“Müxalifət həm vaxt baxımından, həm təşkilati baxımdan olduqca bərbad durumdadır”

“Müxalifət həm vaxt baxımından, həm təşkilati baxımdan olduqca bərbad durumdadır”

Zərdüşt Əlizadə: “Bidzina İvanişvilinin siyasətini daha realist hesab edirəm”

Son günlərdə ölkədə və o cümlədən bölgədə baş vermiş hadisələrlə bağlı suallarımızı politoloq Zərdüşt Əlizadə cavablandırır.
-Zərdüşt bəy, müşahidəçilər hesab edirlər ki, son zamanlar Gürcüstanda baş verən qalmaqallı siyasi proseslər Cənibi Qafqazdakı geopolitik duruma, xüsusən də Azərbaycanın bir sıra maraqlarına ciddi ziyan vuracaq. Artıq Bakı-Tiflis-Qars dəmiryolunun çəkilişi dayandırılıb, Gütücüstanın Türkiyə ilə bir neçə ortaq layihəsinin icrasında problemlər yaranıb. Baş nazir İvanişvilinin siyasi kursu bölgəyə hansı ziyanları vura bilər?
-Məndə olan məlumata görə, Bakı-Tiflis-Qars dəmiryol xəttinin inşası başa çatmalıdır və nəzərdə tutulan vaxtda da istifadəyə verilməlidir. Mən də buna əminəm və hesab edirəm ki, Azərbaycan-Gürcüstan münasibətlərində prinsipcə elə də ciddi bir dəyişiklik müşahidə olunmayacaq. Bu münasibətlər bölgənin maraqlarına cavab verir və bölgədə maraqları olan aparıcı dövlətlərin də diqqət mərkəzindədir. Amma bu, başqa bir məsələdir ki, Gürcüsatan birtərəfli qaydada öz siyasətini yürütmək istəyir və bu siyasətdə Rusiya ilə münasibətləri normallaşdırmaq da önəmli yer alır. Gürcüstan çalışır ki, Rusiya ilə münasibətlər mülayimləşsin və müəyyən diplomatik normalar çərçivəsində inkişaf eləsin. Bu o demək deyil ki, Gürcüstan hansısa fərqli bir siyasət yürüdür. Mənə elə gəlir ki, hazırda Gürcüstanda Saakaşvilinin dövründəki xarici siyasət kursu davam edir, lakin onun ifrat formaları rədd edilir. Saakaşvili açıq-aydın şəkildə Rusiyaya meydan oxuyurdu və Rusiya da öz imkanları daxilində Gürcüstana kifayət qədər ziyan vura bildi.
-Bir qism politoloq indi də hesab edir ki, baş nazir İvanişvilinin Gürcüstanda iqtidara gəlməsi Rusiyanın maraqlarına xidmət edirdi. Prezident Saakaşvili artıq siyasətdən getmək üzrədir. İvanişvilinin bundan sonra yürüdəcəyi siyasət Azərbaycanın maraqları ilə uzlaşacaqmı?
