Qərb Azərbaycanın nəyinə aşiqdir?

Qərb Azərbaycanın nəyinə aşiqdir?

Bu yazını başlayanda keçmiş xarici işlər naziri Tofiq Qasımovun sözləri yadıma düşdü: “Beynəlxalq tədbirlərin birində ABŞ-ın dövlət katibinə yaxınlaşıb Dağlıq Qarabağ peroblemi barədə fikir bölüşmək istədim, amma o dedi ki, bizim Cənubi Qafqazda heç bir marağımız yoxdur”. Qasımov sonra dedi ki, “Dövlət katibinə Azərbaycanın yaxşı karbohidrogen ehtiyatlarına malik olduğunu bildirəndə o dedi: “Bu barədə düşünərik”.
Dünya siyasətinin reallığı həmişə belə olub. Yəni hər bir ölkə birinci növbədə öz maraqlarını güdüb.
Etiraf etmək lazımdır ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan sonra çoxları güman edirdi ki, ölkədəki karbohidrogen ehtiyatlarının sayəsində Dağlıq qarabağ perobleminin həlli asanlaşacaq. Axı Azərbaycan böyük səxavətlə bu ehtiyatların hasilatını Qərb şirkətlərinə həvalə etməyə başlamışdı.
Gözləntilərimiz özünü doğrultmadı. Qərb Azərbaycana gəldi, neftini çıxartmağındadır və bununla belə, yeri gəldi-gəlmədi, hərdən bizə minnət də qoyur.
Və bu cür növbəti minnətlərdən biri: ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, “Enerji resursların diversifikasiyasında və qlobal enerji təhlükəsizliyin təminatında Azərbaycan və Türkiyənin rolu artır”.
Onun sözlərinə görə, Qərblə Şərq arasında körpü yaradan bu iki ölkə model kimi təqdim oluna bilər: “Azərbaycan Qərbə enerji resursların alternativ marşrutlarla nəqlini təmin edib. Azərbaycan NATO və tərəfdaşları üçün alternativ enerji tədarükü görülməsində mühüm rol oynayır. Növbəti ay biz “Şahdəniz” konsorsiumunun Azərbaycan qazını Avropaya daşıyacaq əlavə kəmər marşrutu ilə bağlı qərar qəbul edəcəyini gözləyirik. ABŞ istənilən marşrutun seçilməsinə neytral yanaşır, bu, TAP və ya "Nabucco West" ola bilər. Əsas odur ki, bu layihə Avropanın qaz təchizatını şaxələndirəcək və Azərbaycan qazının Avropaya nəql edilməsi üçün geniş imkanlar yaradacaq. Türkiyə də həmçinin enerji resursları istehsal edən ölkələr üçün neft nəqlinə imkanlar yaradır və Avropanın qaz təchizatının şaxələndirilməsinə öz töhfəsini verir. Azərbaycan ilə Türkiyənin Trans-Anadolu kəməri tikmək qərarı onların enerji körpüsü qurmaq öhdəliklərinin fiziki təsdiqidir”. R. Morninqstar həmçinin əlavə edib ki, Azərbaycan və ABŞ arasında dialoq bundan sonra da davam edəcək: “Biz Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıyıq, lakin bu məsələnin enerji layihələrinin icrasına aidiyyəti yoxdur. ABŞ-ın xarici siyasətində energetikanın rolunu şişirtmək lazım deyil. Energetika çox vacib məsələdir, amma ABŞ Azərbaycanda stabilliyin təmin edilməsini vacib sayır”.
Səfir Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyəti ilə bağlı məsələyə də toxunub: “Milli Demokratiya İnstitutu ilə bağlı məsələdə mühüm irəliləyiş əldə edilib. İnanıram ki, bu məsələ tezliklə öz həllini tapacaq".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Unikal”a bildirdi ki, “Dağlıq Qarabağ problemini, əslində, Amerika yaratmışdı ki, SSRİ dağılsın. Amerika öz niyyətini gerçəkləşdirəndən sonra erməni lobbisinin sayəsində Qarabağ separatçılarına dəstək verməyə başladı. Və Amerika bu dəstəyi dəfələrlə nümayiş etdirib”.
Politoloqun sözlərinə görə, “Hazırda bölgədə çox mürəkkəb bir situasiya yaranıb və bu cür mürəkkəblikdə Azərbaycan rəhbərliyinin atdığı addımlar ən optimal variantdır. Amerika səfirinin sözügedən anlaşılmaz bəyanatı, çox güman ki, Rusiyanın son günlərdə tutduğu mövqe ilə əlaqədardır. Çünki Rusiya Ermənistana satdığı qazın qiymətini xeyli qaldırıb və bu günlərdə Rusiyanın xarici işlər naziri Lavrov bildirdi ki, Ermənistan işğal etdiyin əraziləri azad etməlidir. Görünür, Amerika səfirinin bəyanatı Rusiyaya cavab kimi nəzərdə tutulub”.
Politoloqun fikrincə, “Bəyanatda anlaşılmaz bir məqam var. Səfir hesab edir ki, Azərbaycanda stabilliyin olması çox vacibdir. Necə ola bilər ki, ermənilər Azərbaycanın ərazilərini işğal etsinlər və Azərbaycan da bu reallıqla barışsın? Azərbaycanın tam şəkildə haqqı var ki, müharibəyə başlayıb öz torpaqlarını azad etsin. Amma Amerika stabillikdən danışır. Vaxtilə Ermənistan bütün bölgədə stabilliyi pozub Azərbaycanın ərazilərini işğal edəndə Amerika niyə dillənmirdi?”
Natiq Oruclu