Təhsilimizdə radikal kadr islahatı qaçılmazdır
Təhsilimizdə radikal kadr islahatı qaçılmazdır

Nadir İsrafilov: "Təhsil sistemində çayır kimi kök salıb rişələnmiş bəzi şəxslər kreslolarından asanlıqla qopmayacaqlar"

Son günlər Təhsil Nazirliyində aparılan struktur və kadr dəyişiklikləri ilə bağlı yayılan xəbərlər ölkə ictimaiyyəti tərəfindən maraqla izlənilir. Əlbəttə, bu təbiidir. Çünki təhsil sistemimizin indiki hala düşməsində bu amillər "həlledici" rol oynayıb. Uzun illərdən bəri bəzi vəzifələri "qəsb etmiş" şəxslərin qanunla üzərinə düşən işləri bir kənara qoyub "yan işlərlə" məşğul olmaları nəticəsində təhsil sistemimiz, sözün əsl mənasında, üzqarasına çevrilib.

Qurumdakı son dəyişikliklərlə bağlı eks-nazir Misir Mərdanovun "öz komandamda olanlarla birgə işləməkdən məmnun olmuşam" fikri isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Mərdanovun bu sözlərinə və yeni nazirin həyata keçirdiyi struktur və kadr dəyişikliklərinə tanınmış təhsil eksperti Nadir İsrafilovun münasibətini öyrəndik. O dedi:
"Sabiq nazirin fikrində hər hansı ziddiyyət, yaxud təəccüblü bir şey görmürəm. O, sevimli kadrlarından əlbəttə məmnun idi. Çünki onları çıraqla bir-bir özü seçib ora yığmışdı. Bəzən adam Mərdanovun "kadr" seçmə istedadına heyrət də edirdi. Onların arasında kim yox idi: qaranlıq işlərinə görə əvvəlki rəhbərlik tərəfindən işdən qovulanlar; əyri əməllərinə görə həbs olunanlar; işini bilməyənlər və s...
Mən aydın danışmağı xoşlayan adamam, eləcə də kiməsə yarınmaq, xarakterimə uyğun deyil. Ona görə də hər şeyi açıq deyəcəm. İndiyə qədər vəzifələrindən kənarlaşdırılan şəxslərin haqqında yeni nazirin qəbul etdiyi bütün qərarları doğru hesab edirəm. Sistemdə çayır kimi kök salıb rişələnmiş bəzi şəxslərin kreslolarından asanlıqla qopmayacaqlarını, ən müxtəlif üsullarla müqavimət göstərəcəklərini də yaxşı bilirəm. Axı onların bir çoxunun kökü fərqli yerlərə bağlıdır. Amma nə etmək olar, gənc nazir kadr təmizliyini mütləq başa çatdırmalıdır. Çünki bizim daha itirməyə vaxtımız yoxdur. Bir şey də deyim. Vaxtınız olsa, Təhsil Nazirliyinin saytında qurumun strukturuna diqqətlə baxın. Mərdanovun yaratdığı hörümçək toruna bənzər bu strukturun təhsilin inkişafına yox, başqa şeylərə xidmət etdiyini o dəqiqə anlayacaqsınız. Ona görə də hesab edirəm ki, strukturun müasir tələblərə cavab verən formaya salınması və sistemə müasir təhsildən başı çıxan kadrların gətirilməsi ən doğru yoldur. Amma bir daha təkrar edirəm: bu proses çox sürətlə getməlidir. Yoxsa, Mərdanovun "məmnun qaldığı kadrlar" təhsilin ab-havasını heç nəyə fikir vermədən zəhərləməkdə davam edəcəklər.
İndiki durumda mərhum prezident Heydər Əliyevin vaxtilə respublika prokurorluğu haqqında dediyi sözləri xatırlamamaq olmur. Onu bir az fərqli şəkildə belə ifadə etmək olar: "Nazirliyin qapı-pəncərələri geniş açılmalı, ab-hava tamamilə dəyişdirilməlidir"...