-Bölgənin bir sıra reallıqları baxımından Azərbaycanın maraqları ilə Gürcüstanın maraqları üst-üstə düşür. Azərbaycanın Qərbə yönələn əsas neft-qaz kəmərləri Gürcüstandan keçir. Eyni zamanda Bakı-Tiflis-Qars dəmiryolu da bu ölkədən keçir. Azərbaycan həm də Orta Asiya dövlətləri üçün tranzit ölkə olduğundan bu rolu Gürcüstanla bölüşməlidir. Göründüyü kimi, bir çox məsələlərdə Azərbaycanla Gürcüstan arasında bir ortaqlıq müşahidə olunur, bir şəriklik var. Bu baxımdan yanaşanda, nə Gürcüstan Azərbaycandan imtina edə bilər, nə də Azərbaycan Gürcüstandan. Rusiyanın hər iki ölkəyə məlum təzyiqləri də məhz bu amillə bağlıdır. Elə bu təzyiqlər və bu amillər Gürcüstanla Azərbaycanı yaxınlaşdırıb. Buna görə də mən Bidzina İvanişvilinin siyasətini daha realist hesab edirəm. O, Saakaşvilinin Qərbə, NATO-ya inteqrasiya olunmaq xəttini davam etdirəcək. Bu həm də “Gürcü arzusu” koalisiyasının bir çox önəmli üzvlərinin məqsədidir. Və əgər İvanişvili bu xətdən geri çəkilmək haqqında və yaxud yalnız Rusiyaya güvənməklə bağlı qərar çıxartsa, mən əminəm ki, “Gürcü arzusu” koalisiyası ani olaraq dağılacaq və İvanişvili hakimiyyətdən gedəcək. O da bunu çox gözəl anlayır və parlamentdə təşkil edilmiş hökumətin başçısı kimi koalisiya üzvlərinin iradəsini həyata keçirtməlidir. Buna görə də İvanişvili birmənalı şəkildə bildirib ki, Gürcüstanın Avropaya inteqrasiya edilməsi onların bir nömrəli strateji hədəfidir. Bu başqa bir məsələdir ki, Rusiya Gürcüstanı mənasız şəkildə qarşıdurmalara cəlb etməyə çalışır. Baxmayaraq ki, Rusiyanın Gürcüstana yönəlmiş siyasəti çox ədalətsizdir, imperialist məzmunludur, Gürcüstan çalışır ki, Rusiya ilə münasibətləri yumşaltsın və bundan faydalansın. Buna görə də onun yürüdəcəyi siyasət Azərbaycana heç bir ziyan vura bilməz. Çünki Azərbaycan-Gürcüstan münasibətləri artıq çoxdandır ki, strateji müstəviyə keçib.
-Son aylar ölkə mətbuatında Milli Şura ilə bağlı ən müxtəlif rəylər səslənməkdədir. Həm iqtidar mənsubları tərəfindən, həm də müxalifət düşərgəsindən. Hələlik yaradılmamış Milli Şuraya bu həmlələr nə ilə bağlıdır?
-Milli Şura Azərbaycandakı usandırıcı vəziyyəti dəyişmək istəyən bir qurumdur və müəyyən mənada sosial sifarişlə bağlıdır. Amma arzu ilə əsil gerçəklik arasındakı fərqləri unutmaq lazım deyil. Azərbaycan Xalq Cəbhəsi də Azərbaycanın suverenliyi uğrunda mübarizə aparan bir təşkilat idi. Amma bu təşkilata xeyli sayda nomenklatura casusları, tayfa-klan agentləri doluşmuşdu və onlar bu hərəkatı ümummilli maraqlara xidmət edən təşkilatdan mafioz maraqlara xidmət edən qiyamçı bir quruma çevirdilər. Nəticəsi də göz qabağındadır. İndi Milli Şura da Azərbaycanda demokratik dəyişikliklərin baş tutmasını qarşısına məqsəd qoyduğunu bildirən bir təşkilatdır. Amma bu demokratik dəyişiklik mafiozların təsiri altına düşəcəksə, yenə də cəmiyyət məğlubiyyətə düçar olacaq. Hazırda Milli Şuraya qarşı radikal hücumlar təşkil olunmaqdadır. Söhbətlər gəzir ki, Milli Şura Rusiyadan asılıdır. Biz belə bir təbliğat kampaniyasını 89-90-cı illərdə də görmüşük. Həmin adamlar deyirdilər ki, Zərdüşt Əlizadə İranın casusudur, Rusiyaya xidmət edir, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin adamıdır, bu komitənin katibi Fuad Musayevə işləyir və s. və i.a. Bu adamlar indi də başlayıblar bu qurum barədə antitəbliğat kampaniyasına. Amma əllərində heç bir sübut yoxdur. Və zaman kimin kim olduğunu göstərəcək. Yəni bilinəcək ki, əslində casus və agent kimlər imiş.
-Ölkədə keçiriləcək prezident seçkilərinə çox az vaxt qalır. Amma müşahidələr göstərir ki, müxalifət hələ də konkret seçki taktikası müəyyənləşdirə bilməyib. Çünki qiymətli ayları əldən buraxıb və hazırda seytnotda oynamağa məcburdur...
