Baş nazir müavini ilə nazirin pul davası
Baş nazir müavini ilə nazirin pul davası

Yaqub Eyyubov bəzi yüksək çinli məmurlarla intriqa içərisindədir

Baş nazirin birinci müavini Yaqub Eyyubovdan ciddi narazılıq var. Buna səbəb vitse-premyerin bəzi iri məmurlarla açıq konflikt aparmasıdır.

Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, Yaqub Eyyubovun hazırda tutduğu vəzifə ona bir çox üstünlüklər verir: «Söhbət xüsusilə baş nazirin birinci müavininin ayrı-ayrı nazirliklərə və dövlət qurumlarına ayrılacaq büdcə vəsaitləri üzərində təsir imkanlarının geniş olmasından gedir. Məsələn, hansısa nazirin müxtəlif ehtiyaclar üçün büdcə vəsaiti əldə etməsi lazımdır, amma bundan ötrü ilk növbədə Yaqub Eyyubovun razılığı tələb olunur. Vitse-premyer isə bu razılıq üçün bəzi özünəməxsus kriteriyaların həyata keçirilməsini mühüm sayır. Bunlardan biri həmin nazirin və ya digər yüksək çinli məmurun baş nazirin birinci müavininin şərtlərini yerinə yetirməsidir. Söhbət ayrılacaq vəsaitin bir hissəsinin əvvəlcədən Eyyubovun ixtiyarına verilməsindən gedir”.
Məlumatı verən mənbə digər önəmli xüsusların da üzərində dayanıb. Məsələn, hansısa nazirliyə və
qeyri mühüm dövlət qurumuna büdcədən hər hansı ehtiyaclar naminə vəsait ayrılarkən həmin qurumun rəhbərinin iqtidar içində Yaqub Eyyubova mənfi münasibəti ilə seçilməyən qrupda yer alması vacib şərtdir: «Ümumiyyətlə isə baş nazir müavininin haqqında danışdığımız xüsusiyyətləri zaman-zaman müəyyən konfliktlərin baş verməsinə gətirib çıxarır. Bunun nəticəsidir ki, nazirliklərdən bəzi zəruri ehtiyaclar naminə dövlət vəsaitinin ayrılması üçün müraciət etsə də, son anda məsələyə baş nazirin birinci müavini Yaqub Eyyubov müdaxilə edib və həmin nazirliyin tələbi geri çevrilib. Buna səbəbsə adı bizə məlum olsa da, açıqlamaq istəmədiyimiz o nazirlik rəhbərinin baş nazir müavini ilə ayrılacaq vəsaitlə bağlı ənənəvi sövdələşməyə razılıq verməməsidir”.
Məlumatı verən mənbə bildirib ki, Yaqub Eyyubova yaxın şəxslər baş nazirin birinci müavininin himayəsinə sığınaraq bir çox müəmmalı işlərə imza atıblar: «Ən əsası isə odur ki, vitse-premyerin ətrafındakı şəxslərdə nədənsə belə bir əminlik hökm sürür ki, vitse-premyer qarşıdakı prezident seçkilərindən sonra böyük ehtimalla baş nazir postuna sahiblənəcək. Bu da onun himayəsindəki biznes adamlarına özlərini daha rahat hiss edərək qarşılarındakı iş adamlarını asanlıqla sıradan çıxarmaq və bazarda güclənmək imkanı verir”.
Məlumatlarda həmçinin bildirilir ki, Yaqub Eyyubova iqtidar daxilində kifayət qədər ciddi şəkildə mənfi münasibət hakimdir: «Vitse-premyeri bir çox köklü iri məmurlar qəbul etmirlər, imtiyazca, təsir imkanları etibarı ilə daha zəif məmurlar isə baş nazirin birinci müavininin onlarla hökmran kimi rəftarından narazıdırlar. Hər iki halda Yaqub Eyyubova qarşı hökumət kulislərində əsasən mənfi münasibətin hökm sürməsi onun hazırki baş nazir Artur Rəsizadənin varisi olacağına dair inamları kəskin şəkildə azaldır”.
Bu arada Yaqub Eyyubovun özünə yaxınlığı ilə seçilən məmurlarla bağlı ciddi şübhələr yaşadığı və onlara etibar etmədiyi yönündə də bilgilər var. Həmin məlumatlarda iddia olunur ki, vitse-premyer «Azərenerji” prezidenti Etibar Pirverdiyevin ona arxa çevirməsindən sonra özünə yaxın olan məmurlara etimadını itirib: «Məsələ burasındadır ki, Sumqayıt Texnologiyalar Zavodu yaradılarkən orada Yaqub Eyyubovun da payı olub. Bu zavod "Azərenerji" prezidenti Etibar Pirverdiyevə məxsus "Azinko" şirkəti tərəfindən açılıb. Həmin vaxt Pirverdiyev Baş nazirin birinci müavini tərəfindən himayə edildiyindən zavoda pay sahiblərindən biri də elə Yaqub Eyyubov olub. Amma sonradan Etibar Pirverdiyevin hakimiyyət içində himayədarı dəyişib. Pirverdiyevlə baş nazirin birinci müavininin münasibətləri zədələndi, bundan sonra "Azərenerji" və onun rəhbəri prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun nəzarətinə
keçdi. Bu nüans Yaqub Eyyubovu o qədər qəzəbləndirib ki, o hələ də «Azərenerji” prezidentini bağışlamır, eyni zamanda öz himayəsindəki bəzi məmurların da Pirverdiyevin yolu ilə gedərək, ona xəyanət edəcəyindən çəkinir”.
Mənbənin sözlərinə görə, bütün bunlar baş nazirin birinci müavininin hökumət rəhbəri postuna gətirilmə ehtimallarının üstündən xətt çəkir: «Hər bir halda açıq görünür ki, Eyyubov haqqında yaranan mənfi ictimai rəy, hökumət daxilində çeşidli dairələrlə arasındakı ixtilaflar, adının bir çox qalmaqallarda keçməsi onun Artur Rəsizadəni əvəzləmək ehtimalını sfıra endirir. Bu isə faktiki olaraq «mayanın batması” deməkdir, çünki Eyyubovun uzun müddətdən bəridir yeganə hədəfi baş nazir postuna əyləşməkdir”.
Qeyd edək ki, yuxarıda səslənən fikirlərlə bağlı yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə və çap etməyə hazırıq.
Günel Əkbər