maksimum 50 uşaq tərbiyə alır. Bakıda isə məktəbəqədər yaşlı uşaqların 70 faizi bağçadan məhrumdur: "Hacıbala Abutalıbov uşaq bağçalarının onun nəzarətinə verildiyi ilk günlərdə populist vədlərlə çıxış etdi, problemlərin qısa vaxtda yoluna qoyulacağını bildirdi. Bu da müəyyən ümidlər yaratmışdı. Amma son vaxtlar gələn xəbərlər Hacıbala Abutalıbovun valideynlərdə yaranan ümidləri doğrultmadığını deməyə əsas verir. Məsələn, məlumatlar var ki, paytaxt meri Bakıda bir çox bağça müdirlərinə yeni qaydalarla işləməyi tövsiyyə edib. İddia olunur ki, uşaqlarını bağçalara qoymaq istəyən valideynlərdən rüşvət alma faktları da, alınan rüşvətin məbləği də kəskin artıb. Bundan başqa, valideynlərdən bağçadan arayış almaq üçün müdirəyə "görüm-baxım" eləmək tələb edilir. Həmçinin bağçalarda uşaqların sayı şişirdilir və onlara ayrılan qida məhsulları, invertarlar mənimsənilir. Hətta imkanlı valideynlərin övladları bağçalara getməsələr də, onların adları siyahıda olur. Həmin valideyn də bunu pulun hesabına edir. Bağça müdirələrinin yığdıqları pulları təkbaşına "yedikləri" əlbəttə, inandırıcı deyil, ona görə də diqqət istər-istəməz Hacıbala Abutalıbova yönəlir. Çünki belə fikirlər var ki, məlum qaydalarla işləməyən bağça müdirləri merin qəzəbinə gəlirlər. Neçə ki, bir müddət əvvəl 10-a yaxın bağça müdiri Hacıbala Abutalıbovun sərəncamı ilə işdən qovulub. Bu, onların paytaxt merinin qoyduğu şərtləri, daha doğrusu, əvvəlki şərtləri bir az da ağırlaşdırmasını qəbul etməmələrinin məntiqi nəticəsidir".
İstənilən halda, uşaq bağçalarındakı vəziyyətlə bağlı ürəkaçan xəbərlər gəlmir, valideynlərin şikayəti, müdirələrin soyğunçuluğu inanılmaz həddə çatıb. Bu isə uşaq bağçalarının Təhsil Nazirliyinin nəzarətindən çıxarılması və paytaxt rəhbərliyinin nəzarətinə verilməsi ilə onlarla bağlı yaranmış anormal durumun aradan qalxacağına dair ümidlərin dəfn edilməsi vaxtının çatdığını göstərir.
Ülviyyə Qasımlı