-Bu onu sübut edir ki, Prezident Aparatı çox məharətlə və çevik şəkildə işləyərək Azərbaycan müxalifətini istədiyi şəkildə parçalaya bilib. İqtidar müxalifətin içinə saldığı agentlərin vasitəsilə bu müxalifəti istədiyi şəkildə idarə edə bilir. Bunun nəticəsidir ki, müxalifətin birləşmək səyləri heç vaxt nəticə verə bilməyib.
-Nəticəsi nə olacaq?
-Nəticəsi çoxdandır ki, ortalıqdadır. 1993-cü ildən bəri ölkədə dəfələrlə seçki keçirilib və müxalifət bu seçkilərdə heç bir nəticə əldə edə bilməyib. İndi ümid edirsiniz ki, nəticə olacaq? Hazırkı müxalifət həm vaxt baxımından, həm təşkilati baxımdan olduqca bərbad durumdadır. Hakimiyyət müxalifətin maliyyə qaynaqlarını da tam şəkildə nəzarətə götürüb. Buna görə də müxalifət dirçələ bilmir və yaxın illərdə buna ümid də yoxdur. Buna görə də hakimiyyət uzun müddət qalib vəziyyətində qalacaq.
-Sizə elə gəlmir ki, müxalifət də öz vəziyyətindən məmnundur?
-Bilirsiniz, Siz, yəqin ki, səhər evdən çıxıb işə gedəndə övladınız Sizdən soruşur ki, “Ata, hara gedirsən?”, Siz də deyirsiniz ki, “İşə gedirəm”. İşə gəlirsiniz, müsahibə götürürsünüz, yazı yazırsınız, redaktəylə məşğul olursunuz və s. Xülasə, pul qazanırsınız ki, evdə bir tikə çörək pulu olsun. Mənə elə gəlir ki, müxalifət liderləri də səhər evdən çıxanda övladlarına deyirlər ki, “Gedirəm işə. Müxalifətçi işləməyə gedirəm”. Və onlar müxalifətçi işləyə-işləyə iyirmi ildir ki, çörək pulu qazanırlar. Bunun nəyi pisdir ki?
-İranda da prezident seçkiləri yaxınlaşır və artıq rəsmən elan edilib ki, səkkiz nəfər prezidentliyə namizəd seçkiyə buraxılıb. Onların əksəriyyəti veteranlar qvardiyasındandır. Bu heyətdə İranın ənənəvi siyasətində hansısa dəyişiklik edə biləcək namizəd gözə dəyirmi?
-O siyahıya bu gün mən də baxmışam. Mənim fikrimcə, o namizədlərdən üçünün şansı daha yüksəkdir. Biri keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətidir. O, ali dini rəhbərə çox yaxın adamdır və İranda İslam İnqilabı baş verəndən bəri İranın xarici və daxili siyasətində ciddi rol oynayıb. İkinci mühüm fiqur Səid Cəlilidir. O, İranın nüvə proqramı ilə bağlı MAQATE və Qərblə aparılan danışıqların əsas icraçısıdır və Ayətullah Xamneyi ona səlahiyyət verib ki, bu danışıqlarda istənilən qərarı qəbul etsin. Bu iki adamın dövlət daxilində çox möhkəm mövqeləri var.
-İranda seçkilər nə dərəcədə demokratik şəkildə keçirilir?
-Bir var həyat, bir də var təbliğatın yaratdığı surət. Qərb mətbuatı Venesuelanı qeyri-demokratik dövlət kimi təqdim edir. Amma bu ölkədə ən təmiz seçkilər keçirilir. İrandakı demokratiya bizdəkindən qat-qat üstündür. Amma Qərb müşahidəçiləri həmişə İranı pisləyiblər. Çünki bu, Qərbin maraqlarına uyğundur. Əlbəttə ki, İrandakı demokratiya Amerikadakından fərqlidir. Biz bunu da bilirik ki, Amerikadakı seçki sisteminin müəyyən qüsurları və hətta əyrilikləri də var. İrandakı seçki sisteminin bir özəlliyi var. Orada İslami həqiqətlərdən kənara çıxanlara seçilmək hüququ verilmir. Amma seçkilər demokratik keçirilir.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli