Potensiallar və prespektivlər
Potensiallar və prespektivlər
Bu gün bizim milli ideologiyamız Azərbaycançılıqdır və biz dünyaya da bu dəyərlərlə açılırıq

Azərbaycanın karbohidrogen ehtiyatlarının ölkəyə gətirdiyi maddi-siyasi dividendin haçansa tükənəcəyi şəksizdir. Bəs bundan sonra ölkəni hansı perspektivlər gözləyir?
İslam və Türk dünyasında ilk dünyəvi dövləti yaratmağa nail olmuş Azərbaycan xalqı bu gün ölkənin gələcəyini Avroatlantik məkana inteqrasiyada görür. Biz Avropaya inteqrasiya deyəndə Avropanın sərhədləri çərçivəsini nəzərdə tutmuruq. Bizim üçün Avropa təkcə coğrafiya deyil, həm də dəyərlər sistemidir. Biz ölkəmizin inkişafını bu dəyərlər sisteminin çərçivəsində görürük. Burada söhbət Avropanın geniş anlamda mədəniyyətinin, o cümlədən idarəetmə, insan azadlıqları, bazar iqtisadiyyatı, siyasi münasibətlər mədəniyyətinin ölkəmizdə bərqərar olmasından gedir. Azərbaycanın gözəl tarixi xüsusiyyətləri var. Bu ölkə Şərq dünyasında ilk operanı, ilk baleti yaradıb, ABŞ və bir sıra Avropa dövlətlərindən daha əvvəl qadınlara seçki hüququ verib. Ölkə bu dəyərləri qoruyub saxlamalı, daha da inkişaf etdirməlidir.
Azərbaycan müstəqillik qazanandan sonra çox böyük zərbələrə tab gətirib. Çox vaxt deyirlər ki, biz məğlub olmuş xalqıq. Amma biz Rusiya silahlı qüvvələri ilə təkbətək mübarizədə Azərbaycan torpaqlarının 80%-ni qoruya bilmişik.
Neft amili Azərbaycana marağı artırıb. Neft amili imkan vermişdi ki, 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində gənc azərbaycanlılar Avropanın ən yaxşı universitetlərində təhsil alsınlar. İslam dünyasında dünyəvi dövlət qurmaq ideyası məhz bu şəxsiyyətlər tərəfindən irəli sürülmüşdü. Sonralar bu ideyanın daşıyıcılarından olan Əli bəy Hüseynzadəni özünün ustadı sayan Ziya Köyalp dünyəvi dövlət ideyasını Atatürkə aşılamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin istinad etdiyi bu ideyalar Atatürkün də modern və dünyəvi Türkiyə Cümhuriyyətini qurmasına səbəb olmuşdu. Biz 20-ci əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa edərkən, yenə də bu dəyərlərə istinad etdik. Bu gün bizim milli ideologiyamız Azərbaycançılıqdır və biz dünyaya da bu dəyərlərlə açılırıq.
90-cı illərə qədər Türkiyənin erməni əhalisi 60 min idi. Bu gün isə orada təkcə Ermənistan vətəndaşlarının sayı 120 minə qədərdir. Sual olunur ki, əgər türklər barbardılarsa, sizin düşmənlərinizdirsə, onda niyə öz ölkənizdən qaçıb ora köçürsüz? Çünki bu gün Ermənistan hərbi bazaya çevrilib və onu həm azərbaycanlıların, həm də ermənilərin özlərinin qanına əli bulaşmış, Qarabağda dinc əhaliyə qarşı hərbi cinayətlər törətmiş qruplaşma idarə edir. Bu qruplaşma Rusiya silahlı qüvvələrinin dəstəyi ilə öz hakimiyyətini qoruyub saxlayır və öz vətəndaşlarını ölkədən köçməyə təhrik edir.
Son dövrlərdə Azərbaycanın diplomatik korpusunda keyfiyyət dəyişiklikləri baş verir və gənc azərbaycanlı diplomatların güclü erməni diasporuna qarşı mübarizə aparmağa başalyıb. Azərbaycanın regionda alternativ enerji mənbəyinə çevrilmək imkanları çox yüksəkdir. TANAP sazişi və bir sıra enerji layihələri, Azərbaycanın beynəlxalq antiterror hərəkatında, Əfqanıstan və İraqla bağlı əməliyyatlarda oynadığı rol nüfuzumuzu daha da artırmaqdadır.
Bütün bunlarla yanaşı Azərbaycanı dünyada həm də öz mədəniyyəti ilə tanıtmağa ehtiyac var. "Avroviziya" yarışmasında Azərbaycanın uğurlarını bu istiqamətdə müsbət qiymətləndirmək lazımdır. Azərbaycanın caz pianoçularının, uşaq simfonik orkestrinin xarici ölkələrdəki uğurlu çıxışlarının ölkəmizin mədəni istiqamətdə tanıdılması üçün daha vacibdir.
Rusiyanın himayəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti Azərbaycanın NATO-ya inteqrasiya perspektivlərini əngəlləməyə çalışır. Bu qurumun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığı təqdirəlayiqdir. Azərbaycanın Avropa Birliyinə üzvlük perspektivindənsə Norveç, İsveç kimi ölkələrin inkişaf yolunu tutması daha önəmlidir. Belə ki, məsələn, OPEK-ə üzvlük vacib deyil, Azərbaycanın bu quruma qoşulmasına ehtiyac yoxdur. Çünki bu, Azərbaycana neft siyasətini müstəqil surətdə həyata keçirməyə imkan verir. Azərbaycan tədricən qaz ölkəsinə çevrilir. "Nabukko", Transadriatik Qaz kəməri (TAP) tipli layihələrin perspektivləri barədə bunu demək olar ki, əgər maraqlı ölkələr bu layihələrin maliyyələşməsini öz üzərinə götürərlərsə, Azərbaycan da əməkdaşlığa hazır olacaq.
Məzahir Avşar