Təhsildə ilk islahat
Təhsildə ilk islahat

Təhsil naziri Prezidentə müraciət etdi və dəstək aldı...

Uzun illər təhsil sahəsində yaranmış hərc-mərclik bu sistemi demək olar ki, çökdürmüşdü. Aparılan monitorinqlərdə təsdiqləyirdi ki, Azərbaycanda ən korrupsiyalaşmış sahə məhz təhsil sahəsidir. Bunun nəticəsi idi ki, hər il qəbul balları aşağı salınır və buna baxmayaraq yenə də ali məktəblərə lazımi qədər tələbə toplamaq mümkün olmurdu.

Bunun isə başlıca səbəblərindən biri də orta məktəblərdə rüşvət faktının olması idi. Orta məktəblərdə rüşvətin ən çox tüğyan etdiyi sahə isə atestatların verilməsi zamanı baş verirdi. Lazımi xalı toplaya bilməyən şagirdlərə sənəd verilmir və nəticədə onlar qəbul prosesində iştirak edə bilmirdilər. Bildirilirdi ki, həmin vaxt sənəd almaq istəyən şagirddən minimum 500-1500 manat pul tələb edilirdi. Amma yeni nazir fəaliyyətə başladığı ilk gündən əsas diqqəti məhz bu sahəyə yönəltdi. Belə ki, Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.Bu müraciət əsasında ölkə Prezidenti tərəfindən orta məktəbləri bitirən şagirdlərin hamısına attestatların verilməsi ilə bağlı Nazirliyin təklifinin araşdırılması prosesinin sürətləndirilməsi üçün tapşırıq verilib. Tapşırıq əsasında müvafiq dövlət orqanları qısa müddət ərzində məsələnin araşdırılması prosesini yekunlaşdıraraq öz təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edib.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli Qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib.Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.Bu qərar nəticəsində məzunların böyük əksəriyyəti üçün ölkənin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanları yaranacaq.Qeyd edilməlidir ki, 2010, 2011 və 2012-ci illərdə attestat almayan şagirdlərin sayı müvafiq olaraq məzunların ümümi sayının 22, 24 və 10.5%-i qədər olub.
Burada diqqəti cəlb edən bir məsələ isə nazirə prezidentin dəstək verməsi oldu. Müşahidəçilər bildirir ki, Təhsil Nazirliyinin rüşvət içində boğulmasının başlıca səbəblərindən biri də budur ki, bəzi nazirlər və ya yüksək çinli məmurlar nazirliyin müəyyən sahələrini monopoliyaya götürmüşdülər. Məsələn tikinti işləri bir neçə şəxsin, internat məktəblərin ərzaqla təmin olunması başqa bir qrupun əlində idi. Bu isə korrupsiya və rüşvətin inkişafına təsir edirdi. Amma bu gün prezidentin açıq şəkildə naziri dəstəkləməsi sübut edir ki, təhsil sektorundakı monopolistlər də sıradan çıxarılacaq. Yəni Mikayıl Cabbarov təkbaşına bu prosesin öhdəsindən gələ bilməyəcəkdi. İndi isə açıq dəstək var və yəqin ki, nazir qısa müddətdə bu problemləri aradan qaldıracaq. Sonda bunu da qeyd edək ki, yeni nazir, nazirliyin strukturunda da dəyişikliklər həyata keçirtməyə başlayıb və bir neçə şöbə ümumiyyətlə ləğv edilib.
Fuad