Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib.

"Unikal"  xəbər verir ki, baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib.

O bildirib ki, Heydər Əliyev fenomenal şəxsiyyət olub:

“Onun Azərbaycan üçün gördüyü işlər barədə yetəri qədər məlumatımız var. Mən ümummilli lider Heydər Əliyevin tikilib başa çatdırılmasında böyük rolu olduğu Baykal-Amur Magistralı (BAM) barədə danışmaq istərdim. Bu magistralın çox strateji əhəmiyyəti var. O, şərqi qərblə birləşdirən bir yoldur. Azərbaycan Prezidenti İlham Əliyev ötən ay Rusiya Prezidenti Vladimir Putinlə görüşən zaman Heydər Əliyevin fəaliyyəti xüsusi vurğulanmışdı”.

Daha sonra baş prokuror Heydər Əliyevin uzaqgörən siyasətindən danışıb:

“Dahi şəxsiyyət sanki Azərbaycanın bu gününü görürdü. Mən onun mediadakı çıxışlarını daim diqqətlə izləyirdim. O, məcburi köçkünlərə deyirdi ki, narahat olmayın, siz öz doğma yurdunuza dönəcəksiniz. Bu deyilən sözlər bu gün üçün hesablanmışdı. Zaman da göstərdi ki, bu hədəflər uzaqda deyil. Biz xoşbəxtik ki, bu uğurların şahidi olduq”.